08 oktyabr 2019 20:00
111

Paytaxtın sərnişindaşıma  xidməti modernləşir

Vətəndaşların rahatlıq və təhlükəsizliyinə daha bir töhfə

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə Mərkəzlərinin - HUB-ların yaradılmasıdır. Bu konsepsiyada əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılmasıdır. Bu layihənin icrası vətəndaşların rahatlığı ilə yanaşı, sərnişindaşımada təhlükəsizlik baxımından da mühüm rola malikdir.

Xəbər verildiyi kimi, sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Ölkə başçısı İlham Əliyev “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı zamanı  nəqliyyat sahəsindəki bir sıra məqamlara toxunub. “Vətəndaşın rahatlığı hər şeydən üstündür” deyən cənab İlham Əliyev bu rahatlığın təmin edilməsi üçün yüksək səviyyəli nəqliyyat şəraitinin yaradılmalı olduğunu bildirib. Qeyd edib ki, məhz bu səbəbdən ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır”. 

Dövlət başçısı İlham Əliyev və birinci xanım  Mehriban Əliyev platformalarda və gözləmə zallarında yaradılan şəraitlə maraqlanıblar. Bildirilib ki, burada dörd platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahələrində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb.

Gözləmə zalları ilə yanaşı, mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su ilə də təmin olunub. Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edəcək. Ümumilikdə isə gün ərzində Bakı şəhərində 2,2 milyon sərnişin daşınır. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib.

Nəqliyyat eksperti Azər Allahverənov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Nəqliyyat Mübadilə mərkəzlərinin yaradılmasını müsbət hadisədir: “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin çox ciddi təyinatı var. Bu mərkəz bir növ HUB funksiyasını yerinə yetirir. Yəni, ictimai nəqliyyat növünə aid edilən bir neçə nəqliyyat sahəsini özündə birləşdirir. Diqqət edirsinizsə, yaxında “Koroğlu” metrostansiyası var. Dəmir yolu nəqliyyatının orada dayanacağı var ki, sürət qatarları üçün nəzərdə tutulub. Bununla yanaşı, həmin ərazidə Bakıətrafı qəsəbələrdən gələn çoxsaylı avtobuslar var ki, onlar da də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edirlər. Ətraf qəsəbə və kəndlərindən üzü Bakı istiqamətində gələn nəqliyyat vasitələrinin və sərnişinlərin düzgün hərəkətini tənzimləməyə yönəlib. Oraya avtobus gəlir , sərnişinlər düşürlər, orada digər nəqliyyat vasitələrindən istifadə edərək şəhərin mərkəzinə gedirlər. Əgər avtobuslar şəhərdəki nəqliyyat vasitələrini əlaqələndirən o qovşağa yox, bilavasitə şəhərin müxtəlif yerlərinə hərəkət etsələr, bu ictimai nəqliyyat infrastrukturunda və nəqliyyat axınlarında problemlərin yaranmasına gətirib çıxara bilər. Bu səbəbdən Nəqliyyat Mübadilə Mərkəzi yeni konseptdə öz işini qurub”.

Ekspertin sözlərinə görə, bu çox ciddi model üzərində hazırlanmış bir mərkəzdir: “Dünyanın bir sıra dövlətlərinin iri şəhərlərində belə HUB-lar var. Bu HUB-ların əsas təyinatı bu kimi xidmətlər həyata keçirməkdir. Ancaq bizim Nəqliyyat Mübadilə Mərkəzlərində gözləmə zallarında müxtəlif texniki xidmətlər var, içməli suyun verilməsi, sərnişinləri müxtəlif mövzularda maarifləndirmək kimi elementləri özündə birləşdirir. Bu da çox müsbət haldır. Mən bu Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılmasını təqdir edirəm. Bakı Nəqliyyat Agentliyinin bu təşəbbüsü şəhərin müxtəlif giriş istiqamətlərində də tətbiq ediləcək. Hazırda 6 kiçik HUB-ın qurulması gündəmdədir.”

Ekspert sonda onu da vurğuladı ki, dövlət başçısının sərəncamlarına, tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakının qəsəbə və kəndlərində müasir yollar salınır, orada yaşayanların sosial məsələlərinin həlli üçün konkret addımlar atılır: “Bu mərkəzin yaradılması da bu istiqamətdə atılan addımların ardıcıl xarakter aldığını göstərir. Belə ki, bu infrastruktur Bakının qəsəbələrində yaşayanların şəhər mərkəzinə, həmçinin əks istiqamətə rahat və təhlükəsiz hərəkətini təmin etməklə, ümumilikdə, paytaxtda sərnişindaşıma xidmətinin müasirləşdirilməsinə töhfə verəcək.”

Yaqut Ağaşahqızı, “İki sahil”