01 oktyabr 2020 19:16
1849

Postpandemiya dövrünün prioritetləri

İqtisadi və maliyyə sabitliyini təmin etmək,  insan kapitalının inkişafına nail olmaq,  dayanıqlı iş yerləri yaratmaq

Dövlətimizin başçısı İlham Əliyev  “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışında bir daha bu əminliyi ifadə etmişdir ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiyanın  yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcək

Dünyanı bürüyən, birgə səylərin göstərilməsinə çağırış olan COVID-19  ilk gündən hər bir ölkənin malik olduğu imkanlarla yanaşı, onların ölkələrlə münasibətlərdə verdiyi dəyərlərə  də aydınlıq gətirdi. Dövlətimiz bu bəla ilə mübarizədə də xalqımıza xas olan keyfiyyətləri nümayiş etdirdi.   “Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik” söyləyən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın 30-dan artıq ölkəyə yardım göstərdiyini  bildirir.   Ölkə Prezidenti “Hesab edirəm ki, düz etmişik» söyləyərək atılan bu addımı belə əsaslandırır ki, çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə: «Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik.»   Azərbaycan biri-birinə əks qütbləri bir araya gətirdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının  Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyasının  keçirilməsi də Azərbaycanın birləşdirici, sabitləşdirici amil kimi möhkəmlənən mövqeyini təsdiqləyir.   Pandemiya dövründə Azərbaycanın beynəlxalq səviyyədə atdığı addımlardan bəhs edən cənab İlham Əliyev özlüyündə yaranan «Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi» sualına cavab olaraq bildirir ki, yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə  bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki Azərbaycan  məsuliyyətli ölkədir və etibarlı tərəfdaşdır.

   Qoşulmama  Hərəkatının Zirvə görüşü nəinki ölkə, dünya mətbuatında əsas müzakirə mövzusu oldu. Bu baxımdan ki, qurumla  Avropa İttifaqı arasında münasibətlər bu günə qədər heç vaxt ürəkaçan olmayıb. Azərbaycan məlum təşəbbüsü ilə bu iki əks qütbü pandemiyaya qarşı mübarizədə bir araya gətirdi.
«Ona görə bu da bir ilkdir. Əgər biz ölkələrin sayını götürsək, görərik ki, Qoşulmama Hərəkatında 120 üzv, Avropa İttifaqında 27 üzv, artıq 147 və Afrika İttifaqında 55 üzv fəaliyyət göstərir. Düzdür, onların bəziləri Qoşulmama Hərəkatının üzvüdür. Buna baxmayaraq, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırdı. Mən tam səmimiyyətlə deyə bilərəm, özümüzü tərifləmək üçün yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək üçün, Azərbaycan dünyanı birləşdirir.»
    Bu hadisələri  təkrar qeyd etməyimizə səbəb Azərbaycanın hər addımında könüllülük prinsipinə xüsusi önəm verdiyini bir daha nümayiş etdirməkdir. Nəzərə alsaq ki, bu gün hər bir ölkə, o cümlədən Azərbaycan pandemiyanın yaratdığı iqtisadi və sosial fəsadları aradan qaldırmaq üçün ciddi  tədbirlər həyata keçirir, amma bu çətinliklərin fonunda ölkəmizin yardım tədbirləri diqqətdən kənarda qalmır, xeyirxahlığın, birliyin, həmrəyliyin, başqasının yaşadığı çətinliklərdən öz xeyri üçün istifadə etməməyin təcəssümü kimi qeyd edilir. 

   Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün  hansı sahəyə müraciət etsək, öncə dünyanı silkələyən koronavirus infeksiyasının fəsadlarından və hər bir ölkəyə, vətəndaşa çağırışlarından bəhs etməli oluruq. Çünki vətəndaş amilinin öndə dayandığı  siyasətin uğurlarından danışırıqsa, təbii ki,  sağlamlığımızın, təhlükəsizliyimizin prioritetliyi özünü qabarıq şəkildə büruzə verəcək.

       Hər bir Azərbaycan gənci ölkəmizin bu günü ilə qürur duyur. Bu gün xalqımız tarixi günlər yaşayır. Koronavirus infeksiyasından daha ağır virus ermənilərdir. Dünyanın COVID-19-la  birgə mübarizə aparmağın təhlil olunduğu, səylər birləşdirildiyi bir zamanda Ermənistanın diqqəti daxili problemlərdən yayındırmaq üçün cəbhə xəttində təxribatlar törətməsi diqqətdən kənarda qala bilməz. Azərbaycanın “COVID-19-a qarşı birlikdəyik” devizi altında Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsinə nail olduqdan sonra irəli sürdüyü növbəti  BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə 130 ölkədən dəstək gəldiyi halda Ermənistan bunun əleyhinə çıxış etdi. Hansı ki, Ermənistanın özünün  koronavirusla mübarizəyə qarşı heç bir təkmil təcrübəsi yoxdur, ölkədə virusa yoluxanların sayı  üstünlük təşkil edir. Ermənistan məhz bu məqamlardan ictimai diqqəti yayındırmaq üçün Azərbaycan-Ermənistan sərhədində təxribatların törədilməsinə səy göstərdi.

