11 avqust 2020 18:42
1614

Pandemiya dövründə sığorta bazarı

İcbari növlər əsas hərəkətverici qüvvə olaraq qalır

 

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) yaydığı məlumata görə, ölkədə sığorta bazarının inkişaf potensialı yüksək olsa da, hazırda bu potensialdan yetərincə istifadə edilmir. Qurumun açıqlamasına görə, 10 il öncəki göstəricilərlə cari dövrün müqayisəsində irəliləyiş olsa da, son müddətdə baş verən hadisələr ümumi iqtisadiyyata təsir göstərdiyi kimi, maliyyə bazarının əsas tərkib hissəsi olan sığorta sektorundan da yan keçməyib. Bununla da yerli sığorta bazarında ayrı-ayrı sığorta növlərində epidemiyanın təsiri birbaşa hiss edilib, bəzilərində isə mülayim dinamika müşahidə olunub.

Pandemiya ən ağır zərbəni turizm sektoruna vurduğuna görə, səfər sığortası üzrə azalma tendensiyası davam edir. Nəticədə 2019-cu ilin birinci yarısında 2018-ci ilin eyni dövrü ilə müqayisədə bu məhsul üzrə 18 faizlik artım müşahidə edildiyi halda, 2020-ci ilin eyni dövründə yığımlar  2,5 dəfə azalıb. Aydın məsələdir ki, uzun müddət sərhədlərin bağlı olması və ölkələrarası gediş- gəlişə qadağa qoyulması bu sığorta məhsuluna da ehtiyacı azaldıb.

Eyni zamanda, dünyanın bir çox ölkələrində böyük paya malik olan kasko sığortası ilə bağlı yerli sığorta bazarında vəziyyət bir qədər fərqlidir. ASA-nın məlumatına görə,  2020-ci ilin ilk 6 ayının yekunda bu sığorta növünün ümumi bazarda payı 5 faiz olub. Bununla belə bu dövrdə kasko sığorta üzrə yığımlar 29 faiz, ödəmələr isə 6,1 faiz artıb.

İcbari növlərə gəlincə, onlardan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə ödənişlərdə azalmanın davam etdiyi bildirilib. Belə ki, cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə AVSMMİS üzrə yığımlarda 15 faiz, ödənişlərdə isə 15,64 faiz azalma baş verib. ASA azalmanı bəzi sürücülərin sığorta haqlarında 40 faizə qədər endirimlərin olması və pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərlə izah edib. Hərçənd ki, ölkəyə avtomobil idxalında hər il artım qeyd alınır və bu tendensiya pandemiya dövründə də davam edir. Digər tərəfdən, bonus-malus sistemindən irəli gələrək sığorta haqlarında endirim olduğu kimi, artım da nəzərdə tutulur. Eyni zamanda, rəsmi statistikaya görə,  pandemiya dövründə məhdudlaşdırıcı tədbirlərə baxmayaraq cari ilin birinci yarısında əhalinin yanacaq xərclərində ciddi azalma olmayıb, yəni, əhali avtomobillərdən fəal şəkildə istifadə etməkdədir.   Lakin icbari sığorta növləri üzrə edilən ödənişlərin əksər hissəsini bu sığorta təşkil etdiyindən AVİSMMİS şirkətlər üçün zərərli məhsul hesab edilir.

Daşınmaz əmlakın sığortası üzrə isə artımın mülayim tempdə də olsa davam etdiyi bildirilir. Söhbət ondan gedir ki, ötən ilin sonlarında yaradılmış ajiotaj  bu növ icbari sığortada yığımlarda yüksək fəallığa səbəb olub. Lakin cərimə mexanizminin hazır olmaması və elektron nəzarətin tam tətbiq edilməməsi ajiotajın tezliklə səngiməsinə səbəb olub. Bununla belə,  2020-ci ilin ilk  yarısında ötən ilin analoji dövrü ilə müqayisədə 40 faizlik artım qeydə alınıb.

Ümumiyyətlə, ASA-da hesab edirlər ki, sığorta bazarının əsas hərəkətverici qüvvəsi icbari növləri olsa da, könüllü sığorta məhsulları bazarın inkişafı baxımından əhəmiyyətli rola malikdir. Bu mənada sığorta şirkətlərinin pandemiya dövründə könüllü sığorta məhsullarının satışına və tanıdılmasına daha çox diqqət yetirməyə başladıqları bildirilir. 2020-ci ilin birinci yarısında bu sinifə daxil olan məhsullar üzrə yığımlarda ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz, ödənişlərdə isə 85 faiz artım qeydə alınıb. İcbari sığorta növləri üzrə isə yığımlarda 6,6 faizlik, ödənişlərdə 13,45 faizlik azalma olub.

Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 401 milyon manat məbləğində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği  184,8 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,2 faiz çoxdur. Ümumi sığorta haqqının 68,2 faizini könüllü, 31,8 faizini isə icbari sığorta məhsulları təşkil edib. Həmçinin sığorta ödənişlərinin 83,2 faizi könüllü sığorta, 16,8 faizi isə icbari sığorta növləri üzrə həyata keçirilib. Eyni zamanda, könüllü sığorta növləri üzrə ödənişlər yığımın 56,2 faizini təşkil etdiyi halda, icbari növlər üzrə ödənişlər yığımın 24,3 faizi həcmində olub.        

"Fitch" beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycanın qeyri-həyat sığortası bazarının gələcək artım potensialı hökumətin tənzimlədiyi tariflərdən asılıdır. Qurum ötən ay bəyan edib ki, 2019-cu ildə qeyri-həyat sığortası bazarında qeydə alınmış 7 faizlik artımın 5,1 faizi rəsmi tariflərlə işləyən icbari sığortanın, o cümlədən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortasının hesabına olub. 

Qeyd edək ki, cari ilin birinci yarısında ümumi sığorta haqlarının 60 faizini qeyri-həyat sığortası təşkil edib. Bu dövrdə qeyri-həyat sığortası üzrə yığımların 41 faizini icbari növlər üzrə sığorta məhsulları təşkil edib.

Ceyhun Piriyev, “İki sahil”