28 sentyabr 2020 19:43
2732

Prezident İlham Əliyev: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri təxribat törədərək iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edərək cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Belə ki, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Bu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsini və təcavüzkar dövlətin  siyasətinin faşist mahiyyətini bütün dünyaya sübut etmiş olur.

Azərbaycan Ordusu hazırda Ermənistanın son təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə düşmənin hərbi mövqelərinə zərbələr endirir və cavab tədbirləri görür. Azərbaycan Ordusunun  həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır.  Beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində də deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Bununla bərabər,   Minsk qrupu çərçivəsində danışıqlar da heç bir bir nəticə vermir, Ermənistan isə ardıcıl olaraq hərbi təxribatlar törədir.  Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, hazırda  Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul ediblər. Əlbəttə, bu sıranı daha da genişləndirmək olar. Lakin əsas məsələ bizim mövqeyimizin beynəlxalq hüquqa və ədalətə əsaslanmasıdır. Bax, elə bu səbəbdəndir ki, bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir,  öz torpağında  ərazi bütövlüyümüzü qoruyur.

Son aylarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları intensiv xarakter almışdır. Belə ki, iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Həmişə olduğu kimi, yenə də ilk atəşi, o cümlədən artileriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olmuşdur. Azərbaycan Silahlı Qüvvələri düşmənə adekvat cavab verdi. Sarsıdıcı və tutarlı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Təəssüflər olsun ki, işğalçı ölkə Tovuz hadisələrindən  də nəticə çıxarmadı. Avqustda Ermənistan Azəbaycana diversiya qrupu göndərməklə növbəti hərbi təxribata əl atdı. Açıq-aydın görünürdü ki,  təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Qürurverici haldır ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən cavab əməliyyatları nəticəsində  düşmənin məkrli planları uğursuzluğa düçar oldu. Ermənistanın siyasi-hərbi rəhbərliyinin məlum “iyul təxribatı” və “avqust diversiya hərəkətləri“ regionda ədalətli sülhün bərpasına olan kövrək ümidlərin üzərindən çarpaz xətt çəkir. Xüsusilə də son iki ay ərzində həm Serbiya, həm də Rusiyadan Ermənistana silah-sursat daşınması münaqişənin dinc yolla həlli imkanlarını sözün həqiqi mənasında “dəfn” etməkdədir.

Təmas xəttində yaranmış mürəkkəb və gərgin vəziyyətin təqsirkarı Ermənistan və onun planlaşdırılmış məkrli təxribatlarıdır. Onlar bu təxribatlara uzun müddətdir ki, hazırlaşırdılar. Ermənistan ordusu mülki əhalimizi hədəf alır. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.  Bu səbəbdən başlıca hədəf cəbhə xəttinə yaxın ərazidə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və bununla yanaşı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini artıq 30 ildən çoxdur ki, davam edən işğaldan azad etməkdir. Azərbaycan Silahlı Qüvvələri ilk növbədə Ermənistan ordusunun təxribatlarını və təcavüzkar fəaliyyətlərini dəf etmək, ikinci növbədə isə Ermənistanı sülh danışıqlarına məcbur etmək məqsədilə əks-əməliyyat və əks-hücum tədbirləri görür.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib: “Tarixi həqiqət bizim tərəfimizdədir. Bütün təşkilatlar bizim ərazi bötüvlüyümüzü tanıyır. 30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır. Amma bunun sonunda Ermənistan bütün prosesi iflic vəziyyətə salıb.Biz öz torpağımızda vuruşuruq: “Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərinin bizim torpaqda nə işi var?! Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur. Bu fakt torpaqlarımızın 20 faizini işğal etmiş və bütün siyasətini ancaq və ancaq qonşu dövlətlərin torpaqlarını işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur. Buna baxmayaraq Ermənistan bu mühüm məqamı yaddan çıxarır ki,  şanlı Azərbaycan ­Ordusu işğalçı ölkənin bütün təxribatlarına lazımınca cavab verir, ona layiq olduğu yeri göstərir.  2016- cı ilin Aprel döyüşlərində həm mənfur qonşumuza, həm də dünya birliyinə məlum oldu ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdir. Azərbaycanın ön cəbhə xəttində yerləşən mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmasına cavab olaraq ordumuzun bölmələrinin əks-həmləsi Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi. 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Şərur rayonunun Günnüt kəndinin 2018- ci ildə düşməndən təmizlənməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin növbəti göstəricisidir.Bu gün qürurla deyə bilərik ki, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılıb, uğradılır və uğradılıcaq da! Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar isə Silahlı Qüvvələrimizin gücünü reallıqda təsdiqləyən hadisə oldu.

Qətiyyətli və əzmkar Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı yağı düşməndən azad etmək kimi müqəddəs vəzifəni yerinə yetirməyə tam hazırdır. Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atacağı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər həlledici amillər qaçılmaz görünən müharibədə Azərbaycanın tam qələbəsini təmin edən mühüm amillərdir. Ordumuz bu dəfə düşmənlə amansız mübarizə aparacaq, ona sarsıdıcı zərbə vuracaq. Biz torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik. Düşmən öz yerini bilməli, sərhədini tanımalı, Azərbaycan torpaqlarından birdəfəlik çıxmalıdır! Cəbhədəki əsgərlərimizlə yanaşı, sayca ermənilərdən dəfələrlə çox olan Azərbaycan xalqı hər an döyüşə getməyə hazırdır. Şanlı ordumuz zəfərdən-zəfərə doğru inamla irəliləyir. Hazırda hər kəs Ordumuzun yanındadır, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının ürəyi ordu ilə döyünür, hamı bir nəfər kimi Azərbaycan əsgərinə dəstək olmağı özünə müqəddəs amal bilir. Ordumuzun şücaəti və göstərdiyi qəhrəmanlıqlar, xalqımızda Ali Baş Komandana və ordumuza olan inam bir daha onu deməyə əsas verir ki, zəfər bizimlədir! Tezliklə bütün xalqımız qələbəni bayram edəcək!

Yaqut Ağaşahqızı, “İki sahil”