13 noyabr 2020 18:27
1378

Prezident İlham Əliyev öz prinsipial mövqeyindən dönmədi

Dövlətimizin başçısının 44 gündə dünyanın aparıcı media qurumlarına  30-a yaxın müsahibəsi dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi

44 günlük qəhrəmanlıq dastanının yaratdığı duyğuların, sevinc hissinin miqyası ölçüyəgəlməzdir. Bu qalibiyyət üçün  dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə minnətdarıq.  Onun qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusu, Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etdi, döyüş meydanında zəfərlərimiz siyasi müstəvidə qələbəmizi təmin etdi.  Bu qələbəmiz üçün şəhidlərimizə borcluyuq, onların ruhu qarşısında baş əyirik, xatirələri  hər zaman hər birimiz üçün əziz olacaq.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla 30 illik münaqişəyə son qoyuldu, düşmən diz çökdü, Azərbaycan tarixə ən möhtəşəm qələbə səhifəsini yazdı. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqına tarixi qələbəmizlə bağlı  müraciətində bildirdiyi kimi,  bu bəyanat bizim şanlı qələbəmizdir. “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq.»

10 noyabr şanlı qələbəmizin sevinci bu gün də yaşanır, hər birimiz qürur hissi keçiririk. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir-birinə ünvanladıqları təbrik mesajları 30 ilin həsrətinin aydın ifadəsini yaradır. Bu gün Azərbaycanla yanaşı, bizə dost, qardaş olan Türkiyə də eyni sevinci yaşamaqdadır. Bu reallıq bir daha ulu öndərlər- Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir», müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu  Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» tezislərinin təsdiqidir. Dağlıq Qarabağı Azərbaycanla yanaşı, Türkiyənin də ağrıyan yarası kimi dəyərləndirən Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsi başlandığı gündən Azərbaycanın tək olmadığını, hər zaman ölkəmizin yanında olduğunu bəyan etdi. Qardaş ölkənin mənəvi və siyasi dəstəyi 44 gündə həm işğalçı Ermənistanı, həm də ona havdarlıq edən dövlətləri narahat edərək feyk xəbərləri yaymalarında özünü nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu qələbəni şərtləndirən amillər dövlətimizin başçısı İlham Əliyevin xalqa qələbə  müjdəsini çatdıran müraciətində də öz əksini tapıb.  «Azərbaycan necə qələbə qazandı» sualı  ətrafında keçilən yola nəzər salıb, məhz 30 ildən sonra belə bir zəfərə imza atmağımızı şərtləndirən amilləri ümumiləşdirək.

Dövlətimizin başçısı İlham Əliyevin xalqa  müraciətində qeyd etdiyi kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Artıq Azərbaycan xalqının səbri tükənmişdi:  «Mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?!»

Təbii ki, Azərbaycan bu hesabı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə  soruşdu,  Ermənistanı diz çökdürdü, diz üstə qoydu! Ermənistanın baş naziri Nikol Paşinyan 40 gündə üz tutub yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadı. Havadarlarına Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün yalvarışlar etdi. Amma Azərbaycan dövlətinin qətiyyəti sayəsində dünya ədalət deyilən məfhumun, beynəlxalq hüququn norma və prinsiplərinin varlığını dərk etdi.  «Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq: «Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik.»

Azərbaycanın diplomatik mübarizədə qələbəsində, eyni zamanda, ordumuzun döyüş meydanında göstərdiyi fədakarlıqda ulu öndər Heydər Əliyevin     1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  əldə olunan uğurların böyük rolu vardır. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini irəli sürən Ümummilli Lider iqtisadiyyatın inkişafında neft amilinin rolunu önə çəkərək malik  olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişini imzaladı. Həmin vaxtdan ötən 26 ildə ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları göz qabağındadır. Azərbaycanın iqtisadi imkanları artdı, maliyyə imkanları genişləndi. Azərbaycanın iqtisadi və siyasi mövqeyi möhkəmləndi. Dövlətimizin başçısı İlham Əliyevin daim bəyan etdiyi kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Bu qələbəmizdə də iqtisadi müstəqilliyin rolu inkaredilməzdir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynadı.

Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin ilk illərində  erməni diasporunun apardığı yalan təbliğat nəticəsində Azərbaycan informasiya blokadasına alınmış, təcrid vəziyyətinə salınmışdı. Bu gün isə Azərbaycan Ermənistanı təcrid vəziyyətinə salıb. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistan iqtisadi böhran içərisində çapalayır. Müharibə  bu kasıb, yoxsul ölkənin sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırıb. Təbii ki, belə də olacaqdı. Müstəqilliyi formal xarakter daşıyan, bu günə qədər dünyanın iri dövlətlərinin maraqlarının ifadəçisinə çevrilən Ermənistan ianələr hesabına yaşayan bir ölkədir. Bu gün işğalçı dövlətdə yaşananlar xalqın dünyanın «demokratiya nümunəsi» kimi təqdim etdiyi Nikol Paşinyan hakimiyyətinin iflasa uğradığını təsdiqləyir. Ölkəsinin, xalqının bu gününü, gələcəyini düşünən dövlət rəhbəri belə sərsəm və yanlış düşüncələrlə yaşamaz.

Azərbaycan bütün sahələrdə  inkişafdadır. Dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, biz  döyüş meydanında, siyasi müstəvidə gücümüzü göstərdik: «İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir.»

