29 oktyabr 2020 18:08
714

Pandemiya ilə mübarizədə əsas şərt vətəndaş məsuliyyətidir

Əgər bu gün ölkəmizdə virusa yoluxma  minimuma ensəydi, tibb işçiləri daha çox cəbhə xəttində qələbəmiz üçün çalışardılar

Pandemiya ilə bağlı bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ciddi qayda və qadağaların tətbiqi bu gün də davam edir. Amma bu məsələdə bizim ölkəmizdə reallıqlar fərqlidir. Biz bu gün iki cəbhədə-həm Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə, həm də pandemiyaya qarşı eyni vaxtda mübarizə aparırıq.

Bu bir reallıqdır ki, Prezident İlham Əliyevin islahatçı ruhu və çətinlikləri dəf etmək bacarığı Azərbaycana pandemiya dövrünü daha az itkilərlə keçirməyə imkan verib. Faktiki olaraq dövlət başçısı hər birimizi vətəndaş fəallığına dəvət edir, dövlətçilik ideyalarının təkamülünə dəstək verməyimizi qarşımızda bir tələb kimi qoyur. Əgər dövlətin üst eşalonunda belə vacib addımlar atılırsa, dövlət məmurundan birmənalı şəkildə yeni davranışlara, qanunun aliliyinə əməl etmək tələb olunursa demək hər bir vətəndaş da öz işinə, Vətənə, dövlətçiliyə münasibətdə laqeyd müşahidəçi yox, yaradıcı mövqe sərgiləməlidir.

Biz nə qədər fəal olsaq dövlətin gördüyü bütün tədbirlərin faydalı iş əmsalı daha yüksək ola bilər. Dövlət-xalq birliyi, dövlət-vətəndaş həmrəyliyi Azərbaycana inkişaf üçün böyük güc verən ciddi amillərdəndir. Buna görə hər birimizin borcudur ki, ölkədə aparılan islahatlar səviyyəsində əxlaqımızı, vicdanımızı cilalayaq, dövlətin mənafeyini öz maraqlarımızdan üstün tutaq.

Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycanda koronavirusla mübarizə məsələləri, xüsusən vətəndaşlarımızın sağlamlığının təmin olunması  pandemiyanın başlandığı dövrdən indiyədək daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Elə bunun nəticəsidir ki, qısa müddətdə koronavirusla mübarizədə tibbi baxımdan əsas məsələlər öz həllini tapdı. Ölkə üzrə 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı. Hansı ki, bu xəstəxanaların 41-i son 17 ildə inşa olunub. Zaman göstərdi ki, Prezident İlham Əliyevin regional inkişaf siyasətinin əsas tərkib hissələrindən biri kimi bu xəstəxanaların tikilməsi nə qədər uzaqgörən addımdır. Dövlət başçısının özünün qeyd etdiyi kimi, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik.

Bütün bunlarla yanaşı, koronavirusla daha effektiv mübarizənin təşkili üçün Prezident İlham Əliyevin təşəbbüsləri ilə indiyədək 11 modul tipli xəstəxana da inşa edilib ki, bu da son dövrlərdə sağalanların sayının daha çox olmasına mühüm təsir göstərib. Azərbaycanda koronavirusla mübarizədə başqa bir önəmli addım isə laboratoriyaların sayının artırılmasıdır. Pandemiya yeni başlayanda Azərbaycanda cəmi 6 laboratoriya var idi. Lakin indi respublikamızda 45 bu tipli laboratoriya mövcuddur. Məhz bunun nəticəsində keçirilən testlərin cavablarını vaxtında müəyyən etmək mümkün olur.

Hazırda dünya ölkələri koronavirus pandemiyasının ikinci dalğasını yaşayır. Bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Belə ki,  Fransa, Almaniya, İtaliya və İspaniya hökumətləri ölkələrində  fövqəladə vəziyyət elan etməyə hazırlaşırlar. ABŞ və Rusiya kimi fövqəlgüc dövlətlərdə də koronavirusa yoluxma halları rekord həddə yaxınlaşır. İkinci dalğanın başlaması ilə ölkəmizdə də koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir və sanitar-epidemioloji durum pisləşir. Belə ki,  oktyabrın 29-da koronavirus infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 9 nəfər COVID-19-dan vəfat edib. Bu, pandemiyanın ikinci dalğası  dövründə  ən rekord göstəricidir. Məhz pandemiyanın qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Eyni zamanda, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara da giriş-çıxış dayandırılıb. Hazırkı durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı  şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.

Son günlərdə virusun bu səviyyədə artmasının səbəbi təbii ki, vətəndaşlarımızın qoruyucu vasitələrdən istifadə səviyyəsinin aşağı olması, sosial məsafənin saxlanılmaması, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət edilməməsidir. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi də qənaətbəxş deyil. Ona görə də bu gün vətəndaşlarımızdan qəti şəkildə tələb olunur ki, qoruyucu vasitələrdən, xüsusilə, maskalardan istifadəni genişləndirsinlər. Tibb mütəxəssislərinin fikrincə, maskadan səmərəli istifadə virusdan qorunmanın əsas şərtidir və yoluxma riskini 80 faizədək azaldır.

Bəli, bu gün koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün çox önəmlidir. Ordumuza dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir.

Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.

Bu da bir həqiqətdir ki, koronavirus kimi təhlükəli  «düşmənlə» mübarizədə insanların son ümid yeri olan tibb işçilərinin fədakarlığı da danılmazdır. Onların bir qismi cəbhə bölgələrində əsgər və zabitlərimizin sağlamlığı keşiyində dayanırsa, bir qismi də bir ilə yaxındır davam edən COVID -19 pandemiyası ilə mübarizədədir. Əgər ölkəmizdə virusa yoluxmanı minimuma endirə bilsək, həmin tibb işçiləri bu gün daha çox ehtiyac duyulan cəbhə xəttində, yaralı əsgərlərimizə xidmət etmiş olardılar.  Bu isə Vətən müharibəsində qələbəmizi daha da yaxınlaşdırar.

Elçin Zaman, «İki sahil»