29 iyul 2020 18:04
358

Paşinyan siyasi reytinqini niyə sürətlə itirir?

Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə onu asanlıqla gülüş hədəfinə çevirir

 

İyulun 13-dən 16-dək Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki hərbi təxribatlarının qarşısının ordumuz tərəfindən qətiyyətlə alanması və onların bir neçə mühüm hərbi obyektlərinin, o cümlədən xeyli canlı qüvvəsinin məhv edilməsi Ermənistanı dərhal geri çəkilməyə məcbur etdi. Əslində Ermənistanın bu hərbi təxribatının arxasında çox böyük məkr dururdu. Məqsəd Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək Rusiya başda olmaqla oradakı üzv respublikaları Azərbaycanın üzərinə qaldırmaq idi. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: « Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər.»

Təbii ki, Nikol Paşinyan bu rəzil məqsədinə nail ola bilmədi. Hətta KTMT-nin təcili çağrılmış iclası Azərbaycana görə təxirə salındı. Lakin bir müddətdən sonra çağrılan iclasda onu adam yerinə qoymadılar. Bir sözlə, orada ona ümumiyyətlə, diqqət yetirən olmadı. Bu, bir daha təsdiq etdi ki, Ermənistanın riyakarlığı hətta ən yaxın müttəfiqlərinin belə ondan üz döndərməsinə səbəb olub. Bu barədə Prezident İlham Əliyev bildirib: «Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır.»

Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyan küçə gədəsi olduğu üçün siyasi kimliyinin bərbadlığı həmişə onu gülüş hədəfinə gətirib.Məhz bu mənada 2020-ci ildə Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı beynəlxalq tədbirlərdə, bir neçə dəfə həm də bütün dünya qarşısında həm tarixi faktlarla, həm də müdrik siyasi cavabları ilə ifşa edərək onu siyasi kluarlarda pat vəziyyətinə salıb. Belə ki, bu ilin fevralında Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Paşinyanı tarixi faktlar qarşısında aciz duruma düşürməklə bütün beynəlxalq aləmi ona güldürdü.

Hətta Paşinyan necə karıxmışdısa öz dili ilə «Qarabağ tarixi Azərbaycan torpağıdır» dedi və tez də üzr istədi. Təbii ki, dil çaşıb düzünü deyər. Həmin panel müzakirələrdə ölkəmizin başçısı bir daha dünyaya bəyan etdi: «Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!»

İk ay öncə isə Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən son Sammitində Prezident İlham Əliyev Nikol  Paşinyana və onun timsalında Ermənistana ciddi diplomatik  zərbə vurdu. Ölkəmizin başçısının Azərbaycanın üzləşdiyi işğalla bağlı faktları diqqətə çatdırması isə həmin sammitdə iştirak edən Ermənistanın baş naziri N.Paşinyanın növbəti dəfə özünü ictimaiyyət qarşısında biabır etməsi ilə nəticələndi. Hər dəfə olduğu kimi, beynəlxalq təşkilatların tədbirlərində də söz alıb Prezident İlham Əliyevin fikirlərinə cavab vermək istəyən erməni baş nazir yenə də özü-özünü çıxılmaz vəziyyətə saldı. Erməni baş nazirin söhbətə qeyri-peşəkar müdaxiləsi, cılız davranışları, yersiz replikaları bir daha göstərdi ki, o, təcrübəli dövlət başçıları və siyasətçilər arasında ən piyadasıdır.

Əslində, Paşinyanın tez-tez özünü rüsvay etməsində təəccüblü heç nə yoxdur. Çünki ermənilərin xəstə təfəkkürü məhz yalan və saxtakarlıq üzərində qurulub. Erməni baş nazirin sözügedən Sammitdə daha bir yalanı isə Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarı ilə bağlı olmuşdu. Belə ki, Paşinyan yalan danışaraq iddia etmişdi ki, guya həmin qərarda Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyi barədə fikirlər yer alıb. Onun daha bir «arqumenti» isə Ramil Səfərovun Azərbaycana ekstradisiyası və ölkəsində qəhrəman kimi qəbul olunması idi.

Birincisi, Avropa İnsan Hüquqları Məhkəməsinin mayın 26-da çıxardığı «Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı» işi üzrə qərar hər kəs üçün əlçatandır və tanışlıq göstərir ki, həmin sənəddə Paşinyanın iddia etdiyi kimi, Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirməsi ilə bağlı bir söz belə yoxdur. Eyni zamanda, bu qərarın çıxarılması ilə erməni tərəfi qarşıya qoyduğu əsas hədəfə nail ola bilməyib və Budapeşt şəhərində baş vermiş hadisəyə görə Azərbaycanın məsuliyyət daşıması barədə ermənilərin iddiası tamamilə iflasa uğrayıb. Belə ki, hadisənin fərdi davranış əsasında törədildiyi qərarda qeyd olunub.

İkincisi isə, Ramil Səfərovun əfvi heç bir beynəlxalq razılaşmanın və öhdəliyin ziddinə deyil. Dövlət başçısının əfv etmə səlahiyyətləri suveren qaydada həyata keçirilir, heç bir dövlət və ya dövlətlər qrupu, beynəlxalq təşkilat, beynəlxalq məhkəmə orqanları bu səlahiyyətə müdaxilə edə bilməz.

Prezident İlham Əliyevin  «Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə də belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim» sözləri isə cəmi bir neçə cümlə ilə Ermənistanın terrorçu siyasətinin ifşası oldu.

Prezident İlham Əliyev erməni terrorçuluğunun yalnız bir epizodunu xatırlatdı. Erməni terroru ilə bağlı faktları kifayət qədər uzatmaq olar. Çünki onların həyata keçirdikləri qanlı cinayət əməllərinin sayı bir deyil, iki deyil… Bu hadisələr zamanı zərərçəkənlər həm də elə Avropa və Amerika vətəndaşları olublar.

Beləliklə, belə hadisələr fonunda ölkəmizin başçısı Ermənistanın əfəl rəhbərliyinə daldadal diplomatik zərbələr vurmuşdur. Bu mənada beynəlxal sammitlərdə Paşinyanın salındığı siyasi nokautlar Ermənistanın beynəlxalq səviyyədə ifşa olunmaq siyasətinin davamıdır.

Elçin Zaman, «İki sahil»