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından bugünədək Azərbaycanın müstəqil  siyasət yürüdərək dünyanın müxtəlif ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurması onun beynəlxalq nüfuzunun artmasına güclü təkan verdi. Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında quraraq,  bu gün sözünün imzasın qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. 1993-2003-cü illərdə qurulan möhkəm təməl Azərbaycanın son 17 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən möhtəşəm uğurlara imza atmasına stimul oldu. Son 17 ilin ən böyük uğuru Dağlıq Qarabağ münaqişəsinin həlli, ədalətin bərpa olunmasıdır. 2020-ci ilin sona çatmasına iki aydan az vaxt qalır. Çox xoşbəxtik ki, cənab İlham Əliyev Yeni il təbrikində işğal altında  olan torpaqlarımızın azad olmasından, üçrəngli bayrağımızın bu torpaqlarda dalğalanmasından böyük qürur hissi ilə bəhs edəcək.

Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu  bir daha dünyaya nümayiş etdirdi. Ordu quruculuğu sahəsində görülən işlər, atılan addımlar öz müsbət nəticəsini verdi. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcək. Təbii ki, bu əminlik ordumuzun gücünə, qüdrətinə söykənirdi. Azərbaycan Ordusunun tarix yazdığı 44 günün zəfər yürüşündən əvvəl dünya 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan qələbələrində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən xəbərdar idi. Məhz  döyüş ruhunun yüksəkliyi və daim Ali Baş Komandanın hücum əmrinə hazır olmaq ordumuzun bugünkü qələbələrinin əsasında dayanır.

Təbii ki, qələbənin əldə edilməsində güclü iqtisadiyyatımız, müasir ordumuzla yanaşı, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan Prezidentinin dediyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ölkə rəhbərliyi böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa  müraciətlərində xüsusi vurğulayaraq bildirmişdir ki, əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.

Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, ayrı-ayrı soydaşlarımız Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm Qələbənin əldə olunmasına öz töhfələrini verdilər.  Ordumuzun hər bir qələbə xəbəri dünyanın müxtəlif ölkələrində yürüşlərin keçirilməsi ilə qeyd olundu. Azərbaycan diaspor təşkilatları həqiqətlərimizin təbliğində, erməni təxribatlarının dünya ictimaiyyətinə çatdırılmasında fəallıq nümayiş etdirdilər. Bir daha dünyaya çatdırıldı ki,  Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır.

Bütün qeyd edilənlərlə yanaşı, Azərbaycanın bu gün dünyanın hər yerində qeyd edilən möhtəşəm Qələbəsinin əsasında məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin  rolu xüsusi diqqətə çatdırılmalıdır.   Məhz onun yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu Qələbənin əldə olunmasında mühüm rol oynadı.   Dövlətimizin başçısı 30-dan çox xarici kütləvi informasiya vasitəsi nümayəndələrinin suallarını cavablandırdı, hətta bəzilərinin təxribat xarakterli sorğularını özünəməxsus məharətlə onların özünə qarşı suala çevirdi, bir çox hallarda güzgüyə baxmasını tövsiyə etdi.  Bu müsahibələr yalnız həmin ölkələrin deyil, bütün dünyanın diqqətini məhz dövlətimizin başçısının verdiyi məntiqli, mətanətli cavabları ilə özünə cəlb etmişdi.
Cənab İlham Əliyev bir çox təxribatçı sualları cavablandırarkən həmin jurnalistlərə onların ölkəsinin tarixini, həmin ölkələrdə həyata keçirilən daxili siyasəti hətta onların özündən yaxşı bildiyini də göstərdi. Dövlətimizin başçısının bu müsahibələri həm də Azərbaycanı yaxından tanımayanlarda ölkəmiz haqda obyektiv fikir formalaşdırdı, onların ölkəmizə münasibətini kökündən  dəyişdi.

Dövlətimizin başçısının  nüfuzlu xarici media orqanlarına verdiyi hər bir müsahibə yalnız bu gün üçün deyil, gələcəkdə istinad ediləcək bir mənbə rolunu oynayacağı şəksizdir. İnanırıq ki, 2020-ci ilin 44 günündə  yaşananlar Qələbəmizi sevinc hissi ilə qələmə almaq istəyənlərə nüfuzlu və mötəbər mənbə rolunu oynayacaq. Beynəlxalq ictimaiyyət tərəfindən bu çıxışlar hələ çox izləniləcək, dostlarımıza fəxarət, düşmənlərimizə layiqli dərs olacaq. Dövlətimizin başçısı 10 noyabr qələbə müjdəsini xalqımıza çatdırarkən bildirmişdir: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm və bəziləri deyirlər ki, İlham Əliyev nə üçün müsahibə vermir. Hesab edirdim ki, mən öz mövqeyimi ifadə etmək üçün kifayət qədər imkanlara malikəm, tez-tez bütün məsələlərlə bağlı öz fikirlərimi bildirirəm. Mənim bütün fəaliyyətim şəffafdır, keçirdiyim bütün iclaslar ictimaiyyətə təqdim edilir. Lüzum bilmirdim onda. Amma lazım olan vaxtda 30-a yaxın müsahibə vermişəm və o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir.»

Qeyd etdiklərimiz dövlətimizin başçısı İlham Əliyevin 44 gündə göstərdiyi qətiyyətin uğurlarıdır. Bu möhtəşəm qələbə  qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, yeni həyat başlayacaq, Azərbaycan inkişaf modeli ilə dünyanı heyrətləndirəcək.  Azərbaycanımıza, xalqımıza qələbə, xoş günlər yaraşır. Böyük Qayıdışın mübarək, Azərbaycan!

Yeganə Əliyeva, «İki sahil»