31 iyul 2020 13:43
173

Pandemiya dövründə heç bir sosial layihə ixtisara salınmadı

“Vaxtında həyata keçirilmiş tədbirlər, yeni xəstəxanaların tikilməsi və əsaslı bərpa olunması, onların müasir tibbi avadanlıqlarla təmin edilməsi koronavirusla uğurlu mübarizə aparmaq üçün lazımi şəraiti təmin edib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Prezident Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı çıxışında Azərbaycanda koronavirusla mübarizıə sahəsində görülən işlər, yeni xəstəxanaların yaradılması, xəstələrin müalicəsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlərdən bəhs edib: “Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər, ilk gündən həyata keçirilən tədbirlər ölkəmizdə koronavirus xəstəliyinin nəzarət altında saxlanmasına şərait yaratdı. Bununla bərabər Azərbaycan hökuməti Prezidentin tapşırığı ilə pandemiya dövründə heç bir sosial layihəni ixtisara salmadı. Əksinə, sosial tədbirləri daha da gücləndirmək istiqamətində addımlar atdı. Ölkəmizdə koronavirusla mübarizə sahəsində görülən və bu gün də davam edən işlərdən biri bu sahədə maarifləndirmədir. Pandemiyadan az itkilərlə çıxmaq üçün vacib olan üç şərtin - məsafə saxlamaq, şəxsi gigiyenaya riayət etmək və məsuliyyətli olmağın təbliğinə xüsusi diqqət yetirilir”.

Komitə sədrinin müavini nəzərə çatdırıb ki, Azərbaycan adambaşına keçirilmiş testlərin sayına görə ölkəmiz dünyada qabaqcıl yerlərdədir: “Bu gün ölkəmizdə 700 min test keçirilib. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Onların sayının 45-ə çatdırılması planlaşdırılıb. COVID-19 xəstələrinə xidmət göstərən həkimlərin maaşları 3-5 dəfə artırılıb. Qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanıb. Azərbaycan dövləti insanların tezliklə sağalması və ağır vəziyyətdən az itkilərlə çıxmaq üçün bütün imkanlarını səfərbər edib və lazım olan bütün işlər görülür”.

M. İbrahimqızının vurğulayıb ki, koronavirus xəstəliyi yaş tanımır: “Hər kəs - yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Təkcə xroniki xəstəlikləri olan insanlar deyil, sağlam insanlar da risk zonasındadır. Peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı, bu virusla yaşamalı olacağıq. Bu gün iqtisadiyyatımızın tənəzzülə uğramasına baxmayaraq heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır. Dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir”.

Deputat həmçinin, Prezident İlham Əliyevin Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında Ermənistanın işğalçılıq siyasəti və Tovuz rayonu istiqamətində təxribatlarının nəticələri ilə bağlı fikirlərinə də toxunub: “Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün Ermənistanın bütün regional layihələrdən təcrid edilir və acınacaqlı duruma düşüb. Buna səbəb Paşinyan hakimiyyətinin ciddi səhvlərə yol verməsidir. Çünki Ermənistan hakimiyyəti Soros Fondunun nəzarətindədir. Ermənistan tərəfi anlamalıdır ki, irəli sürdüyü şərtlər qəbuledilməzdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Tovuz rayonu istiqamətində baş verən hadisələr Ermənistanın faşist mahiyyətini və qorxaq xislətini bir daha göstərdi. Bizim mənfur qonşumuz müharibəni hər zaman etdiyi kimi, dinc əhaliyə qarşı aparır. Ermənilər döyüş meydanında acizliyini görərək ən çirkin əməllərə əl atırlar. 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilib. Ermənistanın əsas məqsədi dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəməkdir. Bunu hər kəs başa düşür. Təsadüfi deyil ki, KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi. Ermənistan birdəfəlik başa düşməlidir ki, Azərbaycan quldur, kriminal rejimlə heç bir danışıqlar aparmaq niyyətində deyil”.

M. İbrahimqızı bildirib ki, Ermənistanda indiki hakimiyyət erməni xalqının nifrət etdiyi əvvəlki hakimiyyətdən fərqlənmir: “İndi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Ermənistanın müttəfiq saydıqları bütün ölkələr ya Azərbaycanı dəstəklədilər, ya da neytral qaldılar. Bütün bunlar Azərbaycanın beynəlxalq dəstəyinin güclü olmasından irəli gəlir. Erməni xalqı nəhayət başa düşməlidir ki, onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır”.