KÖŞƏ

Sevinc Azadi

Paşinyanın “islahatları” özünü doğrultmadı

27 yanvar 2020 19:55
2489

Ermənistanda iqtisadi böhran siyasi kataklizmlərlə müşayiət olunur

Bir-biri ilə döyüşən klanlar sabit idarəetməyə nail ola bilmir, eyni zamanda, xarici diplomatiyada buraxılan səhvlər Ermənistanın siyasi nüfuzunu aşağı salmaqla yanaşı, bu ölkəni regional və beynəlxalq miqyaslı iqtisadi layihələrdən də kənarda saxlayır. Beləliklə, bütün bunlar sosial gərginliyi artırır, əhalinin yaşayış səviyyəsini günbəgün aşağı salır.

Ermənistanın “Lragir” qəzetinin yazdığına görə, ölkənin maliyyə sektorunda acınacaqlı vəziyyət yaranıb: “Ermənistanda makroiqtisadi vəziyyət acınacaqlı haldadır. Mərkəzi Bank, hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir göstərirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları xeyli məhdudlaşıb”.

“Ötən il Ermənistandakı iqtisadi artım 5 faiz səviyyəsində göstərilirdi. Cari ilin sonu üçün bu “tərəqqi” artaraq 6.5 və ya 7 faiz göstərilir. Əslində isə bütün bunlar hakimiyyətin “iqtisadi inqilab” oyununun şişirdilmiş rəqəmlərindən başqa bir şey deyil”. Bu fikirləri ilin yekunlarına həsr olunmuş konfransda səsləndirən Ermənistanın sabiq baş naziri Qrant Baqratyan Paşinyan hakimiyyətinin ölkədəki investisiya göstəriciləri barədə də xalqa yanlış məlumat verdiyini bildirib. Doğrudur, ötən il Ermənistanda məvaciblər 3,8 faiz artsa da, həmin ərəfədə inflyasiya da artaraq 2,5 faizə çatmışdı. Bu il isə inflyasiya daha 1.5 faiz artıb. Sabiq nazirə görə, bütün bunlar, ölkə rəsmilərinin nəzərində “tərəqqi” kimi təqdim olunsa da, əslində onların maliyyələşdirilən pensiya sistemini gəlir hesab etmələri düzgün deyil. Baqratyanın fikrincə, korrupsiyaya qarşı mübarizənin əsas göstəricisi vergilərin ÜDM-ə nisbətidir. Bu il vergilərin keçən illə müqayisədə 15 faiz çox, yəni 200-220 milyard dram civarında toplanacağını diqqətə çatdıran, sabiq nazir, çıxış yolu kimi, dramın məzənnəsini artırmaqda görür. Onun fikrincə, əgər Mərkəzi Bank belə etməzsə, bu halda ölkənin yaşayış səviyyəsinin 2,5-3 dəfə enmə təhlükəsi yaşana bilər: “ Bu isə Ermənistanı “iqtisadi qəbiristanlığa” çevirə bilər”.

“Past” nəşrində dərc edilən bir məqalədə deyilir: “Avropa İqtisadi ittifaqından kənar ölkələrdən malların idxalı zamanı gömrük rüsumlarının artırılmasının nəticələri artıq Ermənistan iqtisadiyyatında nəzərə çarpmaqdadır. Fakt budur ki, 2020-ci il yanvarın 1-dən etibarən 700-ə yaxın məhsul üzrə gömrük dərəcəsi artırılıb. Bahalaşan mallar arasında zəruri məhsullar və dərmanların olması diqqət çəkir. Bununla əlaqədar olaraq kənd təsərrüfatı, səhiyyə, tekstil, tikinti və digər sahələrdə qiymət artımı gözlənilir.

2020-ci ilin yanvar ayından etibarən Ermənistanda Aİİ-nin gömrük rəsmiləşdirmə dərəcələri də qüvvəyə minib, bunun nəticəsində üçüncü ölkələrdən gətirilən avtomobillərin gömrük rəsmiləşdirilməsi təxminən 6 dəfə artacaq. Bu o deməkdir ki, dövlət büdcəsinə külli miqdarda pul gətirən üçüncü ölkələrdən avtomobillərin idxalı prosesi dayanıb və bunun nəticəsində Ermənistan bazarında avtomobil qiymətlərinin artması tendensiyası müşahidə olunur”.

Yuxarıda qeyd olunan bütün statistik nəticələr, həmçinin aparılan təhlillər onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti kifayət qədər ciddi problemlərlə üz-üzədir. Yaranmış vəziyyət isə nəticədə Ermənistanın bütövlükdə ciddi siyasi böhrana yuvarlandığından xəbər verir. Maraqlıdır ki, erməni baş nazir Nikol Paşinyan ölkədə iqtisadi inqilabın həyata keçirilməsi üçün vətəndaşlardan, vaxtilə Qorbaçovun həyata keçirdiyi “yenidənqurmaya” bənzər dəyişmələr tələb edir. Xalq dəyişikliyi ondan, o isə xalqdan gözləyir.