24 iyun 2020 09:27
342

Pandemiyaya qarşı mübarizədə hər kəs səfərbər olmalıdır

 Azərbaycan hələ də dünyanı təhdid etməkdə davam edən COVID-19 virusu ilə mübarizə tədbirləririni uğurla davam etdirir. Bu gün ölkəmizdə koronavirusa yoluxanların ən yüksək şəraitli xüsusi xəstəxanalarda müalicə olunması, onların müalicəsinə yüksək ixtiasalı tibb işçilərinin cəlb edilməsi nəticəsində bu virusa yoluxanlar arasında sağalma prosesi müsbət istiqmətdə gedir.

Ölkə başçısının  dünyanı cənginə alan koronavirusla bağlı əsas prioritetlərindən biri vətəndaşlarımızın sağlamlığının qorunması olub ki, hökumətin fəaliyyəti də məhz ölkə başçısının bu strategiyası üzərində qurulub. Azərbaycanın koronavirusla mübarizə üçün 3,5 milyard manat ayırıb ki, bu da ümumi daxili məhsulun 4,3 faizini təşkil edir. Pandemiyanın ilk vaxtlarından ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına və bir sıra dövlətlərə maliyyə yardımı etməklə koronavirusla mübarizədə qlobal səviyyədə öz töhfəsini verdi. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə ianə etməklə ümumilikdə 29 ölkəyə humanitar yardım göstərib. Prezident İlham Əliyev bu barədə deyib: “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.

Azərbaycan dövləti koronavirus pandemiyasından ziyan çəkən vətəndaşların sosial rihafı üçün genişmiqyaslı tədbirlər həyata keçirməkdədir. Ölkə rəhbərinin təşəbbüsü ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna az müddətdə 100 milyon manatdan artıq vəsait toplanması xalqımızın milli birlik və həmrəyliyinin parlaq nümayişi idi. Ölkəmizdə  koronavirusa yoluxma hallarının, bu virusdan həyatını itirənlərin sayının hətta inkişaf etmiş ölkələrdən belə az olması COVID-19 ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsinin  nəticəsidir. Hazırda Azərbaycanda xəstəliyi erkən aşkar etmək imkanına malik 20-dən çox laboratoriya fəaliyyət göstərir. Koronavirusa yoluxanların müalicəsi üçün ölkənin 20 qabaqcıl xəstəxanası ayrılıb. Həmçinin karantinə götürülən vətəndaşlar hər cür şəraiti olan yeni klinikalarda, bəzi hallarda isə 4-5 ulduzlu hotellərdə qalırlar. Azərbaycan həm də nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibb müəssisələrində müalicə olunurlar. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılış mərasimində iştirak etdilər. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. Hər birində 100 palata və 200 çarpayı yeri olan bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.

Ölkəmizdə pandemiya ilə əlaqədar həyata keçirilən genişmiqyaslı işlər bir daha sübut edir ki, dövlət siyasətinin mərkəzində yenə Azərbaycan vətəndaşlarının sosial rifahı dayanır. Prezident İlham Əliyevin elan etdiyi növbəti sosial paket bunun əyani təsdiqidir. Yeni sosial paket cəmiyyətin bütün təbəqələrini - həssas kateqoriyadan olan aztəminatlı vətəndaşları, işsizləri, muzdla işləyənləri, karantin rejimi ilə əlaqədar işini itirənləri, hətta qeyri-formal işləyənləri, sahibkarlıq subyektlərini, ümumilikdə pandemiyadan ziyan çəkən bütün insanları və geniş sahələri əhatə edir. Görülən tədbirlər, yeni sosial paket əhalinin məşğulluq imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Koronavirus ilə əlaqədar əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir.

İyunun 21-dən iyulun 5-dək tətbiq olunan karantın rejiminin əsas məqsədi məhz vətəndaşlarımızı bu ağır bəlanın fəsadlarından qorumaqdır. Pandemiyaya qarşı mübarizədə dövlətimizlə bərabər, vətəndaşlarımız da səfərbər olmalıdırlar. Ölkəmizin bu dəhşətli bəladan az zərərlə çıxması üçün vətəndaşlarımız öz vəzifələrini layiqincə yerinə yetirməli, qaydalara ciddi şəkildə əməl etməlidirlər. Hər kəs şəxsi gigiyenasına fikir verməli, tibbi maskadan istifadə etməli, məsafə saxlamalı, mütəxəssislərin tövsiyələrini dinləməli, sosial hərəkətliliyi minumuma endirməlidir. Çox təəssüf ki, bəzi vətəndaşlarımız bu məsuliyyətdən yayınaraq və karantin rejiminin qaydalarını pozaraq qanunsuz əməllərlə məşğul olurlar. Respublikamızda dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə maneə törədən hüquqazidd əməllərə qarşı hüquq- mühafizə orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.  Bu günlərdə Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlara müraciət edərək xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına, o cümlədən hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırıb.

Azərbaycan ictimaiyyəti, insanlarımız dövlətimizin bütün imkanları insanları  dünyanı vahiməyə salan kaoronavirus bəlasındandan qorumağa, həmçinin pandemiyanın nəticəsində yaranmış sosial məslələrin həllinə yönləmiş qabaqlayıcı tədbirləri yüksək qiymətləndirərək atılan addımları birmənalı şəkildə dəstəkləyirlər. Bütün bunlar vətəndaşlarımızın ölkə başçısına ünvanladığı təşəkkür məktublarında parlaq şəkildə öz əksini tapır.

Zahidr Rza,

“İki sahil”