30 sentyabr 2020 09:56
542

Paşinyan və hökuməti artıq acı məğlubiyyətin dadını hiss edir

Danışıqlar masasında beynəlxalq hüquqa tabe olmayan və hərbi-siyasi təxribatlarını davam etdirən işğalçı Ermənistan Azərbaycan Ordusunun həmləsinə tab gətirə bilmədiyi üçün artıq kompromisdən danışır

Bütün dünya Nikol Paşinyan və onun hökumətinin verdiyi saxta vədlərin, səsləndirdikləri sərsəm açıqlamaların özlərinə və ölkələrinə hansı ciddi fəlakətlər törətdiyinin şahidi olur... Bəli, Paşinyan avantürist siyasət yürüdür. O bunun bədəlini mütləq ödəyəcək. Axı, tarix hər kəsə layiq olduğu qiyməti verir. Paşinyanın ilk avantürası ondan ibarət oldu ki, Ermənistan vətəndaşı olan öz oğlunu hərbi qulluğa Qarabağa - Azərbaycan ərazisinə göndərdi, bu tamaşadan səhnələri manşetlərə çıxardı.

Daha sonra siyasi ətrafı ilə bir yerdə, nümayişkaranə şəkildə Qarabağa müntəzəm səfərlərə başladı. Cəzasızlığına əmin olduqca, populist gedişlərinin öz cəmiyyətinə emosional təsirini hiss etdikcə, həmsədrlərin susqunluğundan istifadə edib növbəti səfərlərindən birində, Azərbaycan torpağında “Qarabağ Ermənistandır” kimi sərsəm bir bəyanat verdi. Çox keçmədi qədim Şuşamızda qondarma “DQR”in qondarma “prezidenti”nin dırnaqarası “andiçmə mərasimini” keçirdi, Cıdır düzündə kef məclisi qurdu, rəqs edib növbəti avantürist tamaşaya müəlliflik etdi. Bütün bunlar təkcə bizim yox, həmsədrlərin, dünyanın gözü qarşısında baş verirdi. Lakin Ermənistanın siyasi hakimiyyətinə heç kim irad tutmurdu ki, onun etdikləri təhlükəli təxribat, danışıqları pozmaq deməkdir. Belə münasibət Paşinyan kimi populist birisini şirnikləndirməyə bilməzdi və o, elə buna görə növbəti siyasi təxribata əl atdı. Elan etdi ki, Ermənistan münaqişədə ümumiyyətlə, tərəf deyil, danışıqlar qondarma “Dağlıq Qarabağ respublikası” ilə aparılmalıdır. Bu avantüranın məqsədi danışıqlar formatını dəyişdirmək, onu pozmaq, status-kvonu saxlamaq idi.

Dünya birliyi, o cümlədən həmsədrlikdə təmsil olunan güclər bu populist siyasətçini başa salmadılar ki, danışıqlar BMT-nin 27 il əvvəl qəbul etdiyi məlum dörd qətnaməsi əsasında aparıla bilər. Prezident İlham Əliyev Paşinyana təhlükəli və yanlış yolda olduğunu izah etdi, münaqişənin yeganə hüquqi həll variantını göstərdi. Ermənistan icrası məcburi olan BMT qətnamələrinə əməl etməli, işğal etdiyi Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxmalıdır, azərbaycanlılar isə öz doğma torpaqlarına qayıtmalıdırlar. Paşinyan hakimiyyətinin növbəti avantürası ondan ibarət oldu ki, Ermənistanın müdafiə naziri yeni ərazilər uğrunda yeni müharibə çağırışını etdi. Lakin təxribatlar bununla da bitmədi. Bir az da irəli gedildi. Yaxın Şərqdən etnik ermənilərin Qarabağa köçürülməsinə, qanunsuz məskunlaşdırma siyasətinin yeni mərhələsinə start verildi. Bu, 1949-cu il Cenevrə Konvensiyasının pozulması, növbəti hərbi cinayət, Qarabağda etnik dəyişim, işğal və ilhaq siyasətinin açıq-aşkar həyata keçirilməsi demək idi. Buna baxmayaraq, Ermənistan rəsmilərinə yenə də başa salan olmadı ki, onlar bununla danışıqlar prosesinə sarsıdıcı zərbə vururlar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının sammitində Paşinyanın üzünə qarşı açıq şəkildə bildirdi ki, Njdeni erməni millətinin qəhrəmanı elan edən Ermənistan siyasi hakimiyyəti faktiki nasizm ideologiyasının təbliği ilə məşğuldur. Bu ideologiyanın təməlində isə milli mənsubiyyətə görə etnik təmizləmə, irqçilik, dini və milli zəmində insanlığa nifrət dayanır. Dövlət başçısı tarixi və hüquqi faktları saxtalaşdırmaq siyasəti yürüdən Paşinyanı Münhen Təhlükəsizlik Konfransında da ifşa etdi. Bütün bu ifşalara baxmayaraq, iyulun 12-də Ermənistan siyasi təxribatlardan hərbi təxribata keçid aldı, dövlət sərhədinin Tovuz rayonu istiqamətində mülki məntəqələrimizi ağır artilleriya və minomyotlardan atəşə tutdu. Məqsədlərdən biri həmin ərazidən keçən strateji əhəmiyyətli enerji və nəqliyyat infrastrukturumuza zərər vurmaq, üçüncü tərəfləri münaqişəyə cəlb etmək idi. Ordumuzun qətiyyəti sayəsində bu təxribatın qarşısı alındı.

Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi və Avropa Komissiyasına Ermənistanla bağlı açıq ismarıcını göndərdi: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.

Lakin bu bəyanat və məlumatlandırmalar Ermənistanın hərbi avantürasını durdura bilmədi. Sentyabrın 27-də ağır artilleriya və iri çaplı silahlardan hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz intensiv atəşə tutuldu. Təkcə Naftalan rayonunun Qaşaltı kəndində Elbrus Qurbanov və ailəsinin dörd üzvü faciəvi şəkildə həlak oldular, hərbi qulluqçularımız arasında şəhid olan və yaralılar var. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Azərbaycanın qüdrətli ordusu buna layiqli cavab verməkdədir.

Ermənistan parlamenti sentyabrın 27-də hərbi vəziyyət elan etdi. Dünənə qədər münaqişədə tərəf olmadığını deyən Paşinyan parlamentdə deputatlara belə bir müraciət etdi: “Əgər siz Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtariyyət, hətta ən yüksək səviyyədə muxtariyyət statusu ilə qalmasına razısınızsa, biz indidən geri çəkilək”. Deputatlar yox cavabı veriblər. Təkcə bu faktın özü o deməkdir ki, Ermənistan təcavüzkar və işğalçı siyasətindən əl çəkmək, beynəlxalq hüquqa əməl etmək fikrində olmayıb və indi də deyil. Bu dövlət münaqişədə iştirak edən işğalçı tərəfdir, çoxsaylı hərbi cinayətlərin müəllifidir. Cinayətkar isə mütləq cəzalandırılmalıdır. Danışıqlar masasında beynəlxalq hüquqa tabe olmayan və hərbi-siyasi təxribatlarını davam etdirən işğalçı Ermənistan Azərbaycana əks-hücumdan başqa yol saxlamadı.

İndi də Azərbaycan Ordusunun həmləsinə tab gətirə bilmədiyi üçün Ermənistan artıq kompromisdən danışır. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Fransanın “France 24” telekanalına müsahibəsində deyib: “Bu genişmiqyaslı əməliyyatlar bizi çox narahat edir”. Mnatsakanyan rəsmi İrəvanın kompromisə hazır olduğunu bildirib: “Əlbəttə, münaqişənin Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini istəyirik, buna sadiqik. Münaqişənin sülh yolu ilə həll edilməsi, kompromisə əsaslanan həll variantının tapılması maraqlarımıza uyğundur”.

Göründüyü kimi, “Qarabağ Ermənistandır”, “Yeni ərazilər üçün yeni müharibə” kimi cəfəng bəyanatlar verən Ermənistan indi güc yolu ilə başa salınır. Mövcud vəziyyət ondan xəbər verir ki, terrorçulardan təşkil edilmiş Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz vəziyyətdədir. Hərbi əməliyyatlar fonunda artıq Ermənistanın ciddi çətinliklər yaşadığı da məlumdur. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı da bu xüsusda artıq maraqlı məqamlar açıqlayıb: “Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik. Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır. Yaralılar və meyitlərin təxliyyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsilə həyata keçirilir”.

Bunlar fonunda hərbçi ekspert Üzeyir Cəfərov da maraqlı açıqlamalarla çıxış edib: “Basarkeçər-Ağdərə avtomobil yolunun vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir”. O, cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi və işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Basarkeçər-Ağdərə avtomobil yolunun nəzarətinə götürməsini şərh edərkən bildirib ki, işğaldan azad olunan Murovdağ zirvəsinin strateji əhəmiyyəti çox böyükdür: “Ermənistan ərazisindən Dağlıq Qarabağa iki əsas yol var. Bunlardan birincisi Laçın dəhlizidir. Düşmən Şuşa və Xankəndi ərazisinə silahları və hərbi yardımları bu yolla daşıyır. Amma ən əsas və ən qısa yol M-11 magistralıdır. M-11 yolu İrəvandan başlayaraq Basarkeçər ərazisinə qədər davam edir, ordan da Kəlbəcərə bağlanır. Kəlbəcər rayonunun Ermənistan və Dağlıq Qarabağla tək bağlantısı bu yoldan ibarətdir. Ordumuz bu yola nəzarəti ələ keçirməklə həm Kəlbəcəri blokadaya salmış, həm Xankəndiyə gedən yardımların önünü kəsmiş, həm də Ağdərə rayonuna gedən hərbi yardımların qarşısını qismən almış olur. M-11 yolunun və Murovdağ zirvəsinin işğaldan azad edilməsi, faktiki olaraq, ordumuzun Kəlbəcəri tamamilə, Ağdərəni isə qismən blokadaya alması deməkdir”.

Ekspertlər qeyd edirlər ki, ordumuz öz uğurlu əməliyyatları ilə bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imza atır, digər tərəfdən münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə uyğun hərəkət edir. Başqa sözlə, işğalçı erməni ordusundan fərqli olaraq, Azərbaycan ordusu öz torpaqlarında, ədalətin bərpası uğrunda döyüşür. Prezident İlham Əliyevin dediyi kimi: “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

Sevinc Azadi, “İki sahil”