05 fevral 2019 13:27
202

Paşinyanı müxalifətin sarsıdıcı sürprizi gözləyir

“Ermənistanın daxili siyasi həyatında heç bir ciddi irəliləyiş yoxdur, məyus olan insanların sayı getdikcə artır, bundan istifadə edən müxalifət isə öz proqramını səssizcə və planlı şəkildə təkmilləşdirir”

Azvision.az xəbər verir ki, bunu Ermənistanın “İrates” qəzeti yazıb. Etibarlı mənbələrinə istinad edən qəzet bildirib ki, hazırda ölkənin əsas müxalif cəbhəsinin Paşinyana qarşı ciddi işə keçməməsinin səbəbi hökumətin daha çox səhvlər buraxmasını və hakimiyyətdə olduğu bir il müddətində verdiyi vədlərin əksinə olaraq, dövlətin borcunu 7 milyard dollara yaxınlaşdıran baş nazirə mayda sarsıdıcı sürpriz etməyə hazırlaşmaları ilə əlaqədardır. Və müxalif cəhbədə birləşib bu sürprizə hazırlaşanlar təkcə Paşinyana görə istefaya məcbur edilən Serj Sarkisyan və onun Respublikaçılar partiyası yox, həm də həbsdəki Robert Koçaryanın komandası və yeni hökumətin yoxlamalarından narazı oliqarxlarıdır. 

“Əgər sosial-iqtisadi həyatda nəzərəçarpan nəticələr olmasa, onda Nikol Paşinyan hakimiyyəti günbəgün öz mövqelərini və sosial dayaqlarını itirməyə başlayacaq. Belə vəziyyətdə kifayət qədər güclü təbliğat kampaniyası və savadlı addımların köməyilə parlamentdənkənar müxalifət hakimiyyətin mövqelərini düşündüyümüzdən daha sürətlə sıradan çıxaracaq. Məlumata görə, əvvəlki rəhbərliyin nümayəndələri – söhbət təkcə Respublikaçılardan yox, həm də Koçaryan qanadından gedir – mayda hakimiyyətə gəlməsinin bir ili tamam olacaq Paşinyana ciddi sürprizlər etməyi planlaşdırırlar. Lakin bu sürprizin hansı format və növdə olacağını öyrənə bilmədik, çünki proses hələ müzakirə mərhələsindədir və ciddi hazırlıq davam edir. Belə vəziyyətdə hər şey Paşinyandan asılıdır: əgər o, ciddi islahatlar apara və məyusluq çarxını dayandıra bilsə, müxalifət istəyinə çatmayacaq. Əks təqdirdə, biz Ermənistanda növbəti sarsıntılar və siyasi özbaşınalığın şahidi olacağıq”, – qəzet yazıb.