KÖŞƏ

Zahid Rza

 Prezident İlham Əliyevin Türkiyəyə açıq dəstəyi türk xalqını qürurlandırır

04 sentyabr 2020 17:13
5033

Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən etdiyi çıxış, yeni bir diplomatik üslub və məharətlə həqiqətləri açıq və şəffaf şəkildə yunan səfirin diqqətinə çatdırması, Türkiyə ilə bağlı rəsmi Bakının mövqeyini açıq şəkildə səsləndirməsi günümüzün əsas müzakirə mövzusudur.

Yunanıstan səfiri ilə olduqca açıq danışan Prezident İlham Əliyev hər zaman olduğu kimi, ölkəmizin milli maraqlarını önə çəkdi, Azərbaycanın xarici siyasətinin əsasını milli maraqlar, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionun sabitliyinin, təhlükəsizliyinin qorunub saxlanması təşkil etdiyini bir daha nümayiş etdirdi.

Dövlətimizin başçısı milli maraqlarımız və Yunanıstanla əlaqələrlə bağlı növbəti dəfə Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoydu. Bildirdi ki, Yunanıstan, Kipr və Ermənistanla birlikdə üçlü format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanda ciddi narahatlıq doğurur. Çünki Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir.

 Prezident İlham Əliyev yunan səfirlə görüşdə Azərbaycanın hər zaman Türkiyənin yanında olacağını bəyan etdi: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı.Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Azərbaycanın belə qətiyyətli mövqeyi, dövlətimizin başçısının Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş, dost ölkədə böyük əks səda doğurub, internet portalların, nüfuzlu və çoxtirajlı qəzetlərin, aparıcı televiziya kanallarının manşet xəbərinə çevrilib.

Türkiyənin ən nufuzlu KİV-ləri-Anadolu və İHA agentlikləri, TRT HABER, CNN TÜRK, A HABER, TGRT HABER televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “Sözcu”, “Takvim”, “Star” və digər qəzetlər “Azərbaycan Prezidenti Əliyevdən Türkiyəyə dəstək”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi: tərəddüdsüz dəstəkləyirik!”, “Prezident Əliyev yunan səfirin üzünə söylədi: Aralıq dənizində Türkiyəni tərəddüdsüz dəstəkləyirik”, “Nazir Çavuşoğludan Azərbaycan Prezidenti Əliyevə Şərqi Aralıq dənizi ilə bağlı təşəkkür”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi”, “Azərbaycan Prezidenti İlham Əliyevdən Şərqi Aralıq dənizi mesajı: Türkiyəni tərəddüdsüz dəstəkləyirik” və digər sərlövhəli xəbərlər  qardaş ölkənin ictimaiyyətinə çatdırılıb. Qardaş ölkənin tanınmış televiziya kanalları xəbər buraxılışlarında mövzu ilə bağlı xüsusi reportajlar yayıblar. Bu reportajlarda tarixi köklərə bağlanan Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışılıb, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini tərənnüm edən, eləcə də iki ölkənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrlə bağlı mərasimlərə dair kadrlar nümayiş olunub.

Türkiyə Cümhuriyyətinin yüksək səviyyəli dövlət rəsmiləri dövlətimizin başçısına bu dəstəyə görə minnətdarlıq ediblər. Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsindəki paylaşımında deyir: “Çox təşəkkür edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq”. Nazir, həmçinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını qeyd edərək dövlət bayraqlarımızın qoşa təsvirini paylaşıb.Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın isə “Twitter” səhifəsində “Bir millət, iki dövlət, bütün dünyaya örnək” paylaşımını edib.

Türkiyə Prezident Administrasiyasından bildiriblər ki, Türkiyə hər zaman bütün sahələrdə Prezident İlham Əliyev başda olmaqla Azərbaycanın dəstəyini hiss edir. Qeyd olunub ki, Azərbaycan dəfələrlə Türkiyəyə qardaşlıq münasibətini sübut edib: “Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri bütün türkdilli ölkələr üçün nümunədir. Azərbaycan hər zaman ədalət tərəfdarıdır. Türkiyə ilə Azərbaycanın strateji münasibətləri kiməsə qarşı deyil, regionda sülhə və sabitliyə yönəlib”.