04 dekabr 2019 18:31
181

Prezident İlham Əliyev: Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir

Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Hacıqabul rayonuna və Naftalan şəhərinə yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən deyib.

Ölkəmizin çox gözəl beynəlxalq imicinin olduğunu qeyd edən Prezident deyib: “Təkcə oktyabr-noyabr aylarında ölkəmizdə baş vermiş hadisələr, keçirilmiş mötəbər tədbirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu nə qədər yüksəkdir və nə qədər beynəlxalq dəstək göstərilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və 120 ölkənin dəstəyi ilə biz bu təşkilata sədr seçilmişik və üç il ərzində sədrlik edəcəyik. Dünya dini liderlərinin Zirvə Görüşü Azərbaycanda keçirilib və 70 ölkədən gəlmiş nümayəndələrin hər biri qeyd edirdi ki, Azərbaycan bu sahədə dünyada aparıcı rol oynayır”.