30 iyun 2020 11:06
162

Paytaxtda çalışanların əməkhaqları 22,5 faiz artıb

2020-ci ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12,5 milyard manat təşkil edib. Sənaye məhsulunun 75,2 faizi mədənçıxarma, 21,9 faizi emal, 2,2   faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 78,4 faiz olub.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 84,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15,1 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş,  əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  1 iyun 2020-ci il vəziyyətinə 263,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,3 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Eyni dövrdə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,6 faizini əsaslı təmir, 5,2 faizini cari təmir,  20,1 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 86,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

5 ay ərzində paytaxtın ticarət dövriyyəsinin həcmi  2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 8 milyard 184,2 milyon manat təşkil edib. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3 milyard 863,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz azalaraq 4 milyard 320,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Cari ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 37 faiz azalaraq 235,2 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 38,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalaraq 146,5 milyon manat olub.

Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,7 faiz azalaraq 1 milyard 759,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 252,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 71,2 faizini təşkil edib.

Bakı şəhərində 2020-ci ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 22,5 faiz artaraq 1004,1 manat təşkil edib. 

Bakı Şəhər Statistika İdarəsi