13 iyul 2020 17:29
1225

Prezident İlham Əliyevin dünya birliyinə çağırışı tarixi təşəbbüsdür

“Bu gün bəşəriyyətin ağır sınağı olan koronavirus pandemiyası artıq bütün dünyanı cənginə alıb. Mütləq qeyd edilməlidir ki,  müharibə apardığımız  bu gözəgörünməz düşməni yenmək üçün əsas məsələ supergücə malik olmaqda deyil, bəşəri dəyərlər olan həmrəyliyə, əmin-amanlığa, sülhə, ədalətə, məsuliyyətə sahib çıxmaqdadır. Gün birlik olma günü, zaman vahid amal uğrunda birləşmə zamanıdır. Dünya birliyində qarşılıqlı etimadın, həmrəyliyin çatışmadığı bu çətin zamanda, supergücə malik dövlətlərin başlarının öz daxili mübarizə üsullarına qarışıq olduğu bu çətin günlərdə, Azərbaycan əməkdaşlığa sədaqətin bariz nümunəsini, həmrəyliyin ən gözəl modelini ortaya qoydu. Cənab Prezident İlham Əliyevin “COVID-19” infeksiyasının dünyada geniş yayılmasının qarşısını almaq naminə dünya birliyinə çağırışı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, humanist xüsusiyyətlərini özündə ehtiva edən tarixi təşəbbüsdür.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında  Yeni Azərbaycan Partiyası ( YAP) Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə deyib.

F. Məcidzadə bildirib ki, bu gün YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin hər bir üzvü  Azərbaycan Prezidenti, doğma partiyamızın Sədri cənab İlham Əliyevin ətrafında monolit şəkildə birləşir, onun həyata keçirdiyi daxili və xarici siyasəti hamılıqla dəstəkləyir: “Dövlətlərin birgə mübarizə  əvəzinə, özünütəcridə meyilli olduğu bir dönəmdə Azərbaycan öz daxili imkanlarını dost və qardaş xalqlarla bölüşür, dünya cənab Prezidentin atdığı addımlar nəticəsində xalqımızın ülvi və xoş xüsusiyyətlərinin şahidi olur. Bu, bir faktdır ki, pandemiya dönəmində cənab Prezident böyük amallar uğrunda həyata keçirdiyi milli diplomatik addımlarımızın növbəti qələbəsinə imza atdı. Dünya  Azərbaycanın beynəlxalq arenada möhkəmlənən gücündən doğan sözünün qüdrətinin, Azərbaycan xalqının bəşəri dəyərlərə olan hörmətinin şahidi oldu. Cənab Prezident dünya qarşısında dayanan qlobal problemlərin həllinə öz töhfəsini verir.”

Gənclər Birliyinin sədri onu da vurğulayıb ki, Azərbaycanın bu uğuru erməni lobbisi, onun maddi dəstəyi və mənəvi qayğısı ilə əhatələnmiş radikallara vurulan növbəti ağır zərbədir. Lakin bu zərbənin ilk olmadığı kimi, son olmaması da aşkardır. Əslində, görmək istəyənlər üçün tarix dərslərlə doludur: “Azərbaycan Respublikası müstəqil, güclü, demokratik, hüquqi, suveren dövlətdir. Hər keçən gün bizim müxtəlif sahələrdə əldə etdiyimiz uğurlar hər bir  azərbaycanlını  qürurlandırmaqla yanaşı, öz dövlətinə inamını artıraraq rəhbərinə daha da sevgi ilə bağlanmasına səbəb olur. Bizim suveren dövlət kimi verdiyimiz bəyanatlar, heç bir zaman bəzilərinin verdiyi pafoslu söz yığınından ibarət olmayıb. Elə götürək, ötən ilin oktyabrında Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında bütün dünyanın gözü önündə cənab Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi dövlətçilik dərsi ilə yanaşı, dilçilik dərsini, onun ardınca Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini ifşa etməsini, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində “Ermənistanın baş nazirinə “irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar” deyib əsaslı arqument gətirərək onu susdurmasını və nəhayət cənab Prezidentin Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifinə dəstək verməyən Ermənistanı bu dəfə böyük dilemma qarşısında aciz buraxmasını. Nə etsin?! Torpaqlarını işğal etdiyi Azərbaycan Prezidentinin irəli sürdüyü təklifə  istəməsə  də  dəstək versin, yoxsa, xislətini bütün çılpaqlığı ilə də olsa açaraq bəşəriyyəti xilas edə biləcək gücdə olan təşəbbüsü rədd edərək  dünyaya həqiqətdə, ermənilərin reallıqda necə bir millət olduğunu özündə ehtiva edən imtina qərarını bəyan etsinmi ?! Bəli, Paşinyanın təklifə dəstək verməməsi, əslində, dünyaya qarşı müharibə elan etməsinə bərabər addım idi.”

Yaqut Ağaşahqızı, “İki sahil”