13 avqust 2020 16:49
817

Paytaxtda nəzarət-profilaktiki tədbirlər davam etdirilir

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda, çimərliklərdə və əhalinin sıx olduğu yerlərdə gücləndirilmiş nəzarət-profilaktiki reydlər keçirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, paytaxtın bütün rayonlarında polis və Daxili Qoşunların naryad qrupları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən (iri ticarət mərkəzləri istisna olmaqla) obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılır, pandemiyanın təhlükələri, ondan qorunma yolları haqqında məlumatlar verirlər.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülür.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.