10 yanvar 2020 18:54
642

Paşinyan küncə sıxışdırılıb

Hər zaman öz ampluasında olan, yəni küçə “stixiyasına stavka” edən Paşinyan bu gün daha yaxşı anlamağa başlayıb ki, Ermənistanda vətəndaş müharibəsi yetişmək üzrədir, ölkədə kəskin kriminal vəziyyət hökm sürür. Heç kimə sirr deyil ki, Paşinyan məhkəmələrlə mücadiləyə girərək “Qarabağ klanı”nı məhv etməyə çalışır. Bu, gözlənilən idi. Ermənistan əhalisi cinayətkar “Qarabağ klanı”ndan cana doyub və N.Paşinyanı da hakimiyyətə məhz buna görə gətirmişdir. Lakin Paşinyan bunu açıq etiraf etməsə də, klanla mübarizədə aciz və zavallı durumda qalıb. Görünən budur ki, Paşinyanla “Qarabağ klanı” arasında indi ölüm-dirim savaşı gedir. Gəlin, bu amansız savaşın  bəzi pərdəarxası məqamlara aydınlıq gətirməyə çalışaq.

Paşinyan başa düşür ki, hakimiyyətə gəlmək üçün kütləyə verdiyi vədlər həyata keçmədikcə, onun özünün və komandasının sonu yaxınlaşır. Digər tərəfdən də qatı düşmənləri əhali arasında başabəla baş nazirin əleyhinə kəskin təbliğat apararaq hər vəchlə hökumətin süqutunu sürətləndirməyə can atırlar. Opponentləri Paşinyandan indi tez-tez onun Dağlıq Qarabağın erməni icmasını danışıqların subyektinə çevirmək, problemi ermənilərin xeyrinə “birdəfəlik həll etmək” barədə vədini  niyə yerinə yetirmədiyini soruşurlar. Axı, ötən ilin martında Vyanada keçirilən danışıqlarda Prezident İlham Əliyev danışıqlar formatının dəyişilməsi ilə bağlı Paşinyanın təklifini qətiyyətlə rədd etdi. Paşinyan Vyanadan fiaskoya uğramış halda, əli ətəyindən uzun qayıtdı.

Paşinyanın Ermənistan əhalisinin güzəranını yaxşılaşdıracağı barədə vədləri də havadan asılı qalıb. Ölkədə ən zəruri ərzaq məhsullarının qiymətləri günbəgün yüksəlir, işsizlərin sayı  isə nəinki azalmır, əksinə, sürətlə artır. Bu gün Ermənistanda hər kəs macal tapan kimi ölkədən qaçmağa çalışır.

Baş nazir ölkədə narazılığın kritik həddə doğru getdiyini başa düşür və buna görə də tələm-tələsik düşmənləri ilə haqq-hesabı çürütməyə çalışır. Paşinyan xeyli hiyləgər olduğu üçün rəqiblərinin zəif yerini yaxşı bilir. O, ötən il 19 mayda məhkəmələrlə bağlı əhaliyə müraciətində qeyd edib ki, 2016-cı ilə Aprel döyüşləri zamanı Ermənistan ordusunun məğlubiyyətinin səbəblərini araşdıracaq və itkilərə görə məsul olanlar ciddi mühakimə ediləcəklər. Bununla da Paşinyan “Qarabağ klanı”nın bostanına daş atır ki, bax, özünüzü pis aparsanız, “lazımi tədbirlər” görüləcək. Axı, ordunun yüksək çinli zabitləri  hələ keçmiş prezidentlərə sədaqətli olduqlarını gizlətmirlər.

Paşinyanın kütlə içərisində nüfuzu isə günbəgün aşağı düşür. O, özünü hələ də “islahatçı” baş nazir kimi təqdim etməyə can atır, amma əvəzində xırda, gülünc, populist addımları ilə xalq arasında istehza hədəfinə çevrilir.

Paşinyanı indi ən çox narahat edən kütlənin ona etibarının azalmasıdır. O, əhalinin dəstəyini kəskin itirməyə başlayıb. “Qarabağ klanı” baş nazirdən hayıf çıxmağa məqam gözləyir. Onlar Paşinyanı didib-parçalamağa hazırdırlar. Vaxt Paşinyanın əleyhinə işləyir. Hətta bir sıra siyasi partiyalar da Paşinyanı küncə sıxışdırmağa başlayıblar. 

Bir sıra Qərb siyasətçiləri də Ermənistanın baş nazirini səriştəsiz hesab edir, onun idarəetmə üslubunun qüsurlu olduğunu dilə gətirməkdən çəkinmirlər. Məsələn, “Freedom House” təşkilatının xüsusi tədqiqatlar üzrə direktoru Heyt Şenken öz “Twitter” səhifəsində yazıb ki, Paşinyan ölkəni sistemsiz şəkildə idarə edir. Rusiya və Qərbdəki bir çox təhlilçilər isə Paşinyanı “siyasət piyadası” hesab edir, onun davranışında və qəbul etdiyi qərarlarda səbat, məntiq və ardıcıllığın olmamasını qeyd edirlər.

Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsinin kimin qələbəsi ilə başa çatacağını söyləmək çətindir. Bir şey aydındır ki, bir-birini amansızcasına didib-dağıtmağa  cəhd edən hər iki pozucu qüvvə, bütövlükdə Ermənistanı dibi görünməyən uçuruma yuvarladır.

Sevinc Azadi, “İki sahil”