18 may 2020 10:48
318

Paşinyan Njdenin heykəlini qorumaqla babasının Hitlerə satılmasına haqq qazandırır

Bu gün faşizm ideyalarının yaşadılması istiqamətində fəaliyyət göstərən yeganə ölkə qismində Ermənistanın çıxış etməsi artıq heç kim tərəfindən təkzib edilməyən birmənalı həqiqətdir. Təsadüfi deyil ki, bütün ölkələr nasizmdən imtina etsələr də, yalnız Ermənistan fərqli mövqedədir. Ermənistanın baş naziri Nikol Paşinyanın babasının II Dünya müharibəsində nasistlər tərəfində döyüşməsi faktının ortaya çıxması da bu mənada çox şeydən xəbər verir. Başqa sözlə, Nikol Paşinyanın babasının Hitlerin əsgəri olması faktı onu sübut edir ki, baş nazir yalnız ondan əvvəl Ermənistana rəhbərlik etmiş Robert Koçaryan və Serj Sarkisyan kimi sələflərinin yox, həm də birbaşa babasının və soyqırımı ideologiyasının erməni banilərinin antibəşəri ənənələrini davam etdirir.

“Ermənistanın baş naziri Nikol Paşinyanın hitlerçi babası ilə bağlı son məlumatları təkzib etməyə çalışması şübhələri daha da artırdı. İndi daha çox adamlar möhkəm inanırlar ki, Ermənistanın baş nazirinin babası vaxtilə faşistlərə əlaltılıq edib və vətən xaini olub.”

Bu sözləri qəzetimizə açıqlamasında politoloq Aydın Quliyev Ermənistan baş nazirinin hitlerçi babası ilə bağlı faktların ortaya çıxmasını şərh edərkən bildirdi.

A.Quliyevin sözlərinə görə, bu faktların faşist əlaltıları olan Njde və Dronun ətrafında Ermənistan üçün heç də əlverişli olmayan beynəlxalq rüsvayçı qalmaqalın yaşandığı dövrdə üzə çıxması işğalçı dövlətə ikiqat zərbədir: “Əgər N.Paşinyan səmərəsiz təkzibin əvəzinə babasına aid faktın etirafı yolunu tutsaydı, daha səmimi görünə bilərdi. Bu halda Paşinyan nisbətən daha güclü bir arqumentə sahib ola bilərdi ki, babanın cinayəti üçün övladları və nəvələri məsul tutmaq olmaz. Ancaq Paşinyan babasının Hitlerə qulluq etməsi faktını danır, bu isə başqa nəticələr çıxarmağa əsas verir.”

Politoloqun sözlərinə görə, baba Paşinyanın nasizmə xidmət etməsi faktı sübut edir ki, nəvə Paşinyanın Njde və Dro sevgisi həqiqətən faşizm təəssübkeşliyinə söykənir: “Paşinyan faşizm təəssübkeşi olmasaydı, faşist cəlladlara Ermənistanda qoyulmuş abidələri belə ürəkdən mühafizə etməzdi. Paşinyanın faşizmə təəssübkeşliyinin arxasında babasının vaxtilə Hitlerə satılması faktı əsas rol oynayır. Şübhə yoxdur ki, bu gün Paşinyan faşist Njdenin heykəlini qorumaqla əslində öz babasının SSRİ-yə xəyanətinə haqq qazandırır.”

A.Quliyev onu da qeyd etdi ki, Paşinyanlar ailəsi “Hitlerə satılmışlar” adını silinməz şəkildə qazandı.

Cavid Əkbərov, “İki sahil”