Ölkəmizin pandemiya dövründə də başqa dövlətlərə yardım kampaniyalarındakı fəallığı multikultural dəyərlərə sadiqlik nümunəsidir
Əsrlər boyunca müxtəlif mədəniyyətlərə və dinlərə mənsub insanların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycan tarixən sivilizasiyalararası mərkəz, İpək Yolunun üzərində yerləşən coğrafi məkan kimi tanınır. Xalqımızın multikultural dəyərlərinə sadiqliyi, humanizm və xoşniyyətlilik kimi ali prinsipləri qoruyub saxlaması, inkişaf etdirməsi bölgədə birgəyaşayış qaydalarını tənzimləyir. Ölkəmizin coğrafi mövqeyi qədim dövrlərdən burada fərqli dinlərin mövcudluğuna şərait yaratmış, insanları bir amal naminə birləşdirmişdir. Müstəqillik illərində daha da möhkəmlənən, dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi diqqət göstərilən Azərbaycanın multikultiralizm ideyaları beynəlxalq aləmdə təbliğ olunur, dəstəklənir. Son illərdə ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Beynəlxlq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı kimi mötəbər tədbirlər, mədəniyyətləri birləşdirən çoxsaylı beynəlxalq konfranslar
Azərbaycanın multikultural dəyərlərinin təbliğini intensivləşdirir.
...İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir”» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dünyada dialoqun təşviqi və inkişafı istiqamətində mühüm rol oynayan, Avropa Şurasına, ISESCO-ya üzv olan yeganə müsəlman ölkəsidir. Ölkəmizdə 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü”nün hər il qeyd olunması, ISESCO-nun 2009-cu ildə Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, sonrakı illərdə qədim odlar diyarı Naxçıvanın bu ada layiq görülməsi Şərqlə Qərb arasında tarixi körpü rolunu oynayan Azərbaycanın xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsindəki roluna verilən qiymətdir.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya dövlət səfəri çərçivəsində keçirdikləriyi görüşlər, hər iki ölkə arasında Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması, İtaliyanın Prezidenti Cercio Mattarellanın Azərbaycanla əməkdaşlığa böyük önəm verməsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət, Vatikanda Skistin Kapellası və Müqəddəs Pyotr kilsəsi ilə tanışlıq, Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüş Azərbaycanın dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin inkişafında artan roluna bir nümunədir. Azərbaycanın təşəbbüsü ilə atılan önəmli addımlar göstərir ki, Müqəddəs Taxt-Tac ilə ölkəmiz arasında münasibətlər daha da genişləndiriləcək. Xeyirxah təşəbbüslərin müəllifi Mehriban xanım Əliyevanın sərhədlərimizdən kənarda reallaşdırdığı layihələrin hər biri multikultural dəyərlərdən qaynaqlanır. Rus Provoslav Kilsəsinə, Həştərxan şəhərinin abadlaşmasına göstərdiyi qayğıya görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa Ordeni ilə təltif edilən Mehriban xanım Əliyevanın İtaliyada kardinal Pietro Parolinin Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçı ( Dama di Gran Croce dell*ordine Piano) ilə mükafatlandırılması Azərbaycan multikultiralizminə verilən dəyərdir.
Əvvəlki illərdə Suriyaya, Fələstinə maddi yardımlar göstərən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif ölkələrdə humanist layihələr həyata keçirən Azərbaycan bütün dünya dövlətlərinin iqtisadiyyatını çökdürən yüz minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyası ilə mübarizədə çətin vəzyyətdə qalan ölkələrə yardımlarını əsirgəmir. Azərbacanın təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatı üzvləri ilə videokonfras formatında Zirvə görüşlərinin keçirilməsi, pandemiyaya qalib gəlməyin birgə yollarının müzakirəsi ölkəmizin humanitar siyasətinin göstəricisidir. “Bildirməliyəm ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, Afrika İttifaqı buna qoşulub, o İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə və ümumiyyətlə, ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27 ölkə var. Düzdür, Afrika İttifaqının bəzi ölkələri, eyni zamanda, Qoşulmama Hərəkatının üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan, deyə bilərəm ki, tam məsuliyyətlə dünyanı birləşdirdi. Qəbul edilmiş bəyannamədə Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir. Əlbəttə ki, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir”””” söyləyən Prezident İlham Əliyevin fikirləri ölkəmizin bu sahədəki liderliyini əks etdirməklə, tolerantlıq, multikultural dəyərlərə verilən qiymət kimi xarakterikdir.
Qoşulmama Hərəkatının üzvlərinin Azərbaycanın təşəbbüslərini yekdilliklə dəstəkləməsi, dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi üçün Birləşmiş Millətlər Təşkilatında birgə müzakirələrin təşkili ilə bağlı təklifin dəstəklənməsi Azərbaycanın dünya birliyinə növbəti həmrəylik çağırışıdır.
Belə ağır günlərdə özünə qapanmamağı, qarşılıqlı yardımlardan istifadəni çətinliklərdən çıxış yolu kimi diqqətə çatdıran Prezident İlham Əliyev bildirir ki, indiki şəraitdə dünya birliyi vahid mövqedən çıxış etməlidir. Humanitar təşəbbüsləri nümunə göstərilən Azərbaycan fərdi qaydada humanitar yardımlarını davam etirir. “O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir» söyləyən dövlət başçımız Azərbaycanın beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardımını müstəqilliyimizin üstünlükləri adlandırır: « Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır.»
İnsanların normal həyat tərzinə təsir edən pandemiya Azərbaycan vətəndaşlarının da sağlamlığına mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var. Belə çətin məqamlarda Azərbaycanın humanitar siyasətinin ölkə vətəndaşları tərəfindən dəstəklənməsi xalqımızın birlik və həmrəyliyə verdiyi töhfədir. Pandemiya dövründə Prezident İlham Əliyevin təkcə Azərbaycan xalqına deyil, dünya ictimaiyyətinə həmrəylik mesajı olan «Biz birlikdə güclüyük!»” deyimi Azərbaycanın beynəlxalq öhdəliklərinin də bir hissəsidir.
Xuraman İsmayılqızı,
«İki sahil»