KÖŞƏ

Sevinc Azadi

Paşinyanın feyk hökumətinin sonu yaxınlaşır

10 may 2019 11:01
1479

Ermənistanda ötən ilin aprelində yaşanan dövlət çevrilişindən sonra fəaliyyət göstərən yeni hökumət elə əvvəlkinin davamı olduğunu sübut etməkdədir. Ölkə müxalifəti hazırkı Nazirlər Kabinetini feyk-hökumət elan edib. Onların fikrincə, “İnqilab şinelini çıxarmayan” Paşinyan özünü baş nazir kimi aparmır. Faktiki olaraq ölkədə hökumət deyil, Paşinyanın rəhbərlik etdiyi inqilab komitəsi mövcuddur.

Paşinyan əlində “sehrli çubuq” olduğunu deyir və əhaliyə iqtisadiyyatda sıçrayışlar, iqtisadi inqilab vəd edirdi. Bütün bu vədlər elə vəd olaraq da qalmaqdadır. “Hazırda hökumət, hər hansı bir tənqidə qulaq asmır və inqilabla hakimiyyətə gəldikləri kimi də eyni ruhda “fəaliyyətlərini” davam etdirirlər. Amma başa düşməlidirlər ki, əgər ölkə siyasəti belə, yəni eyni ruhda davam edərsə, bu halda Ermənistanda hökumət özü də əziyyət çəkəcək”. Xatırladaq ki, bu fikirlər ermənilərin “1in.am” saytının etiraflarıdır. Sayt artıq ölkədə həyəcan təbilinin çalınacağına o qədər də çox qalmadığını gizlətmir. Saytın ehtimalına görə, artıq hökumətdə böhranın bəzi elementləri müşahidə edilməkdədir. Belə ki, artıq hakimiyyət daxilində müxtəlif rəqib qanadların formalaşdığı da istisna deyil. Hətta bu qüvvələrin hakimiyyətə daha çox təsir göstərməyə çalışdığı da artıq sezilməkdədir.

Qeyd edilməlidir ki, Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətini cinayətkar oliqarxik sistem kimi təqdim edən sayt bu sistemdə aşağıdan ən yüksək səviyyəyə qədər korrupsiyanın hökumətin bütün nümayəndələri üçün adi hal aldığını və bundan məmnuniyyətlə faydalandıqlarını bildirir. Saytın ehtimalına görə, hökumətdə böhranın bəzi elementləri müşahidə edilməkdədir. Belə ki, artıq hakimiyyət daxilində müxtəlif rəqib qanadların formalaşdığı da istisna deyil. Hətta bu qüvvələrin hakimiyyətə daha çox təsir göstərməyə çalışdığı da artıq sezilməkdədir.

Bu gün Ermənistan hakimiyyətinin heç bir ideoloji əsasının olmadığını bildirən sayt, ölkənin dövlət idarəetmə sisteminin əsas hissəsinin “nikolizm” olduğunu bildirərək yazır: “Hazırkı Ermənistanın mövcud hakimiyyəti formaca demokratik kimi təqdim edilsə də, məzmunca avtoritar hökumət olaraq qalmaqdadır. Belə görünür ki, hazırkı hakimiyyət institusional olmadan və sistem kimi ancaq Nikol Paşinyanın şəxsiyyətinə əsaslanır. Unutmaq lazım deyil ki, bu yalnız hökumət üçün deyil, həm də dövlət üçün böyük təhlükədir”.

Göründüyü kimi, əvvəllər sakit dayanan və baş verənləri seyr etməklə kifayətlənən erməni KİV-ləri və siyasətçiləri artıq N.Paşinyanın davranış məntiqindən uyğun nəticələr çıxarırlar. Nəticədə, belə bir mənzərə alınır: N.Paşinyan dəqiq siyasi hədəfi olmayan boşboğaz mitinq-meydan “qəhrəmanı”dır, siyasi proqramı mövcud deyil, hakimiyyət hərisidir və onu saxlamaq üçün hər şeyə gedər, konstitusiyaya tam əməl etmir.

Etiraf edək ki, bu sadalanan çatışmazlıqlar bir siyasi lider üçün həddən artıqdır. Hətta onlardan hər hansı birinin mövcudluğu şəraitində belə uğurlu iqtidar olmaq mümkünsüzdür. Erməni siyasətçilərin özlərinin verdiyi yuxarıdakı xarakteristika onu göstərir ki, N.Paşinyan bir şəxs olaraq çox eqoist, siyasətçi olaraq qeyri-peşəkar (peşəkar siyasətçinin konkret siyasi hədəfi və əsaslı fəaliyyət proqramı olur), iqtidar olaraq isə qanunları mütəmadi pozandır. Bu qüsurlarla dövlətə başçılıq etmək olarmı? Əslində, Ermənistanda hər şey olar, çünki onun özü də qondarma, feyk dövlətdir.