10 avqust 2019 12:18
589

Polisimiz bizi hər bir yerdə qoruyur - FOTO

Vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik

Həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.

Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur.

Qeyd etmək lazımdır ki, bu peşəni seçən hər bir insan özü ilə bərabər doğmalarını da bu riskin çətiri altında yaşamağa məhkum edir. Adam bəzən hissə qapılır və polisin fəaliyyətində riskin miqyasını görə, qiymətləndirə bilmir. Bəzən də polis haqsız iradlara, hətta böhtanlara məruz qalır. Əslində polisin hər bir uğuru, peşəkarlığı bu cür əsassız iradlara və yersiz böhtanlara verilən ən yaxşı cavabdır. Biz demirik ki, polisin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Amma müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.

Elə ötən gün Bilgəh çimərliyində bir nəfər dənizdə boğulan gənci xüsusi sayıqlıq göstərərək öz həyatı bahasına, özünü təhlükəyə atıb xilas edib. Bu şəxs Sabunçu rayon polis idarəsinin əməkdaşı Xudiyev Aqil idi. Belə mərdlik göstərən polis əməkdaşımızı ictimaiyyətə tanıtmağı özümüzə borc bilirik. Bizim polisimiz bizi hər bir yerdə qoruyur. Əhsən belə polislərimizə.

Yaxud, avqustun 1-də metronun “Memar Əcəmi” stansiyasında gənc qız qəfildən yıxılıb. Sərnişinlər ora toplaşsalar da, amma heç kim kömək edə bilmirdi. Nənəsi və babası isə imdad umurdular. Bu anda polis əməkdaşları özlərini yetirdilər. Onu qucağına alıb xidməti otaqlardan birinə apardılar. Lazım olan köməyi də göstərdilər, nəvazişi də. Nənə, baba isə polisə dua edirdilər. Balaca qızcığaza kömək edənlər isə Metropolitendə Polis Şöbəsinin əməkdaşları – polis serjantı Şəhriyar Verdiyev və polis kiçik serjantı Vaqif Bəşirov idi. Gördüyünüz kimi, yenə də polis və onun xalqa şərəfli xidmət nümunəsi.

Təkzibedilməz faktdır ki, inkişaf edən dövlətlərdə asayiş keşikçlərinin daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edilir, islahatlar həyata keçirilir. Hüquqi demokratik dövlətlərdə polisin xidmət səviyyəsinin təkmilləşməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Amma daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə də, polis peşəsi çətin və şərəfli olaraq qalır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”.

Məhz, polisimizin gərgin əməyinin nəticəsidir ki, hazırda respublikamızda MDB və digər qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır. Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu nəticələrin qorunması və saxlanması cəmiyyətdə qanunçuluğun və ictimai təhlükəsizliyin qorunmasına cavabdeh olan hər bir polis əməkdaşından çeviklik, bilik, qabiliyyət və fədakarlıq tələb edir. Fəlsəfədə deyilir ki, fədakarlıq, insan kamilliyinə doğru aparan yoldur. Deməli, polis həm də kamil olmalıdır, xidmətinə qanun çərçivəsində, həm də yaradıcı yanaşmağı bacarmalıdır. Azərbaycan polisi də öz xidmətinə bu cür yanaşır, nəticələr də göz qabağındadır.

Ölkəmizdə baş verən cinayətlərin 80-90 faizdən çoxu açılırsa, bu, çox böyük nailiyyət hesab olunur. Polisin işinə az-çox bələd olanlar bilir ki, cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir. Bu uğurlar cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin etibarlı təşkilindən qaynaqlanır. Ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.

Lakin çox təəssüflər olsun ki, son zamanlar radikal müxalifətin, ayrı-ayrı şəxslərin Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar. Onlar vətəndaşlarla polis arasında olan münasibətlərə xələl gətirmək üçün bilərəkdən təxribatlar törədirlər. Amma həmin qüvvələr onu anlamalıdırlar ki, polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insnaların qanuna uyğun davranışını təmin edir.

