14 avqust 2020 18:04
3059

Pandemiya dövründə mədəniyyət

COVID-19 virusu ilə bağlı dünyada yaranmış vəziyyət bir çox sahələr kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşməyib. BMT tərəfindən  koronavirusun pandemiya elan olunmasından sonra  bütün beynəlxalq mədəniyyət layihələrinin, konsertlərin, tədbirlərin təxirə salındığı haqda qərarlar qəbul edildi. Gözəgörünməz düşmən adlandırılan “taclı virus” dövlət qurumlarının qarşısına bir sıra tələblər, şərtlər qoydu ki, onlardan ən əsaslarından biri tədbirlərin, görüşlərin virtual şəkildə keçirilməsi ilə bağlı idi.

 Azərbaycandan fərqli olaraq,  demək olar ki, bir çox dövlətlər virtual tədbirlərin keçirilməsinə, layihələrin gerçəkləşdirilməsinə hazır deyildilər. Virtual məkanda fəaliyyətə hazır olmadıqları üçün də dünyanın bir çox ölkələrində pandemiya mədəniyyət tədbirlərini iflic vəziyyətinə saldı,  ölkəmiz isə bu vəziyyətə hazır olduğu üçün şəraitə uyğun layihələr hazırlamağa nail oldu.

Ölkəmizin sosial - mədəni həyatındakı inkişafı pandemiya dövrünün diktə etdiyi yeni fəaliyyətin forma və metodları ilə diqqəti  cəlb etdi. Azərbaycan dövlətinin vaxtında reallaşdırdığı elektron hökumət layihəsi, “ASAN xidmət” təsisatı, eləcə də internet xidmətləri  pandemiya  dövründə insanların köməyinə gəldi. Belə xidmətlərə  pandemiyadan əvvəl başlandığı  üçün çətin sınaq günlərində insanların həyatına müsbət mənada təsir göstərdi. İnsanlar evdə qala-qala virtual olaraq mədəniyyət hadisələrinin içində oldular. Bu istiqamətdə mədəniyyət sahəsində  çalışan mütəxəssislər, KİV çox güclü maarifləndirici işlər apardılar. Həm dövlət, həm də özəl qurumlar ölkə muzeylərinə virtual səyahət layihəsindən tutmuş tamaşalara, kitabxanalara qədər müxtəlif virtual mədəni aksiyalar həyata keçiriblər.

Pandemiya dövründə müxtəlif virtual mədəniyyət tədbirlərinin keçirilməsi, o cümlədən də Mədəniyyət Nazirliyi tərəfindən 20-dən artıq layihənin gerçəkləşdirilməsi Azərbaycan mədəniyyətinin virtual qatının yaradılmasına xidmət etmişdir.  Eləcə də Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən, 2020-ci ilin "Könüllülər ili” elan olunması ilə əlaqədar könüllü gənclər mədəniyyət sahələrinə cəlb edilməsinin  müsbət  rolunu xüsusi qeyd etmək olar.  

Mədəniyyət işçilərinin kreativ qrupu ilə birgə fəaliyyət göstərən  könüllülər xüsusi karantin şəraitində dövlətimizin həyata keçirdiyi müxtəlif sosial – mədəni proqramların və  layihələrin reallaşmasında iştirak etdilər. İlk  növbədə,  pandemiya  dövründə  “Evdə qal, evdə yarat” təşəbbüsü, “Bizi birləşdirən mədəniyyət”, “Yaradıcılığı evdə öyrən”, "Musiqili xatirələr” adlı karaoke yarışmaları, "Azərbaycan üçün birlikdə oxu”  baxımlı videoçarxın təqdimatı və digər layihələr cəmiyyətimiz  üçün  faydalı olmuşdur.

Diqqət çəkən  layihələrdən biri  də  Azərbaycan, Türkiyə, Amerika, Fransa və İranda yaşayan həmvətənlərimizin onlayn şəkildə "Sarı gəlin” xalq mahnısını birgə  ifasıdır . Bu qiymətli layihə ona görə böyük əhəmiyyətə malikdir ki, dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıları malik olduqları eyni mədəni dəyər birləşdirir. Bu dəyər azərbaycançılıqdır, vahid mədəniyyətdir, soya, kökə bağlılıqdır.

Azərbaycana aid maddi və qeyri-maddi mədəni irs nümunələrinin daxil edildiyi UNESCO ilə bu ağır dövrdə ölkəmizin əməkdaşlığı, pandemiya dövründə yaranan layihələri təqdim etməsi təqdirəlayiqdir

Regional mədəniyyət idarələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəsissələrində çalışan əməkdaşlar üçün ixtisasartırma təlimlərinin elektron formatda təqdimatı və Mədəniyyət Nazirliyinin  rəsmi “facebook” səhifəsindən yayımlanması  zamanın tələbləri ilə daha çox uzlaşır. İxtisasartırma təlimlərinin daha səmərəli və əhatəli olması, mədəniyyət müəssisələrində çalışan əməkdaşların təlimlərlə tam əhatə olunması məqsədilə canlı olaraq “Zoom” konfrans tətbiqi vasitəsilə aktual mövzularda keçirilən təlimlərdə yüzlərlə əməkdaş iştirak edir.

N.Muğanlı, “İki sahil”