26 iyun 2020 11:10
504

Pandemiya ilə mübarizədə vətəndaşlar daha məsuliyyətli olmalıdır

Pandemiya ilə mübarizə əslində müharibədir və burada düşməni görmək mümkün deyil: “Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz. İndi əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır”.

2020-ci ilin əvvəlindən bəşəriyyət üçün kabusa çevrilən koronavirus pandemiyası (COVID-19) hələ də can almaqda, iqtisadiyyata ağır zərbələr vurmaqda davam edir. Bu fakt isə onu deməyə əsas verir ki, bəzi dövlətləri postpandemiya dövründə çox ağır günlər gözləyir. Lakin ilkin dövrdən qlobal pandemiyanı ciddiyə alıb qabaqlayıcı tədbirlər görən, müxtəlif proqramlar hazırlayan ölkələrin bu böhrandan az itki ilə çıxmaq imkanına malik olduqlarını da söyləmək olar. Sevindiricidir ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan da bu dövlətlər sırasındadır. Çünki virusun miqyasının getdikcə böyüdüyü zamanda dövlətimiz hər zamankı kimi insan amilini üstün tutaraq vətəndaşın sağlamlığını qorumaq üçün qabaqlayıcı tədbirlər gördü.

Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı çıxışı zamanı bildirib ki, pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur: “Bu vəsaitin bir hissəsi xərcləndi və biz yeni avadanlıqlar alırıq. İndi 23 laboratoriyamız var. Amma, eyni zamanda, problem ondadır ki, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı, hansısa cihazı biz bəzən ala bilmirik. Çünki bunu istehsal edən ölkələr onu satmır, özləri üçün saxlayırlar. Problem bundadır. Ona görə ölkəmiz bu problemlə üzləşib və biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür.”

Bu gün də Azərbaycan dövləti koronavirusla mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Lakin bununla belə xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına ciddi riayət etmələrindən birbaşa asılıdır.

Qeyd edək ki, ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidirlər. Belə bir şəraitdə hər bir şəxs sosial məsuliyyətini anlayaraq özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməklə bərabər, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Xüsusi vurğulanmalıdır ki, inzibati qadağalarla bərabər, ictimai nəzarət və ictimai qınaq da vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Təbii ki, koronavirusun müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.

O da faktdır ki, uzun müddətdir ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzasi da tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.

Lakin bəzən vətəndaş məsuliyyətsizliyi və problemin ciddiliyini anlaya bilməməsi sərt tədbirlərin görülməsinə rəvac verir. Prezident Gəncəyə səfəri zamanı bu barədə deyib: “Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik”.

Dövlət başçısı qeyd edib ki, gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram: “Axı yaxşı, sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik”.

Prezident İlham Əliyev ölkə vətəndaşlarını növbəti dəfə həm də ciddi şəkildə xəbərdar edir ki, bu ümumbəşəri bəladan qurtarmağın yeganə yolu dövlətin tətbiq etdiyi karantin şərtlərinə və sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl etməkdən ibarətdir: “Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”.

Təbii ki, bu ümumbəşəri bəlaya qarşı cəmiyyət və dövlət olaraq məhz birgə səylərlə qalib gələ bilərik. Bunun üçün tibb mütəxəssislərinin, dövlət orqanlarının tələb və tövsiyələrinə ciddi şəkildə əməl etmək lazımdır və bu, həm də bir vətəndaşlıq borcudur.

Elçin Zaman,

“İki sahil”