13 fevral 2019 10:55
235

Postmodern insanın özü və digəri ilə qovğasını təsəvvüf aradan qaldıra bilər

Bu yaxınlarda Azərbaycanda olmuş professor Mətin İzəti ilə mükaliməmiz  Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Dövlət Gənc Tamaşaçılar Teatrında gerçəkləşən “Türk Təsəvvüf Musiqisi” adlı konsertdən sonra baş tutdu. Doğma Türkiyə türkcəsində  ünsiyyət qurduğum pozitiv auralı  təsəvvüf aşiqi və alimi olan həmsöhbətim, professor Mətin İzəti əslən alban olsa da, 1970-ci ildə Makedoniyanın Kalkandelen (Tetovo)  şəhərində  dünyaya gəldiyini vurğuladı. Özünün də qeyd etdiyi kimi, Makedoniya əhalisinin böyük bir qismini müsəlman albanlar təşkil edir. Mətin İzəti hazırda Kalkandelen Dövlət Universitetində Gözəl sənətlər fakültəsində Sənət fəlsəfəsi və İslam estetikası fənlərini  tədris edir. Alimin yazıları vaxtaşırı Makedoniyanın “Shenja” dərgisində işıq üzü görür. Filosof  Mətin İzətinin alban və makedon dillərində yazdığı bir neçə kitabla yanaşı, türk dilində də çap edilmiş “Balkanlarda təsəvvüf” monoqrafiyası sözügedən mövzu ilə maraqlanan oxucu kütləsinin böyük marağına səbəb olub.  

Professor bizimlə söhbət zamanı öncə Azərbaycana ilk gəlişindən söz açdı:  “Azərbaycan Mədəniyyət Nazirliyinin dəvəti ilə ilk dəfə 2013-cü ildə “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda beynəlxalq simpoziumunda iştirak etmək üçün Bakıya gəlmişdim. Həmin vaxta qədər Azərbaycanda heç olmadığıma baxmayaraq ölkəniz haqqında məlumatım vardı. Türkiyədə azərbaycanlı professor və tələbələrlə görüşmüşdüm. İlk gəldiyimdə Azərbaycan xalqının qonaqpərvərliyi, gülərüzlü olması, saflığı çox xoşuma gəlmişdi. İkinci səfərim - indiki gəlişim isə  Bakı Yunus Əmrə İnstitutunun dəvəti ilə baş tutub. İkinci səfərimdə Bakının daha da inkişaf etdiyini gördüm. Müasir yollar  çəkilib və hər tərəfdə bir canlanma görünür. Azərbaycan xalqının ən çox xoşuma gələn xüsusiyyəti nəzakətli və gülərüzlü olmasıdır”.

Həmsöhbətimiz özünün araşdırma sahəsi olan təsəvvüf fəlsəfəsi haqqında ümumi məlumat verməklə yanaşı, Azərbaycanı  da sufizmin qaynağı olan ölkələrdən biri kimi səciyyələndirdi: “Təsəvvüf, başqa adla sufizm  İslamda mənəvi və ruhani həyatı ifadə edən bir təbirdir. Sufizm haqqında ilk fikirlərə istinad etsək, təsəvvüf nəfsə yenilməməyi və təvazökarlığı özündə ehtiva edir. Cüneyd Bağdadiyə görə, sufi həyat  aza qane olmaq, qəlbən Allaha bağlanmaq, ibadətə yönəlmək, bizə hökm etməyə çalışan dünyəvi arzulara qarşı səbrli olmaqdır. Çağdaş dövrümüzdə insanların təsəvvüfə marağının  artmasını görürük, amma bunun quru maraqdan o tərəfə keçmədiyi, əslində bir şüur və davranış səviyyəsinə yüksələ bilmədiyi də bir həqiqətdir.

Azərbaycan sufilik anlayışının qaynaq torpağıdır, mənbəyidir. Bu torpaqlarda İslam tarixinin ən böyük dərvişləri və şeyxləri dünyaya gəlib yetişmiş və öz fəlsəfələrini dünyanın hər tərəfinə daşımışlar. Bunlardan biri də Seyid Yəhya Bakuvidir. Ancaq  müasir dövrümüzdə bu ənənənin eyni şəkildə davam etdiyini, bəzi intellektual çevrələrdə təsəvvüfə maraqla yanaşılsa da, bunun çox da yayıldığını söyləyə bilmərik.

Uzun illərdir sufiliyin tədqiqatı ilə məşğul olan bir alim kimi düşünürəm ki, bugünkü istehlakçı və materialist anlayış içində gündən- günə boğulan insan oğlu  üçün ən yaxşı çıxış yolu gerçək mistik platforması olan sufilikdir.  Təsəvvüf özü ilə barışmış, dünyaya yadlaşmamış və eyni zamanda dünyanın fərqində olan bir düşünmə biçimini ortaya qoyur. Bu səbəbdən təsəvvüfü postmodern insanın özü və digəri ilə qovğasını aradan qaldıra bilən anlayış hesab edirəm”.

Sevinc Mürvətqızı, “İki sahil”