16 mart 2020 17:30
803

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Martın 16-da VI çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev Milli Məclisin deputatlarına yaz sessiyasının işində uğurlar arzulayıb.

Komitə sədri iclasın gündəliyinə üç məsələnin daxil edildiyini diqqətə çatdırıb. Əvvəlcə deputatlar “Turizm haqqında” Qanuna edilən dəyişiklikləri müzakirə ediblər. M.Quliyev bununla bağlı yeni qanun layihəsi hazırlıqlarının davam etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev qeyd edib ki, sənəd üzərində aparılan dəyişikliklər Azərbaycan Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında 2019-cu il 9 mart tarixli, 612 nömrəli dəyişikliklərlə bağlıdır. Fərmanda elektron viza ilə bağlı məsələlərin “Turizm haqqında” Qanunda təsbit edilməsi nəzərdə tutulur.

Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib.

Hər iki sənəd müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Daha sonra komitə sədri 2020-ci ilin yaz sessiyası dönəmində komitənin qanunvericilik işlər planı barədə məlumatı diqqətə çatdırıb. Bildirdilib ki, sessiya dövründə komitədə iki vacib dinləmə keçiriləcək. Bunlar əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər, digəri isə tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icrası yönündə ictimai dinləmədir. Birinci ictimai dinləmənin aprel ayında keçirilməsi nəzərdə tutulub.

Komitə üzvləri Ziyad Səmədzadə, Rauf Əliyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Sevinc Hüseynova, İlham Məmmədov, Soltan Məmmədov, Arzu Nağıyev, Vüqar Bayramov, Əziz Ələkbərov, Aqil Məmmədov yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı təkliflərini səsləndiriblər və sənəd təsdiqlənib.