14 iyul 2020 17:51
1030

Politoloq: Məqsəd əhalini yaşadıqları yerlərdən didərgin salmaqdır

“Əsas məsələ terrordur. Ümumiyyətlə, Ermənistanın siyasətinin əsas prinsiplərindən biri dinc əhaliyə qarşı terrordur. Bu siyasət Dağlıq Qarabağın dinc azərbaycanlı əhalisinə qarşı 1988-1993-cü ilərdə tətbiq edilib. Məhz terror siyasəti nəticəsində ermənilər Dağlıq Qarabağı işğal edə biliblər, bu onların əsas aləti, prinsipidir”.

Bu fikirləri politoloq İlqar Vəlizadə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda mülki əhalinin və onlara məxsus əmlakların artilleriya atəşinə tutulmasına münasibətini “İki sahil” qəzetinə  bildirərkən deyib.

Politoloqun sözlərinə görə, bu baxımdan  dinc əhalinin və onların mülklərinin hədəfə alınması təsadüfi deyil: “Bildiyimiz kimi, həm cəbhə xətti, həm də Azərbaycan-Ermənistan sərhədi boyunca  Azərbaycan tərəfdən daha çox əhali məskunlaşıb. Bu ərazilərdə yarım milyona yaxın insan yaşayır. Ermənilərin əsas məqsədi bu terror yolu ilə Dağlıq Qarabağdakı əhali az imiş kimi, yüz kilometrlərlə uzanan sərhədboyu ərazilərdə də əhalini yaşadıqları yerlərdən didərgin salmaqdır”.

İ. Vəlizadə vurğulayıb ki, bununla da ermənilər uydurma “böyük Ermənistan nəzəriyyəsini” siyasətdə tətbiq etməyə cəhd edirlər. Ona görə də, düşmən hərbi obyektlərdən daha çox mülki obyektləri hədəfə alır: “Bu döyüşlər təkcə silahlı deyil, həmçinin ideoloji müharibədir.  Son nəticədə  əhalinin yaşayış yerlərini tərk etməmələri, insanların döyüş eşqi ermənilərin “arzularını” gerçəkləşdirmələrinə imkan vermir”.

                                                                                                                                           

                                                                                                                                                                                              Ceyhun Piriyev, “İki sahil”