13 may 2019 17:26
122

Pirallahı inkişaf yolunda - FOTO

Mayın 13-də Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Yığıncaqda Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə, müəssisə, təşkilatlarının  rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yığıncağı Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov açaraq aprelin 30-da Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. 

Son altı ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr, ictimai-siyasi sahədə yeni uğurlu nəticələr barədə ətraflı məlumat verib. RİH-in başçısı çıxışı zamanı qeyd edib ki,  Pirallahı qəsəbəsi S.Vurğun küçəsində qəzalı evlərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan ikisi 6, biri isə 9 mərtəbəli olan  3 ədəd yeni yaşayış binasının tikintisi aparılır. Növbəti mərhələdə inşa olunan 6 ədəd yaşayış binalarında isə dəmir-beton karkasının qurulması və betonlanması işləri aparılıb. Bundan əlavə  Pirallahı qəsəbəsində məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə 2 ədəd 9 mərtəbəli, 2 girişli, 72 mənzilli, 1 ədəd isə 9 mərtəbəli, 6 girişli, 162 mənzilli binalar, 220 şagird-yerlik məktəb binasının və müvafiq texniki infrastrukturun tikintisi davam etdirilir.

Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında, həmçinin Gənclər Mərkəzində və “Mirvari” Park-kompleksində son tamamlanma işləri aparılır. «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Rayonun Gürgən qəsəbəsinin daxili yollarının yenidən qurulması işləri  aparılır. Həmçinin natiq çıxışında bildirib ki,  rayonda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğulayıb ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. “Nərəkənd” balıqyetişdirmə kompleksində qapalı tipli fermaların dam örtüyünün quraşdırılması və  hovuzların dəmir-beton konstruksiya işləri tamamlanıb.

Hesabat məruzəsi ətrafında çıxış edən “Azərsu” ASC-nin Pirallahı Rayon Su-Kanal İdarəsinin rəisi Əli Kərimli, DSMF-nun Pirallahı rayon bölməsinin müdiri Xançoban Dəmirov, 10 saylı BŞX-nın baş həkimi Ələddin Muxtarov əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıblar.

Milli Məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Bayramov cənab Prezidentin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs edərək, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirib, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndiriblər.

Yekunda rayonun sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənən,  keçirilən tədbirlərdə fəal iştirak edən şəxslərin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirilib.

Orxan Vahidoğlu, “İki sahil”