17 may 2019 16:41
1347

Pərvin Kərimzadə: Paşinyanın Çin səfəri də uğursuz oldu

Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” forumuna böyük həvəslə qatılan Ermənistan hökumətinin başçısı Nikol Paşinyan niyyətinə çata bilmədi.

Belə ki, mayın 12-də Lüksemburqa, mayın 13-də Belçikaya baş çəkən Nikol Paşinyan başa düşür ki, sərmayə qoparmaq, yardım axtarmaq üçün Çinə üz tutsa yaxşı olar.

Yazıq, miskin maskasını taxan Paşinyan mayın 14-də Pekinə işgüzar səfəri zamanı ənənəvi yalanlarını işə salmağa başlayıb.

Pekində keçirilən “Bir yol, bir kəmər” toplantısına Cənubi Qafqaz ölkələrindən Azərbaycan Prezidenti İlham Əliyevin dəvət edilməsi, Paşinyanın isə dəvət edilməməsi neçə vaxt idi ki, işğalçı ölkənin rəhbərini narahat edirdi. Axı, Azərbaycanın təşəbbüsçü və iştirakçı olduğu böyük regional neft-qaz kəmərləri Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Cənub Qaz Dəhlizi xəttindən,  Bakı-Tiflis-Qars nəqliyyat layihələrindən, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən, “Bir kəmər - bir yol” meqa-layihənin tərkib hissəsi kimi “Böyük İpək Yolu”ndan kənarda qalmaq onsuz da ağır iqtisadiyyatı olan işğalçı Ermənistanı çıxılmaz vəziyyətə salıb. Azərbaycanın iştirakçı olduğu layihələrdən təcrid edilmək heç bir qonşu ölkələrlə lokal əhəmiyyətli ortaq layihələri həyata keçirə bilməyən Ermənistanı yeni sərmayə qaynaqları axtarsına çıxmağa məcbur edib. Aprel ayında Çinin paytaxtında keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanması onsuz da qonşusunun xoş gününü istəməyən Ermənistanın planlarını alt-üst edib. Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşına çevrilməsi, Çin investorlarının Azərbaycana 800 milyon dollardan çox sərmayə yatırmaları, Azərbaycan üçün yeni əməkdaşlıq imkanlarının açılması məkirli qonşularımızın yuxusunu ərşə çəkib. Azərbaycanın üstün iqtisadi-maliyyə potensialı ilə böyük iqtisadi güclərin diqqət mərkəzində olması sözsüz ki, Ermənistanın xəbis niyyətinə çatmasında böyük maneələrdəndir.

Paşinyan fikirləşib ki, Çinə sərmayə üçün əlverişli şərtlər təklif eləməklə bəlkə ölkəsinin inkişafı yolunda özlərinin işğalçı siyasətləri nəticəsində yaratdıqları “Çin səddi”ni keçə bilər.

Lakin unudur ki, Çin də Ermənistanın qlobal və regional iqtisadi və nəqliyyat layihələri üçün yararlı olmadığını, işğalçılıq siyasəti ucbatından blokadada qaldığını yaxşı bilir. Yəqin ki, belə məqamda Çin işğalçı siyasət aparan ölkəyə sərmayə yatırmağa heç niyyəti də olmayacaq.

İşğalçı siyasətinin girovuna çevrilən Ermənistanın bir çıxış yolu qalır: Dağlıq Qarabağla bağlı Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirmək. Belə olan halda Ermənistan Azərbaycanın təşəbbüskarı olduğu layihələrə qoşula bilər, özlərinin məkirli siyasətləri nəticəsində yaratdıqları “Çin səddi”ni keçə bilərlər.