30 iyul 2020 17:51
280

Pandemiya dövründə daxili onlayn ticarət artıb

Koronavirus pandemiyası ilə bağlı dünyada və Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırıldı. Bu səbəbdən də xüsusilə Avropada insanlar onlayn ticarətə üstünlük verib, sifarişlərini elektron qaydada verməyə başladılar. Hətta ərzaq mağazaları belə elektron sifariş əsasında işləyib mənzillərə sifariş çatdırırlar.

Koronavirus pandemiyası dünyada rəqəmsallaşmanı xeyli stimullaşdırdı. Yəni, bu dövrdə rəqəmsal mühit xeyli canlandı. Açıqlanan statistik rəqəmlərə əsasən, pandemiya dönəmində Azərbaycanda da onlayn ticarətdən istifadə edənlərin sayı artıb.

Vətəndaşlarımızın xaricdən onlayn məhsul sifariş verməsi də son dövrlərdə xeyli canlanıb. İndiyə qədər Azərbaycanda insanlar xarici ölkələrdən, daha çox da Türkiyədən məhsul sifariş edirdi. Türkiyədən alış həcmi artıq milyon dollarla ölçülürdü və bununla bağlı Azərbaycanda 50-yə qədər karqo şirkəti var idi. Ancaq daxili elektron ticarət, ölkə daxilində olan mağazaların elektronlaşması və vətəndaşların onlayn alış etməsi yetərincə inkişaf etməmişdi. Lakin pandemiya dövründə daxili onlayn ticarət bir qədər inkişaf etdi. Artıq ölkə daxilində onlayn alış-veriş və çatdırılma ilə bağlı bir neçə yeni şirkət yaranıb. Bu istiqamətdə bir dinamika var və sözügedən sahədə inkişaf davam edir.

Elektron ticarət ölkəmizdə son illər inkişaf etməyə başlayıb. Həm müxtəlif məhsulların satışını edən mağazalar, həm də fərdi şəxslər “Instagram”, “Facebook” və öz saytları üzərindən satış həyata keçirirdilər. Təbii ki, karantin dövrü bu inkişaf tempini müəyyən mənada sürətləndirmiş oldu. Ümumi mənzərəni analiz etdikdə, bu dövrdə dəyişmiş olan istehlakçı davranışlarına nəzər saldıqda, onlayn ticarətdən istifadənin artdığını görə bilərik.

Hazırda ölkəmizdə elektron ticarətin inkişafına mane olan bəzi amillər var. Bunlara ödəniş sistemləri, plastik kart istifadəçilərinin sayı, insanların onlayn ticarətə güvəni kimi nümunələri misal göstərmək olar. Bu amillərdən bəzilərini aradan qaldırmaq şirkətlərin üzərinə düşsə də, onların müdaxilə edə bilmədiyi və əllərində olmayan məqamlar da var. Təbii ki, Azərbaycanda elektron ticarətin vəziyyətini birdən-birə inkişaf etmiş ölkələrin səviyyəsində olmasını gözləyə bilmərik.

Sonda onu da əlavə edək ki, pandemiyadan əvvəl internetdən alış-veriş edənlər 66 faiz idisə, pandemiya dönəmində bu göstərici 85 faizə qalxıb. Alınan məhsullara gəlincə isə, gündəlik ərzaq tələbatları ön sırada olmaqla, müxtəlif aksessuarlar, texniki avadanlıqlar üstünlük təşkil edir. Görünən odur ki, qısa müddətdə elektron ticarətin xidmətindən istifadə edənlərin sayında 19 faiz artım müşahidə edilib və bu rəqəmin daha da artacağı gözlənir.

Cavid Əkbərov, “İki sahil”