05 noyabr 2019 10:27
154

Planetimizi qorumaq üçün cəmi 12 il vaxtımız qalıb

Alimlər hesab edirlər ki, iqlimin qlobal dəyişməsi probleminin həllini artıq sonraya qoymaq olmaz. Elə indicə, bu dəqiqə işə başlamaq lazımdır. Əks halda 2030-cu ilədək planetin ekosisteminə bərpa edilməz zədələr dəyə bilər.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin hazırladığı xüsusi hesabat əsasında belə nəticəyə gəlinib. 2015-ci ildə qəbul edilən (Rusiya da daxil olmaqla 195 ölkə tərəfindən imzalanan) Paris sazişi, sənaye səviyyəsindən əvvəlki səviyyəyə nisbətdə orta temperaturun 1,5 dərəcə Selsi səviyyəsində qlobal artımını qorumağı hədəfə alıb. Elm adamlarının ümumi rəyinə görə, bu, iqlim fəlakətinin qarşısını almağın və bu günə qədər müşahidə etdiyimiz formada Yerdəki həyatı xilas etməyin yeganə yoludur. Qlobal istiləşməni indiki səviyyədə saxlamaq üçün onların fikrincə, cəmiyyətin bütün sahələrində sürətli, genişmiqyaslı və misli görünməmiş dəyişikliklərə ehtiyac vardır. Alimlər bildirirlər ki, bu proses böyük maddi vəsait tələb etsə də, hələ ki mümkündür.

Qlobal istiləşmə artıq bir reallıqdır və ilk növbədə insan fəaliyyətinin və istixana qazlarının təsirinin qorxunc nəticəsidir. Hesabatın müəllifləri cəmiyyətləri hərəkətə gətirmək üçün vəziyyəti çox kədərli şəkildə izah edən, insan tərəfindən korlanaraq, hissələrə parçalanmış torpaq rəsmi çəkiblər.

Son beş ildə uzun müddət davam edən isti hava şəraiti bütün qitələrdə ən təhlükəli meteoroloji fenomenə çevrilmiş və artıq dünyada on minlərlə insan bu səbəbdən həyatını itirmişdir.

Bundan əlavə, isti hava xüsusilə Avropa və Şimali Amerikada, eyni zamanda digər bölgələrdə meşə yanğınlarının sayının görünməmiş dərəcədə artmasına səbəb olub. 2019-cu ilin yayında yanğınlar Arktika bölgələrinə yayıldı və Amazon meşələrində yanğınların sayı rekord həddə çatdı.

İqtisadi itkilər baxımından ən təhlükəli təbiət hadisəsi daşqınlar və sürüşmələr yaradan tropik siklonlardır. Belə qasırğa və siklonların da sayı son illər xeyli artmışdır. Təkcə, 2017-ci ildə baş verən Harvey qasırğasının iqtisadiyyata vurduğu zərər rekord həddə çataraq, 125 milyard dollar təşkil edib.

Qlobal istiləşməyə qarşı tədbirləri artıq hər  bir insan öz həyat tərzinə daxil etməlidir. İnsanlar ət, süd, pendir və s. heyvan mənşəli məhsulların istehlakını azaltmalı, elektrik avtomobillərindən istifadəyə keçməli, hava nəqliyyatından istifadəni azaltmalı və s. işlər görməlidirlər.

Nubar Süleymanova, “İki sahil”