KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Paralellik və ya yuxarıdan inqilabın Azərbaycan modeli

04 dekabr 2019 13:01
1748

Prezident İlham Əliyevin inqilabi islahatları vüsət aldıqca yeni və maraqlı məqamlar da üzə çıxır. Bugünlərdə dostların dəvəti ilə “Yeni Çağ” TV-də qonaq olduğum zaman verilən suallardan biri “ölkədə nə baş verir” yüklü idi. Ona verdiyim cavab hər kəs üçün maraqlı ola biləcəyindən ayrıca yazıda təqdim etmək zərurəti duydum.

Cavab budur: ölkədə inqilab baş verir. İnqilabın memarı və aparıcı qüvvəsi Prezident İlham Əliyevin şəxsən özüdür. O, bu hərəkatında olduqca qətiyyətli davranır. Hətta uzun illər siyasi və iqtidar komandasında birlikdə irəlilədiyi hörmətli dövlət adamlarıyla da hörmət-izzətlə yollarını ayırır. Lakin son ayların bu cür görüntülərinə qədər Prezident olduqca möhkəm bir təməl atmış, onun üzərindən hərəkət edərək inqilabi gedişlərini gerçəkləşdirməyə qərar vermişdir.

Nəydi o təməl? Paralel hakimiyyət! Bəli, məhz bu üsulla Azərbaycanda hakimiyyət komandasının içərisindən ehtimal oluna biləcək narazılıqları neytrallaşdırmaq yolu tutub Prezident İlham Əliyev. Bilmirəm, tarixdə bunun bənzəri varmı, ya yox, lakin olduqca müdrik və usta gedişdir.

Paralel hakimiyyətin özünə gəlincə, bu, çox yaxın illərə gedib çıxır. 2016-cı ilin Konstitusiya islahatları elə də uzaq keçmiş deyil. Özəlliklə də ölkə tarixində ilk dəfə vitse-prezident vəzifəsinin təsis edilməsilə təməli atıldı o paralel hakimiyyətin.

Sonrakı mərhələdə, konkret olaraq ilkin hazırlıq – təməl bərkitmə işləri tamamlandıqdan sonra daha uzun müddətə islahatlar üçün vaxt əldə edə bilməkdən ötrü Prezident İlham Əliyev vəzifəsinə vaxtından əvvəl son verərək seçkiyə getdi. 2018-ci ilin 11 aprelində ümumxalq səsverməsi sonucu o, güvən təzələdi və hər kəs əmin oldu ki, Prezidentin yürütdüyü kurs xalqın ürəyincədir.

Elə bu güvənə arxalanan Prezident İlham Əliyev ən etibarlı siyasi tərəfdaşı olan Mehriban Əliyevanı Birinci vitse-prezident kimi təqdim və təsdiq etdi. Bunun ardınca köhnə komandaya toxunmadan Mehriban xanımın ətrafında paralel komanda formalaşdırılmağa başlandı. Burada ən diqqətçəkən məqam ondan ibarət oldu ki, yeni-paralel komandaya reputasiyası təmiz, özəlliklə də korrupsiyada heç vaxt adı hallanmayan, klançılıq və bölgəçilikdən uzaq kadrlar cəlb edildi. Onların arasında maliyyə-bank sektorunda, diplomatiya və iqtisadiyyatda uğurlu karyera qurmuş şəxslərin olması cəmiyyət içində də rəğbət gördü. Bu komandada hər kəs öz işi ilə – ona tapşırılan vəzifə ilə məşğuldur. Burada heç kim başqasının işinə qarışmır. Yaxud heç kim ümumi siyasi kursa şəxsi təşəbbüsüylə təsir göstərmək üçün təkliflə çıxış etmir. Birinci vitse-prezidentin komandasının bu özəlliyi dövlət idarəetməsində yeni yanaşma olmaqla çağdaş Qərb dövlətçilik ənənələrinə uyğunluğuyla diqqət çəkir. Belə bir idarəetmənin indiki Azərbaycan üçün çox gərəkli olduğunu ayrıca vurğulamağa da ehtiyac yoxdur.

Erməni işğalından, qaçqın-köçkün dərd-sərindən əziyyət çəkən Azərbaycan xalqı bir də məmur özbaşınalığından, yarıtmaz yerli idarəetmədən narazı idi. Təsadüfi deyil ki, əvvəlki illərdə bəzi rayonlarda belə münasibət hətta üsyanlara səbəb olur, vətəndaşlar ayağa qalxaraq qudurğan məmurlara qarşı zorakılığa əl atmalı olurdu. Bu da dövlətin sabitliyi üçün olduqca təhlükəli tendensiyadır. Onu vaxtında anlayan Prezident İlham Əliyev uzun vədəli islahatların ilk ən uğurlu və gərəkli addımı kimi ASAN xidmətlə, əslində, paralel hakimiyyətin əsasını qoyub xalqın təqdirini qazanmışdı.

