29 yanvar 2019 10:41
280

Prezident İlham Əliyev: Aqrar sahə bizim üçün strateji sahədir

Kənd təsərrüfatında aparılan islahatlar və bu sahəyə dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına səbəb olub. Azərbaycanda zəngin tarixi ənənələri olan kənd təsərrüfatı məhsullarının dəstəklənməsi məqsədilə dövlət tərəfindən müxtəlif yardım və təşviq mexanizmlərinin, o cümlədən güzəştli kreditlərin, son məhsula görə subsidiyaların verilməsi, eləcə də aqrolizinq xidmətlərinin göstərilməsi bölgələrdə bu sahələrin inkişafını sürətləndirib.

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması da bu istiqamətdə icra olunan layihələrdən biridir. Belə müasir kompleksin yaradılması ölkəmizdə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq baxımından mühüm rola malikdir.

Xəbər verildiyi kimi, yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

Yeni iqtisadi şəraitdə dövlət başçısı tərəfindən bir sıra kənd təsərrüfatı məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırmaq vəzifəsi qarşıya qoyulub və fermerlərə, iş adamlarına güzəştlər edilir. Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və ixrac etmək yönündə ciddi addımlar atılır. Artıq bu istiqamətdə müsbət nəticələr əldə olunmaqdadır. Belə ki, adıçəkilən sahədə istehsalın artırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının xaricə ixracı prosesində də artım müşahidə edilir. Şübhə yoxdur ki, bu yöndə vəziyyət ildən-ilə daha da yaxşılaşacaq. Dövlətimizin başçısı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılış mərasimindəki nitqində vurğulayıb ki, aqrar sahə bizim üçün strateji sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir: “Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın.”

Qeyd etmək yerinə düşər ki, ölkədə uğurla aparılan aqrar siyasət nəticəsində kənd təsərrüfatında əlverişli bazar şərtləri formalaşıb və biznes fəallığı xeyli yüksəlib. Yəni müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə bu cür ixtisaslaşmış müəssisələrin yaradılması qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında da böyük əhəmiyyət daşıyır. Bundan başqa, belə tədbirlər həm də idxaldan asılılığı azaltmaqla, ölkəmizin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına da töhfə verir.

Dövlətimizin başçısı vurğulayıb ki, ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır: “Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq. Tərəvəzçilik bizim kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir. Yəqin siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda, xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq.”

Məlumat üçün bildirək ki, institut Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 6 may tarixli qərarına əsasən tərəvəz, bostan və kartof bitkilərinin seleksiyası, toxumçuluğu, aqrotexnikası, bitki mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə yaradılıb. “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq bu toxumçuluq kompleksi inşa olunub. Ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb. İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub.

Orxan Vahidoğlu, “İki sahil”