03 dekabr 2019 18:13
179

Prezident İlham Əliyevin yürütdüyü siyasətin bütün konturları göz önündədir

Bütün dünyada olduğu kimi, Azərbaycanda da xalqın hakimiyyətə olan etimadını və dəstəyini şərtləndirən bir sıra mühüm amillər var. Bunlardan birincisi sosial siyasətlə bağlıdır ki, təkcə 2018-2019-cu illər ərzində bu istiqamətdə həyata keçirilən və konseptual əsasları olan tədbirlər, davamlı xarakter daşıyan bu prosesdə şəhid ailələri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər, tələbələr, təqaüdçülər də daxil olmaqla, bütün sosial qrupların nəzərə alınması vətəndaş məmnunluğunu təmin edən əsas amillərdəndir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, digər mühüm amil sabitlik və təhlükəsizliklə bağlıdır. Bu sahədə də Prezident İlham Əliyevin yürütdüyü siyasətin bütün konturları göz önündədir.

“Dövlətimizin başçısının ölkənin xarici siyasətinin vektorlarını dəqiq müəyyənləşdirməsi, regional, subregional və qlobal dəyişikliklərə münasibətdə nümayiş etdirdiyi çevik reaksiya, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli tədbirlər, Azərbaycanı qlobal problemlərin müzakirə edildiyi, müxtəlif geosiyasi qütblərin bir araya gələ bildiyi dialoq məkanına çevirmək bacarığı, reallaşdırılmış və reallaşdırılmaqda olan enerji və nəqliyyat dəhlizləri layihələri vasitəsilə təhlükəsizliyimizə təhdid yarada biləcək amillərin qarşısının alınması, ölkədaxili proseslərə xarici müdaxilələrin qarşısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlər, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının və döyüş qabiliyyətinin artırılması bu sahədə də vətəndaşlarımızın tam etimadını təmin edib”, - deyə siyasi ekspert bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı və ölkəmizə gələn istənilən şəxs burada özünü təhlükəsiz hiss edir ki, bu da müasir dünyada ən mühüm amillərdən hesab olunur.

E.Mirzəbəyli əlavə edib ki, başqa bir mühüm istiqamət səhiyyənin, təhsilin əlçatanlığı ilə bağlıdır. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, təhsil sahəsində aparılan islahatlar bu istiqamətlərdə də vətəndaş məmnunluğunun təmin edilməsinə zəmin yaradıb.

Respublikamızda məşğulluğun təmin edilməsi üçün reallaşdırılan çoxşaxəli və ölkə həyatının bütün sahələrini əhatə edən proqramları xüsusi qeyd etmək lazımdır. Ekspert qeyd edib ki, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, vergi islahatları və bütün bu fəaliyyətlərin uzunmüddətli yol xəritələri əsasında həyata keçirilməsi bu sahədə də ciddi, inqilabi irəliləyişlərin baş verəcəyini söyləməyə əsas verir.

Elçin Mirzəbəyli, həmçinin bildirib ki, ölkəmizdə insan hüquqlarının qorunması, söz, fikir azadlığının, plüralizmin təmin edilməsi sahəsində də genişmiqyaslı tədbirlər görülür. Cəza siyasətinin humanistləşdirilməsi istiqamətində istər qanunvericilik, istərsə də məhkəmə qərarlarının icrası müstəvisində görülən işlər, məhkəmə-hüquq sistemində aparılan və aparılması nəzərdə tutulan islahatlar ölkəmizdə qanunun aliliyinə maneə yarada biləcək bütün amillərin qarşısının alınması üçün ciddi siyasi iradənin olduğunu təsdiqləyən başlıca amildir. Bununla yanaşı, ölkəmizdə aparılan kadr və struktur islahatlarını da xüsusi qeyd etmək lazımdır.

“Təsadüfi deyil ki, Sosial Tədqiqatlar Mərkəzinin sonuncu sorğusunda vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını bildirib. Sorğuda iştirak edən respondentlərin 87,6 faizinin Prezidentin həyata keçirdiyi islahatları dəstəkləməsi, onu əhəmiyyətli hesab etməsi gözləntilərin, inamın və etimadın bariz göstəricidir”, - deyə ekspert vurğulayıb.

O bildirib ki, sadalanan bütün bu və digər amillər Azərbaycan Prezidentinə, dövlətimizə olan inam və etimadı şərtləndirən əsas amillərdir.