30 yanvar 2019 11:01
149

Paşinyandan “erməni dilənçiliyi”nin sivil forması

Erməniçilik ideologiyası tarixən genetik xəyanət, yaltaqlıq, ələbaxımlılıq, dilənçilik kimi qeyri-bəşəri və qeyri-insani əməllər üzərində qurulub. Düşdukləri ağır iqtisadi durumdan xilas olmaq üçün dünya boyunca “xeyriyyə marafonu” kimi zahirən gurultulu bir ad altında dilənməyə məhkum olan bugünkü Ermənistan rəhbərliyi dilənçiliyin ən ifrat formalarını işə salmaqla ermənilərə xas olan dilənmək sənətini daha da təkmilləşdirir. Belə ki, “erməni dilənçiliyi”nin daha sivil formasını tapmağa çalışan Ermənistanın baş naziri Nikol Paşinyanın beynəlxalq maliyyə qurumlarından ölkəyə vəsait cəlb etməklə bağlı çabaları bunun bariz nümunəsidir. Lakin bu vədlər də özünü doğrultmadı. Reallıq ondan ibarətdir ki, nəinki maliyyə qurumları, o cümlədən heç bir xarici ölkə Ermənistana böyük pullar vəd etmir. Hakimiyyətdə olduğu müddətdə ona 30-40 milyon avro vəd etmişdilər, ancaq bunu belə əldə edə bilmədi. Halbuki Ermənistanın daha böyük maliyyəyə ehtiyacı var. Ekspertlərin fikrincə, Paşinyan bu ilin ortasına qədər heç bir irəliləyiş əldə etməsə, ilin ortasına yaxın həm daxili, həm də xarici siyasətdə çox ciddi çağırışlarla, sınaqlarla üz-üzə qalacaq.

“Paşinyan komandasının inqilabdan sonra ölkəyə Qərbdən maliyyənin sel kimi axacağı barədə utopiyaları iflasa uğradı. Məsələ bundadır ki, bəzi ianələr istisna olmaqla, Qərb Ermənistana, hələ ki, heç nə verməyib”. Bu sözləri “Sputnik Armeniya” saytına müsahibəsində erməni politoloq Ervand Bozoyan deyib. Göründüyü kimi, xaricdən Paşinyan hökumətinə “gəl-gəl” deyən çox olsa da, hələ ki real siyasi və maliyyə dəstəyi verən yoxdur. Hətta zəngin erməni lobbisi də hələlik tərəddüd içində olduğundan, Ermənistanda islahatlar həbslər və təqiblərdən o yana keçə bilmir. Ölkəyə vəd olunan böyük investisiya axını, pul-para isə aylardır ki, gözə dəymir. Doğrudur, Paşinyanın “islahat” adına nəsə eləməsi, daha dəqiqi, çabalamaları Qərbə xoş gəlir. Ancaq yetərli deyil. Necə deyərlər, qismən islahat olmur. O ya var, ya da yoxdur. Qərb isə pulu elə-belə vermir, real islahatlara qədər də verməyəcək. Ac-yalavac, iş-gücsüz erməni əhalisi isə yeni hökumətdən qısa zamanda çörək, iş yerləri gözləyir. Ac qılınca çapar deyiblər.

Reallıq budur ki, bu gün Rusiya hərbi faktor da daxil, bilavasitə Ermənistanın içindədir. Onun olan-qalan iqtisadiyyatı, ən əsası, enerji sistemi və təsərrüfatı - Metsamor AES, elektrik-qaz şəbəkəsi Rusiyanın, onun şirkətlərinin nəzarətindədir. Yaxud silah və başqa kreditlərin qarşılığında Rusiyanın mülkiyyətinə keçib. Paşinyan isə bu strateji sahələr üzrə də islahat aparıb Rusiyanın təsirini minimuma endirmək istəyir. Buna məcburdur, çünki iqtisadi müstəqilliyi olmayan ölkənin siyasi müstəqilliyi olmur. Demək, günün birində o, Kremlin “quyruğunu” tapdamaq zorunda qalacaq. Onsuz da o, komandasını anti-Rusiya kadrlarından təşkil eləməklə özünü Kremlin qəzəbinə gətirib. Üstəgəl, Dağlıq Qarabağ ixtilafının yaratdığı izolyasiya rejimi.

Qeyd edək ki, Nikol Paşinyan 2019-cu ili “iqtisadi inqilab ili” elan edib. Lakin arzu başqa, reallıq tam başqa. Ermənistanın yeni rəhbərliyi də sələfləri kimi arzuları gerçəklik kimi qələmə verməyə meyillidir. Ancaq bir azdan o da sərt reallıqla üzbəsurət qalacaq. Anlayacaq ki, iki əsas qonşu dövlət - Azərbaycan və Türkiyə ilə sərhədlər bağlı qaldıqca erməni xalqı rifaha və inkişafa heç vaxt qovuşa bilməyəcək. Bu mənada 2019-cu il Ermənistana keçən illə müqayisədə daha çox sosial-iqtisadi təlatümlər vəd edir, nəinki rifah.

Sevinc Azadi, “İki sahil”