Bəli, polis olmaq şərəfdir. Bu şərəfi şərtləndirən davranış mədəniyyətidir. O mədəniyyət ki, bütün cəhət və əlamətlərinə görə, cəmiyyətə, dövlətə xidmət prinsipləri üzərində köklənib. Təkcə Azərbaycanda yox, bütün qabaqcıl ölkələrin həyatında polis təşkilatı hamını maraqlandıran – təhlükəsizlik çətiridir. Məsələn, Amerikanın məşhur yazıçılarından Tomas Hauser polisin cəmiyyət, dövlət və insan həyatında yerini dəyərləndirərkən qeyd edir ki, polis peşəsi dünyada ən çətin, təhlükəli və idealist məşğuliyyətdir. Bu peşə, həssaslığı ilə digər sahələrdən fərqlənir. İnsanlar polisə güzəştsiz yanaşır, davranışlarını izləyir, hər addımını müzakirə edir. “Polis məni saxladı..” – haqlı idi, çünki qanunu pozdum, yaxud haqlı deyildi, çünki mən qanunlara əməl edirəm...”, - deyə vurğulanan müzakirələrdə polisin davranış mədəniyyəti nəzərdən keçirilir. Deməli, polis hər yerdə həmişə diqqətli və məsuliyyətli olmalıdır. Çünki insanların polisə münasibəti birmənalı deyil...

Qanunları pozmaq, ictimai asayişə təhdid etmək bəzən bir sıra qüvvələrin məqsədi və məramına çevrilir. Elə radikla müxalifətin nümayəndələri kimi. Onlar qanunu pozur, cinayət törədir və sonra deyir ki, toxunmayın, müxalifətçiyəm. Bu məqamda dünyada məşhur olmuş bəzi fikirlər elə radikal müxalifətin nümayəndələrinə aiddir. Məsələn, amerikalı dedektiv Edvard Gillesp bu barədə mühazirələrində qeyd edir ki, polisin hər addımı əsaslı sübuta çevrilə bilər. Yunan filosofu Platonun “özünə qarşı sübut” ideyasını nəzərdən keçirən dedektiv hesab edir ki, insan özünə qarşı sübutları qəbul etmir. Bu, genetik mental vərdişdir. Sübut, əsas, səbəb qəbul edilməyəndə mübahisə yaranır, yaxud ən yaxşı halda “dedi-qodu” başlayır. Ona görə ki, orta səviyyəli insanların əksəriyyəti qanunun keşiyində dayanan polisə tabe olmağı bilmir. Hüquqlarını sadalayır, ancaq vəzifələrindən xəbəri yoxdur. Bu da elementar praktik düşüncədir.

Britaniyalı musiqiçi Keyt Riçard da ictimai müzakirələr zamanı bütün dünyaya polisin fəaliyyəti ilə bağlı konkret sual ünvanlayıb - mənə izah edin: mən qanunları pozmuram, vətəndaş kimi hüquq və vəzifələrimi bilirəm. Polis “dayan” deyəndə dayanıram. Mübahisə etmirəm. Necə iddia edə bilərəm ki, polislə problemlərim var?! Əgər kimsə iddia edirsə, o təhlükəli adamdır, ondan qorunmaq lazımdır.

Bütün dünyada ümumi fikir var: polis dövlətin və dövlətçiliyin əsas sütunlarından biridir. Məsələn, amerikalı kinoaktyor Silvestr Stallone deyir ki, insanların təbiətcə xoşməramlı olduğunu düşünürsənsə, 24 saat polisi xidmətdən uzaqlaşdırın – görün nə baş verir.

Bir sözlə, polis olmaq böyük şərəfdir, həm də məsuliyyətlidir. O dövlətin, dövlətçiliyin və insanların keçiriyindədir. Polis məni, bizi, sizi, beləliklə də hamımızı qoruyur. Ona görə də, biz də vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik.

Rəşad Bağırov,

“İki sahil”