  Azərbaycan bir tərəfdən koronavirus infeksiyasına qarşı, digər tərəfdən isə  erməni təxribatlarına qarşı qətiyyətli mövqe ortaya qoymaqla yanaşı, kompleks tədbirlərin əsas tərkib hissələrindən biri kimi iqtisadi inkişafın dayanıqlılığını təmin etmək üçün ciddi addımlar atır. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında Azərbaycan İnvestisiya Holdinqinin, İqtisadi Şuranın yaradılması da  bu məqsədə xidmət edir. Məqsəd  şəffaflığın təmin olunması, səmərəliliyin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılmasıdır.    Azərbaycan dünyada iqtisadi möcüzələr ölkəsi, sosial dövlət  kimi tanınır və nüfuz qazanıbsa, təbii ki, bu, düzgün qurulan və gələcəyə hesablanmış siyasətin nəticəsidir.  Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki,  hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir.  Ölkə Prezidentinin «İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır», «Həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır”,  «Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamalıdır» kimi tezisləri, həmçinin ən çətin anlarda belə vətəndaşının yanında olması insan  amilinə verilən önəmin təsdiqidir. Ən əsası cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam» vədini vermiş və son 17 ildə  bunu əməli işində təsdiqləmişdir. Dünya Bankının hesabatlarında ən islahatçı ölkə kimi tanınan  Azərbaycan  adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli” ölkələr» kateqoriyasına daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının  İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı  hesabatına əsasən isə  «orta insan inkişafı” ölkələri» qrupunu tərk edərək, «yüksələn insan inkişafı” ölkələri» qrupunda yer almışdır. Bu reallıq da daim önə çəkilir  ki, neftlə zəngin çox ölkələr var. Lakin onlarda bu resurs heç də inkişafa, tərəqqiyə yol açmır. İnsanlar arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanda inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirilməsi, ən əsası ədalət prinsipinin, şəffaflığın yüksək səviyyədə qorunması bu kimi fərqlərin baş verməməsinə səbəb olmuşdur. Bu, dövlətin ali məqsədində insan amilinə verilən önəmin bariz nümunəsidir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, orda ictimai maraqlar qorunmasın, ümumi rəyə əsaslanan mövqe ortaya qoyulmasın. Vətəndaş məsuliyyətini artırmaqla,   ölkəmizin inkişafına, bugünkü gündə yaranmış vəziyyətdən  az itki ilə çıxmaq üçün təsdiqlənən Tədbirlər Planının uğurlu icrasına səy göstərməliyik. Dövlətimizin başçısı İlham Əliyev COVID-19-a qarşı mübarizə tədbirlərinə başlandığı gündən insanların sağlamlığının təmin olunması ilə yanaşı onların sosial müdafiəsinin gücləndirilməsinin də prioritetliyini önə çəkərək iqtisadi islahatların dərinləşdirilməsini vacib tələb kimi irəli sürdü. Bu məqsədlə  imzaladığı 19 mart 2020-ci il tarixli  «Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq  subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında»  Sərəncamı ilə  Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və  maliyyə imkanlarını səfərbər etməkdir.  Həmçinin 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqrama  əsasən qarşıda dayanan  bu kimi məsələlərin həlli məqsədilə  lazımi məbləğdə vəsaitlər ayrıldı. Dövlətimizin başçısı İlham Əliyev  pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən iş yerlərinin azaldılmamasını, sahibkarlara diqqət və qayğının, maliyyə dəstəyinin göstərilməsini qarşıya bir tələb kimi qoydu.  Ölkə Prezidentinin qeyd etdiyi kimi,  əgər bu  koronavirus pandemiyası müdaxilə etməsəydi, uğurlarımız daha da böyükhəcmli olardı. Amma  biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.

   Bütün dünya dövlətləri pandemiya ilə mübarizə tədbirlərinə başlayan zaman iki seçimdən iqtisadiyyatın  inkişafına önəm verdisə, Azərbaycan insanların sağlamlığının qorunmasının prioritetliyini bildirdi. Qeyd olundu  ki, iqtisadiyyatı inkişaf etdirmək, əvvəlki durumu bərpa etmək çətin deyil. Amma insanların sağlamlığını qorumaq, onların sosial müdafiəsini gücləndirmək əsasdır. Dövlətimizin bu seçimi beynəlxalq səviyyədə də təqdir olundu, əksər ölkələr  Azərbaycan təcrübəsini tətbiq etməklə  yoluxanların sayının artmasının  qarşısını almağa çalışdı. 

