02 iyul 2020 11:42
855

Prezident İlham Əliyevin yeni təşəbbüsü qlobal əməkdaşlıq və həmrəyliyin  daha da möhkəmləndirilməsinə imkanlar yaradacaq

Koronavirus pandemiyası insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, onun mənfi fəsadları böyük qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradır. Həqiqətən də dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində qlobal həmrəyliyə və birliyə böyük ehtiyac var.

Azərbaycan Prezidenti, Türk Şurasının və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin bu il mayın 4-də Qoşulmama Hərəkatı ölkələri adından BMT-nin Baş katibi Antonio Quterreşə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində  xüsusi sessiyasının keçirilməsi üçün müraciət ünvanlamışdı. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdi.

Cənab İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşündəki nitqində səsləndirdiyi təklifin qısa müddət ərzində 130 ölkənin dövlət və hökumət başçıları tərəfindən dəstəklənməsi də Azərbaycan Prezidentinə beynəlxalq səviyyədə hörmət və etimadın göstəricisidir. Azərbaycan Prezidentinin Bakıdan səsləndirdiyi həmin təşəbbüsün əsas məqsədi koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmaq üçün səylərin birləşdirilməsindən ibarətdir.

Rəsmi məlumatda bildirilir ki,  BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb. Həmin ölkələrdən BMT ofisinə gələn məlumatlarda bildirilir ki, Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklifi vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüsdür.

Şübhəsiz ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq.

Ümumdünya səviyyəsində fəlakətə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təşəbbüsü həm də ölkəmizin beynəlxalq əməkdaşlığa açıq, demokratik dövlət olmasından xəbər verir. Sülh, əmin-amanlıq, terrorizmə qarşı barışmazlıq, dövlətlərin ərazi bütövlüyünə hörmət, ədalət və bərabərlik kimi bəşəri dəyərlərə dərindən sədaqət Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq münasibətlər müstəvisində fəaliyyətinin fundamental prinsipləridir. Məhz həmin prinsiplərə inam dövlətimizin beynəlxalq mövqeyini möhkəmləndirir, onun diplomatik nailiyyətlərinin bönövrəsini təşkil edir.

Bu təşəbbüs, eyni zamanda, diplomatiya tariximizə ümumdünya problemlərinin həllinə Azərbaycanın yeni və əhəmiyyətli töhfəsi kimi daxil olacaq.

Yaqut Ağaşahqızı,

“İki sahil”