KÖŞƏ

Taleh Turqut

Paşinyan ABŞ-la oyun oynayır

08 may 2019 21:14
4428

Bu dəfə “inqilabçı baş naziri” kim xilas edəcək?

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tutduğu destruktiv mövqe zaman keçdikcə işğalçı ölkənin əleyhinə daha sürətlə işləyir. Baş nazir Nikol Paşinyan bir illik hakimiyyəti dövründə özündən əvvəlki hərbi xuntadan daha aqressiv və təzadlı bəyanatlar verməklə beynəlxalq tənqidin hədəfinə gəlməkdədir. Lakin təbii ki yalnız buna görə deyil... Paşinyan onu sürətlə hakimiyyətə gətirən qüvvələri də erməni hiyləsi ilə aldatmağa çalışır...

Son dövrlərdə Amerika Birləşmiş Ştatları tərəfindən Ermənistana regionda sabitliyin dayanıqlı təminatı və qonşularla münasibətlərin normallaşdırılmasını ifadə edən israrlı təkliflər bir az da intensivləşib. Bunu təkcə ayrı-ayrı ekspert və politoloqlar deyil, hətta Prezident Tramp da Paşinyana seçki ilə bağlı yazdığı məktubda açıq ifadə etmişdir. Ötən ilin oktyabr ayında İrəvana səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun missiyası məhz bu addımları atmalı olduğunu N. Paşinyana xatırltmaq idi. Lakin görünən odur ki, Paşinyan onu “məxməri inqilab”la hakimiyyətə gətirənləri aldatmaqla məşğuldur və verdiyi vədləri “unudub”.

Heç kimə sirr deyil ki, ötən ilin aprel ayında Ermənistanda Paşinyanın rəhbərliyi ilə başlayan və Serj Sarkisyanın hakimiyyətdən getməsi ilə nəticələnən etiraz dalğasının əsas dəstəkçisi ABŞ olmuşdur. Sözsüz ki, Paşinyan da hakimiyyətə gəlmək üçün amerikalı “dostları”nın qarşısında müəyyən öhdəliklər götürmüşdür. Bu öhdəliklərin içərisində isə ən vacibi Ermənistanı Rusiyanın təsir dairəsindən tədricən uzaqlaşdırıb Qərbə yaxınlaşdırmaq olub. Lakin Paşinyanın fəaliyyəti sübut edir ki, o, nəinki Rusiyadan üz döndərib, əksinə özündən əvvəlki sələflərinin etmədiyi bəzi antiqərb radikal addımları da atıb. Rusiya əsgərlərinin tərkibində erməni əsgərinin də Suriyaya göndərilməsi bu baxımdan ABŞ-ın səbr kasasını daşıran əsas hadisə oldu.

İndi ABŞ-dan hələlik ki, ekspertlər səviyyəsində açıq şəkildə Paşinyana təhdid və şantajlar səslənməkdədir. Lakin bu, hələlik belədir. Nəticəsi olmayacağı təqdirdə daha sərt addımların atılacağı şübhəsizdir. Paşinyan hər nə qədər erməni hiyləsini yaxşı mənimsəsə də ABŞ-ı uzun müddət aldada bilməyəcəyini də anlamamış deyil...

Belə ki, Vaşinqtondakı Kornegi Fondunun böyük elmi işçisi, Rusiya və Mərkəzi Asiya məsələləri üzrə direktor, Corctaun Universitetinin professoru Pol Stronski bu günlərdə özünün “Twitter” səhifəsində N.Paşinyana açıq müraciət ünvanlayıb. Stronski fırıldaqçı baş nazirə açıq şəkildə xəbərdarlıq edib ki, “ABŞ-la oyun oynamağa son qoymalıdır”. Amerikalı professor açıq şəkildə bildirib ki, ABŞ Paşinyanın inqilab etməsi üçün 25 milyon dollar pul xərcləyib və indi onun qarşılığını tələb etmək də haqqıdır.

Digər maraqlı açıqlamanı yenə də ABŞ eksperti verib. Azərbaycan və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys Azərbaycan mediasına müsahibəsində bildirib ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hələ ki, regionda təcavüzkar ölkə olaraq qalır. Ekspert açıq şəkildə söyləyib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğalda saxlayır və Paşinyan danışıqlar prosesində konkret mövqe nümayiş etdirməməklə açıq təxribatla məşğul olur. P. Teys onu da xatırladıb ki, danışıqların pozulması faktiki olaraq hərbi əməliyyatlara səbəb ola bilər və bu halda zəif təmin edilən Ermənistan ordusu “müasir hərbi texnika, mütərəqqi silah texnologiyası və vətənpərvərliyin yüksək səviyyəsinə görə dünya orduları arasında ilk onluğa daxil olan” Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcək.

Qeyd edək ki, ümumiyyətlə, son iki ildə ABŞ tərəfindən Ermənistana münaqişəni həll etməyin zəruriliyi ilə bağlı çağırışlar tez-tez səsləndirilir. İndi bu, siyasi tələb müstəvisinə keçib. Bu və digər faktorlar Ermənistanda ciddi formada müharibə xofunu artırıb. Ermənistan cəmiyyəti Azərbaycanın müharibəyə hazırlaşması düşüncəsi ilə təşviş keçirir. Bir neçə gün əvvəl Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri bu təşvişi bir az da körükləyib. Erməni şərhçi Karpis Paşoyan yerli mətbuata açıqlamalarında son dövrlər Azərbaycan Ordusunun Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar fonunda aktivləşdiyini bildirib: “Faktların analizi göstərir ki, Azərbaycan danışıqlara paralel olaraq, cəbhədə vəziyyəti ələ alır. Hazırda baş verənlər “Aprel müharibəsi”ndən öncəki vəziyyəti xatırladır. Bakının addımları İrəvanın manevr imkanlarını daraldır”.

Danışıqların nəticəsi olmayacağı təqdirdə Paşoyanın fikirləri real görünür...