      Uğurlarımıza qısa baxış  gələcəklə bağlı nikbin proqnozlara  əsas verir. Bu gün dünyada  koronavirus infeksiyasının fəsadlarının dərinləşməsinə baxmayaraq, ölkəmizdə heç bir sahədə durğunluq müşahidə olunmur.

   Bu günlərdə Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışında Azərbaycanın “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verdiyini önə çəkərək bildirmişdir ki, Azərbaycan  2016-cı ildə əsas vəzifəsi milli prioritetlərin müəyyən edilməsindən, müxtəlif Dövlət Proqram və strategiyalarının “Dayanıqlı İnkişaf Məqsədləri” ilə uzlaşdırılmasından ibarət olan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası təsis edib. Azərbaycan “Minilliyin İnkişaf Məqsədləri”nə nail olmuş, “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında isə ciddi irəliləyiş əldə etmişdir. Ölkəmizin bu nailiyyətləri  “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda əks olunub. Belə ki, oradakı “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşıb.  O da bildirilib ki,  Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir.

    Dövlətimizin başçısı İlham Əliyev diqqəti ölkəmizin iqtisadi uğurlarına yönəldərək bu statistikanı açıqlayıb.  Son 17 ildə ümumi daxili məhsul 3 dəfə artıb. «Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflərdən biri Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməklə yanaşı, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır.  Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enib. Qeyd edək ki, 2003-cü ildə xalqın böyük əksəriyyətinin  dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin irəli sürdüyü hədəflər sırasında  yoxsulluq kimi bəlanın aradan qaldırılması da yer tutmuşdur. Beynəlxalq maliyyə qurumları, xüsusilə Beynəlxalq Valyuta Fondu həmin dövrün reallıqlarını nəzər alaraq bu proqnozu səsləndirmişdir ki, Azərbaycanda hızırkı inkişaf tempi qalarsa, yoxsulluq səviyyəsi tamamilə  heçə enəcək. Bu fikir də xüsusi qeyd edilmişdir ki, neft-qaz layihələrinin uğurlu icrası nəticəsində Azərbaycanın dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olacaq ki, bu da büdcənin sosialyönümlülüyünü artıracaq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edəcək.   Bu gün Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur. Son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılmışdır. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir. Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı aktivlərinin 270 milyon dollar təşkil etdiyi Fondun bu günə olan aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulunu üstələyir. Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir.

  Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan toplantıda diqqəti bu məqama da yönəltmişdir ki,  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkə ərazisinin 20 faizinin işğalı ilə nəticələnmişdir. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılması da dövlətin sosial siyasətinin əsas istiqamətlərindəndir.  Bu həssas qrupdan olan şəxslərin ehtiyaclarının təmin edilməsi üçün bu günədək 8 milyard manata yaxın və ya təqribən 5 milyard dollar həcmində vəsait sərf edilmişdir. 300 mindən artıq məcburi köçkün pulsuz ev və mənzillərlə təmin olunub.

    Müqayisəli təhlil aparsaq, torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində meydana gəlmiş çətinliklər səbəbindən Azərbaycan müstəqilliyinin ilk illərində beynəlxalq ictimaiyyətdən humanitar yardım qəbul edirdi, daha sonra isə Azərbaycan özü donor ölkəyə çevrildi. Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərir. “COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərmişdir. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyi gözləniləndir” söyləyən cənab İlham Əliyev  qeyd etmişdir ki, pandemiya bizim iqtisadiyyata da təsir etmişdir. Pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır.

   Bugünümüzün əsas çağırışı pandemiyadan sonrakı dövrdə görüləcək işlərdir.  Əsas prioritetlər bunlardır: iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirmək.

  Qeyd olunanlar fonunda belə bir ümumiləşdirməni apara bilərik ki,  dövlətimizin başçısı İlham Əliyevin   bu gün qəbul etdiyi qərarlar daha çox sabahımız, gələcəyimiz  üçündür. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi fonunda  ölkəmizin  gələcəyini daha aydın görür, ən əsası  beynəlxalq maliyyə qurumlarının hesabatlarında  ən islahatçı ölkə kimi  möhkəmlənən mövqeyinə hər an yeni əlavələr edəcəyini böyük inam hissi ilə qeyd edirik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, mövcud imkanların vəhdəti  Azərbaycanın yaranmış  vəziyyətdən  az itki ilə çıxacağına böyük əsas verir.

  Yeganə Əliyeva, «İki sahil»