14 iyul 2020 14:10
908

Paşinyan siyasi ömrünü uzatmaq naminə gülünc siyasi və hərbi həmlələr edir

Ağasif Şakiroğlu: “Xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya gedib”

 

 

“İyulun 12-də təcavüzkar Ermənistan hərbi birləşmələrinin Tovuz rayonu istiqamətində yerləşən mövqelərimizi ələ keçirmək məqsədi ilə artileriya qurğularından istifadə etməklə hücuma keçməsi düşmənin növbəti təxribatıdır. Dünyanın COVID-19 adlı gözəgörünməz  düşmənlə mübarizə apardığı vaxtda Ermənistanın və onun baş naziri Paşinyanın bu eybəcər və iyrənc təxribatları bir daha erməni siyasi riyakarlığının dünyaya açıq nümayişi oldu. Fikrimcə, Ermənistanda Paşinyan iqtidarına qarşı artan xalq etirazları fonunda daxili stabilləşməni təmin etmək üçün bu təxribatlar birbaşa erməni baş nazirinin öz siyasi ömrünü uzatması naminə həyata keçirilən siyasi və hərbi həmlələrdir. Paşinyan cəbhədə artan gərginlik fonunda öz xalqını sadəcə təhdid və şantaj altında saxlamağa çalışır. Öz rəqiblərini həbsə atan, azad mətbuatı susduran, xalqını təhdid, şantaj və qorxu altında saxlayan Paşinyan rejimindən artıq nəsə gözləməyə dəyməz. Hesab edirəm ki, cəbhədə ermənilərin törətdiyi təxribatlar lazımı səviyyədə cavablandırılıb. Azərbaycan ordusu öz gücünü düşmənə bir daha nümayiş etdirib. Düşmənə verilmiş cavab kifayət qədər adekvat olub. Lakin mən o düşüncədə qalıram ki, hərçənd ki, işğalçı Ermənistan cəbhədə təxribatlar törədərək atəşkəs rejimini pozub, Azərbaycan da bu prosesdən maksimum istifadə etməli və ərazilərimizi düşməndən, bir qrup terrorçudan təmizləmə istiqamətində gərəkən digər addımları atmalıdır.” Bu fikirləri “İki sahil”ə açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Gələcək Azərbaycan Partiyasının sədri qeyd edib ki,  düşmənin belə təxribat xarakterli hücumları yenilik deyil və gözləniləndir: “Çünki, Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə  güclənməsi, dövlət başçısının son dövrlərdə irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi erməni lobbisini və xaricdəki Azərbaycanı istəməyən ermənipərəst qüvvələri ciddi narahat etməyə bilməz.  Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Azərbaycan Respublikası Prezideni cənab İlham Əliyevin dünyanın 130 ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu, bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın hansı həddə çatdığını göstərir. Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir.”

A.Şakiroğlu bildirib ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi təkcə diqqəti ölkədə olan ağır sosial-iqtisadi vəziyyətdən və COVİD-19 ilə bağlı acınacaqlı durumdan yayındırmaq deyildi.  Məqsəd həm də sərhəddə gərginlik yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və təşkilatın arxasında daldalanmağa çalışır. Lakin onların bu ümidləri də puç oldu. İyulun 13-də MDB-yə daxil olan Kollektiv Təhlükəsizlik Təşkilatına üzv dövlətlərə Ermənistanın etdiyi rəsmi müraciətə baxmayaraq bu müraciət qurum tərəfindən rədd edilmişdir. KTMT daxilində sağlam məntiq qalib gəldi və sözügedən məsələ ilə bağlı təşkilatın planlaşdırılan növbədənkənar daimi şura görüşü ləğv olundu. Bu barədə xəbər KTMT internet ünvanından silindi. KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşür.

 

Yaqut Ağaşahqızı, “İki sahil”