11 iyun 2019 16:54
168

Pekində 5G şəbəkəsi üçün 4300 baza stansiyası quraşdırılıb

Çin paytaxtında 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) xidmətlərinin göstərilməsi üçün indiyədək 4300 baza stansiyası quraşdırılıb.

AZƏRTAC Pekin meriyasının kommunikasiya bürosuna istinadla xəbər verir ki, artıq may ayının sonunda Çin paytaxtının bəzi hissələrində, o cümlədən “Pekin Ekspo 2019” beynəlxalq botanika sərgisinin ərazisində, “Dasin” aeroportunda, 2022-ci il Qış Olimpiya Oyunlarının keçiriləcəyi idman məkanlarında, habelə paytaxtın mərkəzindəki Tiananmen meydanında ilkin 5G xidmətlərinin göstərilməsi üçün baza stansiyaları qurulub. Bildirilir ki, 2021-ci ilədək işgüzar rayon, iqtisadi-texniki inkişaf zonası da daxil olmaqla, Pekinin əsas hissələri 5G şəbəkəsi ilə əhatə olunacaq.

Qeyd edək ki, iyunun 6-da Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi 5G üzrə kommersiya xidmətlərinin göstərilməsi üçün “China Mobile”, “China Telecom” və “China Unicom” mobil rabitə operatorlarına, habelə “China Broadcasting Network”a müvafiq lisenziyalar təqdim edib.

Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Cari il ərzində isə bu xərclər 5 milyard dollara çatacaq. İl ərzində “China mobile” 50 minə yaxın, “China Telecom” isə 20 min baza stansiyası quraşdırmağı hədəfləyib. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.