04 fevral 2019 20:24
134

Prezident bütün sahələrdə gənclərin fəaliyyətini yaxından izləyir

Gənclər Gününə həsr olunmuş respublika toplantısı Azərbaycan dövlətinin gənclər siyasətinin yeni mərhələdə davamı sayıla biləcək hadisə kimi əhəmiyyətlidir. Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, toplantıda Prezident İlham Əliyevin nitqi dövlətin gənclər strategiyasında açılan yeni mərhələnin bir sıra xarakterik əlamətlərini ortaya qoydu:

"Dövlətimizin indiki inkişaf səviyyəsinə qədərki dövrdə gənclərin iştirakı, növbəti mərhələdə gəncliyin qarşısında duran vəzifələrin dəqiq ifadə edilməsi toplantının tarixi və strateji əhəmiyyətini daha da artırır. Prezidentin fikir və təhlilləri Azərbaycan gəncliyinə öz rolunu dərk etmək, öz gücünə inanmaq, daha məqsədyönlü kurs götürmək, öz taleyinə sahib çıxmaq, dövlət və ictimai həyatda daha fəal iştirak etmək baxımından çox dəyərli çağırışdır. Ən mühüm nüanslardan biri odur ku, dövlətimizin başçısı hər bir Azərbaycan gəncinin milli qürur və fəxarət hisslərinin güc mənbəyini bir daha konkret ifadə etdi və gəncliyin bu mənbə ətrafında daha fəal və həvəslə toparlanmasının tarixi səciyyə daşıdığına diqqət çəkdi. Prezidentin bu nöqteyi-nəzərdən gənclərin müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyduğunu qeyd etməsi dərin təsirli və yonəldici gücə malikdir".

Ekspert bildirib ki, Prezident İlham Əliyev müstəqil Azərbaycanın dövlət və ictimai həyatının bütün sferalarında gəncliyin fəaliyyətini yaxından izlədiyini, onu hər bir an üçün yönləndirdiyini, bu yolda hər şeyin dövlət nəzarətində olduğunu və gənclərin düşüncə və fəaliyyətlərinə yaxından bələd olduğunu nümayiş etdirdi: "Azərbaycan gənclərinin daha çox sosiallaşmasında və fəallaşmasında bu toplantının böyük rol oynayacağı şübhəsizdir. Öz dövlətinə daha çox bağlı olan gəncliyin daha güclü dəstəyə çevrildiyini sübut etməyə ehtiyac yoxdur. Lakin Prezident öz çıxışında müasir dövlətçilik praktikalarında geniş istifadə olunan bu sosial-siyasi postulata çox maraqlı yenilik də gətirdi. Belə ki, dövlət başçısı gəncliyimizi savadlı, milli ruhlu olmağa, milli-mənəvi dəyərlərə daha yaxından bağlanmağa çağırmaqla onlara bildirdi ki, öz dövlətinə bağlı olmaqla bərabər, həm də bu keyfiyyətlərə sahib olan gənclik daha güclü və yenilməz olur. Cənab İlham Əliyev aprel döyüşlərinə və bu döyüşlərdə gənclərin misilsiz fəal iştirakına bir daha qayıtmaqla dövlətimizin ərazi bütövlüyünün bərpasında gəncliyimizin gücünə möhkəm inandığını bir daha göstərdi. Bu o deməkdir ki, ölkə rəhbərinin gənclər siyasətini və bu istiqamətdə görülən böyük işləri torpaqlarımızın işğaldan azad edilməsi siyasətinin tərkib hissəsi və davamı kimi başa düşmək lazımdır".

Baş redaktor deyib ki, Prezident İlham Əliyevin müasir inkişaf texnologiyalarına uyğun olaraq gənclərin yeni davranış və yeni özünütəsdiq üsullarına xüsusi önəm verdiyini də göstərdi: "Son illərdə ölkədə könüllülər hərəkatının genişlənməsi fonunda Prezidentin bu məsələyə ayrıca yanaşması da yeni sosial davranışların Azərbaycanda çox düzgün idarə edildiyini təsdiqləyir. Fikrimcə, gənclik dövlət başçısının onlarla bağlı daha bir fikri üzərində xüsusi həssaslıqla düşünməli və bundan nəticələr çıxarmağı bacarmalıdır. Cənab İlham Əliyev dövlət təşkilatlarında gəncləri önə çəkməyi tövsiyə etdi. Bəzilərinin müəyyən hallarda inamsız və ehtiyatla yanaşdıqları gənclərə bundan böyük etimad ola bilərmi? Sözsüz ki, Prezident Azərbaycanın qarşısında inkişafdan doğan və başqa səpkili işlərin olduğunu yaxşı görür və bu işlərin həllində savadlı, vətənpərvər və mənəviyyatlı gənclərə həlledici qüvvələrdən biri kimi baxdığını çox aydın şəkildə göstərdi".