30 iyun 2020 10:56
442

Pandemiya: Bank sektorunda vəziyyət necədir?

Koronavirus pandemiyasının mənfi təsirləri nəticəsində 2020-ci ilin yanvar-may aylarında ölkədə daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz  azalsa da, illik müqayisədə banklar vasitəsilə iqtisadiyyata kredit qoyuluşunda 11,7 faizlik artım olub. Bununla belə, ümumi kredit qoyuluşu may ayında aprel ayına  nisbətən 2,6 faiz, ilin əvvəli ilə müqayisədə isə 3,6 faiz azalıb. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2020-ci ilin yanvar-may aylarında Azərbaycanda bankların həm biznes kreditləri və istehlak kreditləri portfeli azalıb, ipoteka kreditləşməsində isə artım davam edib.

Hesabat dövründə bankların biznes krediti portfeli 2,5 faiz azalaraq 8 milyard 803,5 milyon manata bərabər olub.Təkcə may ayında bankların biznes kreditləri üzrə portfeli 282,7 milyon manat azalıb. Eyni zamanda, may ayında bankların istehlak kreditləri portfeli 81,2 milyon manat kiçilib. 5 ay ərzində istehlak kreditlərini 8,4 faiz azaldaraq 3 milyard 732,4 milyon manata enib.

2020-ci ilin yanvar-may aylarında bankların ipoteka portfeli 1,7 faiz artaraq 1 milyard 825,1 milyon manata yüksəlib. Lakin may ayı digər kreditlər növləri kimi, ipoteka kreditləri üçün də əlverişsiz  olub. Belə ki, həmin ay ipoteka kreditləri portfeli 17,3 milyon manat azalıb.

İyun ayının 1-i tarixinə  bankların ümumi kredit portfelinin 61,3 faizini biznes kreditləri təşkil  edib. Nəticədə vaxtilə ümumi kredit portfelinin yarısını tutan istehlak kreditlərinin həcmi ümumi nisbətdə 26 faiz paya malikdir. Kredit portfelinin yerdə qalan 12,7 faizi isə ipoteka kreditləri olub.

Depozitlərə gəlincə, iyunun 1-nə Azərbaycan banklarına depozit qoyuluşu 23 milyard 357,3 milyon manat təşkil edib ki, bu da mayın 1-i ilə müqayisədə 0,1 faiz, ilin əvvəlinə nisbətən isə 5,6 faiz azdır. Lakin bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz çoxdur.

Banklara əmanət qoyuluşu isə 7 milyard 661,3 milyon manat təşkil edib ki, bu, mayın 1-i ilə müqayisədə 1,2 faiz, ilin əvvəlinə nisbətən 11,3 faiz, son 1 ildə isə 11,2 faiz azdır.

Maraqlıdır ki, koronavirus infeksiyasının təsirlərinə baxmayaraq vaxtı keçmiş kreditlərin məbləğində artım olmayıb. Əksinə, iyunun 1-nə 

1 milyard 84,8 milyon manat təşkil edib ki, bu da mayın 1-i ilə müqayisədə 12 faiz, ilin əvvəlinə nisbətən 14,8 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 27,4 faiz azdır. Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3 faiz təşkil edib. Bu nisbət aprelin sonunda 8,1 faiz, bu ilin əvvəlində 8,3 faiz, ötən ilin may ayının sonunda isə 11,3 faiz olub.

AMB kredit portfelinin göstəricilərində müşahidə olunan azalmanın lisenziyası geri çağırılmış banklarla əlaqədar olduğunu bildirib. Qeyd edək ki, aprel və may aylarında 4 bankın lisenziyası ləğv edilib. Bu bankların sektordakı payı elə də böyük olmayıb. O da qeyd edilməlidir ki, azalma təkcə kredit portfelini deyil, həmçinin depozit, o cümlədən əmanət portfelini də əhatə edib.

Ceyhun Piriyev,

“İki sahil”