13 sentyabr 2019 10:34
117

Paşinyan rejimi sosial-iqtisadi destabilliyin əsas səbəbkarıdır

Ermənistanın baş naziri Nikol Paşinyanın bir sıra məsələlər barədə verdiyi vədlər özünü doğrultmadığı kimi, ölkədə işsizliyin azaldılması ilə bağlı irəli sürdüyü layihələr də reallaşmadı. Bunu işğalçı ölkənin rəsmi statistik rəqəmləri də təsdiqləyir.

Erməni mətbuatının yazdığına görə, işğalçı ölkədə işsizlərin sayı daha da artıb. Ermənistan Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin ötən dövrü ərzində Ermənistanda 253 600 nəfər işsiz qeydiyyata alınıb. Ötən il isə bu rəqəm 237 600 nəfər olub. Rəsmi rəqəmlərdən belə aydın olur ki, təkcə bu ilin ötən aylarında ölkədə işsizlərin sayı 16 min nəfər artıb. Bundan başqa, hesabatda qeyd olunur ki, işğalçı ölkədə iş axtaran qadınların sayı kişiləri əhəmiyyətli dərəcədə üstələyir.

Ancaq Ermənistandakı müstəqil ekspertlər hesab edirlər ki, əslində, ölkədəki işsizlərin sayı göstərilən rəsmi rəqəmlərdən daha böyükdür. Görünən odur ki, ötən 1 il 5 ay ərzində N.Paşinyan işsizliyin azaldılması ilə bağlı heç bir nailiyyət əldə edə bilməyib. Bu isə onu göstərir ki, Ermənistana investisiya gəlmir, daxilindəki kapital ölkədən axıb gedir, iş adamları yeni iş yerləri açmırlar. Belə olan təqdirdə Ermənistanda işsizlərin və ölkədən çıxıb gedənlərin sayı artır.

Belə ki, Ermənistanda real sektorun inkişafı tamamilə dayandığı üçün işsizlərin sayı durmadan artır. Bütün bunlar onu göstərir ki, N.Paşinyan ötən dövr ərzində erməni xalqının vəziyyətini yaxşılaşdırmaq, sosial-iqtisadi irəliləyişə nail olmaq, ölkəyə investisiya cəlb etmək istiqamətində heç bir uğur əldə edə bilməyib. Paşinyan, sadəcə, Statistika Komitəsi vasitəsilə bəzi rəqəmləri manipulyasiya edir. Bəzi rəqəmləri elə təqdim edirlər ki, sanki ölkədə ciddi iqtisadi artım qeydə alınıb. Məsələn, bəyan edirlər ki, Ermənistanın şokolad ixracı 40 faiz artıb. Bu isə çox gülməli məqamdır. Şokoladdan nə qədər gəlir əldə etmək olar ki, onu belə təqdim edirlər?

Bu minvalla, əhalini bəzi hallarda çaşdıra bilirlər. Lakin xariciləri çaşdıra bilmirlər. Ona görə ki, xarici investorlar, maliyyə qurumları Ermənistanda iqtisadi cəlbediciliyin çox aşağı olduğunun fərqindədirlər. Ona görə də bu ölkəni geniş tədqiq etməyə ehtiyac yoxdur. Çünki Ermənistanda hər şey bəllidir. Ona görə də Paşinyan manipulyasiya ilə məşğuldur. Ermənistan iqtisadiyyatına sərmayə qoyulsaydı, yeni iş yerləri açılardı və ən azından, işsizlərin sayı əvvəlki ildən çox olmazdı. Ermənistanın bununla bağlı daxili imkanları məhduddur. Ümid isə yalnız xarici sərmayəyə qalır. Lakin xarici investorlar ölkəyə kapital qoymaqda maraqlı deyillər. Çünki işğalçı ölkədə əlverişli investisiya mühiti yoxdur.

Cavid Əkbərov,

“İki sahil”