KÖŞƏ

Sevinc Azadi

Paşinyan Tovmasyana qalib gələ biləcəkmi?

04 mart 2020 20:32
2967

Məlum olduğu kimi, Ermənistan referenduma hazırlaşır. Ümumxalq səs verməsinə çıxarılan məsələ 2015-ci il konstitusiya islahatından əvvəl təyin olunmuş Konstitusiya Məhkəməsinin sədri və bəzi üzvlərinin səlahiyyətlərinin ləğv edilməsidir. “Məxməri inqilab”dan sonra hakimiyyətə gəlmiş Nikol Paşinyan hakimiyyəti məhkəmə sistemində islahatlar məsələsində ciddi problemlərlə üzləşdiyini bildirib. Baş nazir Paşinyan dəfələrlə bildirib ki, hazırkı məhkəmə strukturlarını “xüsusilə, ali məhkəmə orqanlarında əksəriyyəti keçmış rejimlə bağlı kadrlar” təşkil edib. Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan isə Serj Sarkisyanın rəhbərlik etdiyi sabiq iqtidar Ermənistan Respublikaçı Partiyasının son yüksək vəzifəli üzvüdür. Hrayr Tovmasyan və Konstitusiya Məhkəməsinin 7 üzvü könüllü istefaları təqdirdə maaşlarını ömürlük pensiya şəklində almaq təklifindən imtina edərək istefa verməyəcəklərini bildiriblər.

Aprelin 5-də keçiriləcək referendumda əksər siyasi qüvvələr iştirak etmək istəmədiklərini elan etdikləri halda Paşinyan geri çəkilmək niyyətində deyil. Bu referenduma ölkədəki siyasətçilərin münasibəti müxtəlifdir. Məsələn, bəziləri bunu Paşinyanın öz səlahiyyətlərindən sui-istifadə etməsi kimi xarakterizə edirlər. “Qolos Armenii” saytına danışan hüquq müdafiəçisi Vahan İşxanyan bildirib ki, əgər, Paşinyan referendumdan qalib çıxsa, bu halda Ermənistanda qanunun aliliyi yox olacaq. Onun sözlərinə görə, ölkə məhkəmələrini öz təsiri altına salacaq Nikol bununla da ermənilərin zəlil günlərinə start vermiş olacaq.

Paşinyanın referendumdakı qələbəsinə inanmayanlar aprelin 5-dən sonra ölkədə kütləvi iğtişaşlarla başlayan yeni dövrün gözləndiyini də istisna etmirlər. Referendumdan sonra xalqın yenidən küçələrə axışıb bu dəfə artıq sərt şəkildə Nikolun dərhal istefasını tələb edəcəyi istisna edilmir. Vurğulanır ki, əhali iki ildir baş nazirin yalanlarını eşitməkdən yorulub. Səriştəsiz Paşinyanın “fəaliyyətinin” nəticəsidir ki, bu gün Ermənistan iqtisadiyyatı iflic olub, ölkəyə investisiya yatıran yoxdur, həyat hər gün daha bahalı olur, yoxsulların sayı artır, dövlət sektorunda maaşlar azaldılır.

“Qolos Armenii” saytı müəllimlərin məvaciblərinin gecikdirilməsini, sosial proqramların ixtisar edildiyi bu şəraitdə baş nazirin iqtisadi problemləri bir tərəfə ataraq ay yarım müddətində antikonstitusiya layihəsi üçün kampaniya aparacağına mənfi yanaşırlar. Çünki kampaniyaya xərclənəcək vəsait nə Paşinyanın, nə də onun ətrafının deyil, sadə ermənilərin cibindən xərclənəcək. Kampaniyada şəxsən iştirak edəcək Paşinyan, həll olunmamış məsələlərlə bağlı adi vətəndaşların çoxsaylı suallarını dinləyib onlara yeni şirin vədlər verəcək. Göründüyü kimi ölkə vətəndaşları isə aprel referendumunun onların real problemləri ilə əlaqəli olmadığını artıq başa düşürlər. Buna görə də onların könüllü olaraq seçki məntəqələrinə gedib Nikolun xeyrinə səs verəcəyi elə də inandırıcı görünmür.

Bu halda Nikolun çıxış yolu əyalətlərdə özünə dəstək axtarmasıdır. Lakin artıq Ermənistan əyalətlərində də hökumətdən narazılıqlar hər keçən gün artır. Sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılması ümidverici deyil. Problemlərin həlli yalnız ölkəni tərk etməkdir. Ermənistan iqtisadiyyatının yaxşılaşması reallaşmayan arzudur. Hökumətin maaşların və pensiyaların artırılması ilə bağlı verdiyi vəd yalandır. Ölkəni idarə edənlər əhalinin gəlirlərini artırmaq istəmirlər. Ermənistan hökuməti erməni xalqını səfalətə məhkum edir.

İşğalçı ölkənin ordu quruculuğu prosesində yaşanan problemlərin miqyası da davamlı surətdə genişlənməkdədir. Həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən erməni hərbçilərinin sayı durmadan artır. Hərbi qulluqçular arasında yoluxucu xəstəliklərin tüğyan etdiyi bir vaxtda növbəti hadisə baş verib. Belə ki, Ermənistanda sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qafanda yerləşən hərbi hissələrdən birində xidmət edən hərbi qulluqçu İqor Sarkisyan koronovirusa yoluxduğu üçün təcili hospitala yerləşdirilib. Bir neçə gün əvvəl hərbi qulluqçunun koronavirusa yoluxduğuna dair xəbər verilməsinə baxmayaraq, bu, onun valideynlərindən və ictimaiyyətdən gizlədilir. Hərbi qulluqçu təcrid edilərək karantinə alınıb. Onun ailə üzvləri ilə əlaqə saxlamasına da icazə verilmir. Bütün bunlar xalqın böyük narazılığına yol açır və bir daha Ermənistanda gərgin vəziyyətin davam edəcəyini aydın şəkildə göstərir.