15 avqust 2019 20:13
319

Paşinyanın Los-Anceles səfərinin də fiaskoya uğrayacağı indidən məlumdur

Hakimiyyətə gəldiyi gündən Ermənistanı uğurlu gələcəyə aparacağı ilə bağlı vədlər verən Nikol Paşinyan tam əksinə olaraq ölkəsini daha da uçuruma yuvarlayıb. İşğalçı ölkə demək olar ki, hər bir sahədə iflasa uğrayıb. Göründüyü kimi, bu gün Nikol Paşinyan yaratdığı siyasi və iqtisadi böhran içində boğulan Ermənistanı düşdüyü ağır durumdan xilas etmək üçün çıxış yolları  axtarır.

Nəzərə çatdıraq ki, bu günlərdə Xankəndidə keçirdiyi ümumerməni mitinqində qeyri-real açıqlamalarla çıxış edən və erməni xalqını böhrana sürükləyən fikirlər səsləndirən Nikol Paşinyan erməni xalqını Dağlıq Qarabağ uğrunda birləşməyə çağırdı. Son zamanlar xaricdə fəaliyyət göstərən erməni lobbisindən elə də ciddi dəstək ala bilməyən Paşinyanın əlavə kömək qaynaqları aradığı məlumdur. Avropada fəaliyyət göstərən erməni lobbisinin inamsızlığı ilə qarşılaşan Paşinyan indi də kömək üçün əlini ABŞ-da fəaliyyət göstərən erməni diasporuna uzadır.  

Məhz bu məqsədlə də baş nazir ABŞ-ın Los-Anceles şəhərinə səfərə hazırlaşır. Nikol Paşinyan özünün “Facebook” səhifəsində erməni diasporunun paytaxtı adlandırılan Los-Ancelesdə keçiriləcək toplantıya qatılacağını deyib. 2018-ci ildə Ermənistanda “məxməri inqilab”a dəstək vermiş Los-Anceles erməniləri ilə avqustun əvvəlində Xankəndidəki çıxışını müzakirə edəcəyini bildirib.

Nikol Paşinyanın həm “məxməri inqilab”a dəstək məsələsini xüsusi vurğulaması, həm də Xankəndidəki çıxışını ABŞ ermənilərinin yığıncağına çıxarması onun səfərinin pərdəarxası məqamlarına aydınlıq gətirir. Ermənistanın baş naziri “məxməri” inqilab zamanı olduğu kimi, 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək qondarma prezident seçkilərində də “Qarabağ klanı”nı prosesdən uzaqlaşdırmaq və işğalçı rejimin başına öz adamını gətirmək üçün diasporadan dəstək istəyir.

Politoloq Arzu Nağıyev mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bir sıra istiqamətlərdə fəaliyyət başlatmaq istəyirdi: “Əsas məqsədlərindən biri də Ermənistan iqtisadiyyatını dirçəltmək istəyi idi. Məlumdur ki, buna da ciddi maliyyə vəsaiti lazım idi. O, elə düşünürdü ki, yerli oliqarxlar vasitəsilə bunu həll edə bilər və diaspor da bu işdə ona yardımçı olacaqdır. Lakin tam əksinə olaraq əsas vəsaitləri öz əlində toplayan və “Qarabağ klanı” ilə əlaqəsi olan biznes strukturları ondan imtina etdi və bundan sonra korrupsiya adı altında həbslər başladı. İkinci variant kimi, Qərbin və ya Rusiyanın dəstəyinə ümid edirdi. Bu da baş tutmadı. Əsas variant kimi iş diaspora qaldı. Lakin diaspor da öz vəsaitini ancaq Dağlıq Qarabağ məsələsinə yönəldəcəyi haqqında daim bəyanatlar səsələndirir. Məhz “Qarabağ kart”ından istifadə etmək üçün o, Dağlıq Qarabağa səfər edərkən Ermənistan -”Artsax” -diaspor birliyini göstərməyə çalışdı və qeyri-adekvat bir bəyanatla yadda qaldı. Yəni, sentyabrın 20 -nə planlaşdırılan Los-Anceles səfərinin əsas müqəddiməsi Xankəndidən başladı. Onun konkret iqtisadi və siyasi, eyni zamanda, hərbi doktrinası olmadığı üçün diaspor təşkilatlarının onu dəstəkləməsi inandırıcı görünmür. Bunun üçün Dağlıq Qarabağ münaqişəsinin, həlli ilə bağlı işğalçı dövlətin siyasətində mühüm dəyişikliklər edilməlidir. Bu isə Paşinyanın hazırda yeritdiyi siyasətlə heç cür mümkün deyil. Məhz buna görə də Paşinyanın Los-Anceles səfərinin də fiaskoya uğrayacağı indidən məlumdur. Çünki bundan öncə də Avropada, İranda görüşlər keçirməsinə baxmayaraq Paşinyan ciddi dəstək qazanmadı”.

Mənsumə Babayeva, “İki sahil”