06 dekabr 2019 16:31
1396

Pirallahıda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə dekabrın 6-da mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Pirallahı rayonunda 38000-dən artıq müxtəlif növ ağac əkilib.  Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin ictimaiyyətin nümayəndələri iştirak ediblər. Ümumilikdə aksiyada 1550 nəfər iştirak edib.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatların əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsi və insanların sağlam və ekoloji təmiz şəraitdə yaşaması olduğundan, Pirallahı rayonu da bu aksiyadan kənarda qalmayıb. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, əkilmiş tinglərə və yeni əkilən ağaclara aqrotexniki qulluq göstəriblər. Bu aksiya yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji tarazlığının bərpasına, eləcə də cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verəcək.

Pirallahı ən gənc rayon olmasına baxmayaraq, ölkə başçısının diqqət və qayğısı nəticəsində artıq Bakı rayonları arasında öz layiqli yerini tutur. Dövlət başçısının dediyi kimi, “Pirallahının siması dəyişib və o, bu gün Bakının ən qabaqcıl rayonlarından birinə çevrilmişdir”. Yaradıldığı 6 il müddətində ölkə başçısının rayona 6 səfəri baş tutub ki, bunlardan da üçü Birinci-vitse prezident Mehriban xanım Əliyeva ilə birlikdə olub. Bu səfərlər zamanı rayonda çoxsaylı sənaye müəssisələrinin, müxtəlif təyinatlı sosial obyektlərin açılış və təməlqoyma mərasimləri reallaşıb.

Məlumat üçün bildirək ki, dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev də Pirallahı rayonunda olub. Rövnəq Abdullayev Pirallahı qəsəbəsinin girişində 2015-ci ilin dekabrında dənizdə neft platformasında baş vermiş qəza nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış adidəni ziyarət edib, abidənin önünə gül dəstəsi qoyub. Abidənin ətrafında neftcilərin xatirəsinə 33 ədəd ağac əkilib. R.Abdullayev sonra Pirallahı qəsəbəsində, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin ərazisində həyata keçirilən ağacəkmə aksiyasında da iştirak edib.

Orxan Vahidoğlu, “İki sahil”