19 noyabr 2019 17:29
739

Paşinyandan Təhlükəsizlik Xidmətinə ŞOK TAPŞIRIQ: Şeytanla əlaqəni tapın!

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə qəribə tapşırıq verib.

Publika.az xəbər verir ki, Paşinyan kəşfiyyatçılara müxalifətlə şeytanın arasında mümkün əlaqəni araşdırmağı əmr edib.

“Zarafat etmirəm və tam ciddi şəkildə deyirəm ki, mən təhlükəsizlik xidmətinə müəyyən dairələrin şeytanla əlaqəsini araşdırmaq tapşırığı vermişəm. Budur, siz gülürsünüz, amma əgər belə bir problem varsa, onda bunu aydınlaşdırmaq lazımdır. Bu, milli təhlükəsizlik məsələsidir”, - Paşinyan deyib.

Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan təsdiq edib ki, baş nazirdən belə bir tapşırıq alıb və nəticələrlə bağlı məlumat verməyə söz verib.

Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə qeyd edib ki, bu, zarafat deyil və baş nazir ciddi şəkildə belə bir tapşırıq verib.

“Belə bir tapşırıq verilib və bunu öyrənmək lazımdır. Çünki bu məsələdən narahat olan və şübhələnən siyasi güclər və şəxslər var. Onların şübhələrini dağıtmaq üçün belə bir araşdırmaya ehtiyac var”, - deyə Qriqoryan bildirib.

Dünyada texnologiyanın inkişafı və insanların Marsa uçmağa hazırlaşdığı bir dövrdə Ermənistanda qədim bütpərəst kultunun məşhurlaşması, eləcə də şeytana sitayiş müşahidə olunur. Məlumatlara görə, hökumət erməni cəmiyyətində isteriyanın artmasının şeytanla əlaqəli olduğuna inanır. Ekspertlər bütün bunların təhsil problemindən qaynaqlandığını hesab edirlər.

Lakin şeytanın Ermənistanda olması iddiasının təkcə cəmiyyətdə yox, hökumətin iclasında da müzakirə edilməsi faktı var. Belə ki, hökumətin iclasında QR kodu (Quick Response Code - “Tez cavab - ştrix kodların növlərindən biri) ilə şeytanın əlaqəsi mövzusuna toxunulub. Ətraf mühit naziri Erik Qriqoryan ovçuluq icazəsinin onlayn alınması ilə bağlı yenilikdən danışarkən, Paşinyan şikayət edib ki, Ermənistanda vətəndaşlar elektron sazişlərlə bağlı məlumatlandırılmır, ona görə də bu sahədə geriləmə var.

“İnsanlar bu haqda ya bilmirlər, ya da onlayn vasitəsilə saziş imzalamağa qorxurlar, xüsusilə satanizm işarələrindən çəkinirlər”, - o bildirib.

Müşahidələrə görə, erməni cəmiyyətində satanizm – şeytan qorxusu getdikcə artır. Misal üçün, noyabrın ayının əvvəlində bir qrup İrəvanın mərkəzində aktyorlara hücum etdi. Buna səbəb aktyorların alman dramaturqlarının birinin pyesini tamaşaya qoyması və həmin tamaşada satanizm elementlərinin olması idi. Həmin hadisədən bir neçə gün sonra Britaniyanın məşhur qrupu “Jamiroquai”nin İrəvanda verdiyi konsert sərt reaksiyaya səbəb oldu. Konsertdə ailəsi ilə iştirak edən Nikol Paşinyan camaatı sakitləşdirmək üçün sosial şəbəkə hesabında yazdı ki, “ərazini xüsusi nəzarətlə yoxlayıblar və orada nə şeytan, nə də satanlar olmayıb”.

Rusiyalı ekspert, şərqşünas Dmitri Verxoturov hesab edir ki, QR kodu internetdə naviqasiya sistemidir: “Lakin xristianlıqda texnoloji yeniliyi satanizmlə əlaqələndirən cərəyanlar var, xüsusilə ABŞ protestantları bundan əziyyət çəkirlər. Ehtimal ki, erməni cəmiyyətində də analoji proses inkişaf edir”.

Lakin ekspert güman edir ki, Paşinyanın bunu komandasının siyasi fobiyasına çevirdi.

“Erməni xristianlığında bu cür qorxular həmişə mövcud olub. İndi texnoloji inkişafın Ermənistana çatmasına görə kəskinləşib. Hansısa ictimai qaynama baş verir və Paşinyan da populist kimi bu qaynamadan öz marağı üçün istifadə edir”, - deyə o bildirib.

Rusiyalı politoloq Sergey Markov da hesab edir ki, Paşinyan QR kodundan öz siyasəti üçün yararlanır.

“O, təhlükəsizlik xidmətini prosesə qoşdu və hədəfi opponentlərlə mübarizə aparmaqdır. Axı erməni Qriqoryan kilsəsində Paşinyanın qərbyönümlü siyasi kursuna qarşı çıxanlar çoxdur. Mühafizəkar olan bu dairələr tez-tez QR koduna qarşı çıxır. Baş nazir onları xüsusi xidmət orqanlarının köməyi ilə burmağa başladı”, - Markov qeyd edib.

Paşinyanın şeytan ovuna çıxması Bulqakovun “Master və Marqarita” əsərindəki məşhur “Şeytan Moskvadadır” sözlərini xatırladır. “Şeytan İrəvandadır” və Ermənistanda bu dəfə baş verənlər siyasi təxəyyülün absurdluğunu göstərir.