İndiki mərhələdə isə Birinci vitse-prezidentin ətrafında formalaşdırılmış paralel administrasiya özünü qısa müddətdə doğrultdu. Məhz bunun ardınca Prezident Administrasiyasında köklü dəyişikliklər qərarı verildi. Həm Birinci vitse-prezidentin komandasından, həm də illərdir dövlətə vicdanla qulluq etmiş kadrların arasından seçim etməklə Prezident İlham Əliyev administrasiya islahatını bitirmiş oldu. İndi onun komandasında özünün təcrübəsi və sədaqətli xidməti ilə hər zaman seçilən general Məhərrəm Əliyev də var, karyerasına Heydər Əliyev Fondunda hörmətli Mehriban Əliyevanın köməkçisi kimi özünü təsdiqdən başlayan Anar Ələkbərov da. Yaxud da Xarici İşlər Nazirliyində işlədiyi dövrdə olduqca parlaq kadr kimi diqqət çəkməklə Prezident Administrasiyasında eyni sahəyə cəlb edilmiş və ötən həftədən Prezidentin köməkçisi vəzifəsinə yüksəldilmiş Hikmət Hacıyev də. Ümumiyyətlə, Administrasiyanın yeni tərkibinə cəlb edilənlər bu quruma yeni ruh gətirəcək, dövrün çağırışlarına daha çevik reaksiya verə biləcək.

Əlbəttə, Administrasiyadakı bu dəyişiklik heç də o demək deyil ki, gedənlər yararsız idi. Təbii ki, onların da öz işlərinin peşəkarı olduğunu deyə bilərik. Elə məhz o səbəbdən Prezident İlham Əliyev onları hörmətlə yola saldı. Amma hər kəs qəbul etməlidir ki, yenilənən komanda indiki mərhələdə o şəxslər olmadan işləməyi daha uyğun sayır.

Administrasiya ilə bərabər Milli Məclisin də yenilənməsi prosesi başlayıb. Yəqin ki, yaxın günlərdə (bəlkə də saatlarda) yeni seçki elanını eşidəcəyik. Burada da dövrün çağırışlarına cavab verən tərkibin seçilməsi olduqca vacib məsələdir. Özünü təsdiq etmiş, dövlətə və Prezidentə, onun siyasi komandasına sadiq şəxslərin Milli Məclisin yeni tərkibində yer alması nəinki islahatların sürətlə başa çatması, ümumiyyətlə uzun müddətli sabitliyin təmin edilməsi baxımından da çox vacibdir. Yəqin ki, Milli Məclislə bağlı yaxın gələcəkdə əlavə şərhlərimiz də olacaq. O baxımdan bu məsələni burada hələlik qapadırıq.

Sonda bir daha paralel hakimiyyət məsələsinə qayıdırıq. Doğrudan da Prezident İlham Əliyevin məhz ən yaxın və ən etibarlı tərəfdaşı kimi Mehriban Əliyevanın ətrafında bunu formalaşdırması uğurun təminatçısı oldu. İndi biz bir daha əmin olduq ki, Prezidentin siyasi gedişlərini dəstəkləməkdə yanılmamışıq. Özəlliklə də bizi tənqid edənlərin qarşısında mətanətlə duruş gətirməyimiz özünü doğrultmaqdadır. Parlament məsələsində bu gedişlər məntiqi sonuca varacağı təqdirdə ən azı növbəti bir neçə onillik üçün siyasi-ideoloji dayanıqlıq təmin edilmiş olacaq. Bu dövr isə tarixə Prezident İlham Əliyevin adını uzaqgörən usta strateq kimi yazacaq. Azərbaycan bu dövrdə daha da irəli gedəcək, daha da parlayacaq. Biz də bunu istəmirdikmi həmişə?

Sözardı: Son günlər yazılarımın kontekstdən çıxarılaraq fərqli yozulması halları artıb. Lütfən, hər kəs diqqətli olsun. Mənim bütün yazılarımın ilkin mənbəyi şəxsi internet saytımdır: azerhasret.com. Hər bir dəyərli izləyicimiz buradan dəqiqləşdirmə apara bilər.