20 may 2020 14:07
291

Prezident olduğunuz ölkədə yaşamağımızla qürur duyuruq

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə ölkəmizin bütün bölgələrindən vətəndaşlarımız Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Kürdəmir rayonundan Ayşad Qarayeva, Elmar Əsədov, Tahirə Məmmədova və Dürdanə Şirinova: “Möhtərəm cənab Prezident! Biz Sizinlə, sözün əsl mənasında, fəxr edirik. Bu gün biz məhz Sizin uzaqgörən siyasətinizin nəticəsində sağlamıq, sevdiklərimizin əhatəsindəyik. Bu çətin günlərdə istər karantində olan, istərsə də evdə qalan vətəndaşlarımız xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Həmin diqqət və qayğı xeyirxah, nəcib işlər görən, xalqın xeyri üçün əlindən gələni, hətta ondan da artığını edən, ən əsası isə ulu öndər Heydər Əliyev yolunun uğurlu davamçısı olan bir liderin sayəsində mümkün oldu. Sizin Prezidenti olduğunuz bir ölkədə yaşamağımızla qürur duyuruq. Yaşasın müstəqil Azərbaycanın Prezidenti və onun ətrafına sıx birləşən Azərbaycan xalqı!”

Şəmkir rayonundan Könül Məmmədova, Günay İsayeva, Xatın Hüseynova və Vüsalə Yolçuyeva: “Möhtərəm cənab Prezident! Sizə Şəmkir rayonunun müəllim, tələbə və şagirdləri adından müraciət edərək təşəkkür etmək istəyirik. Sizin sayənizdə xalqımız koronavirus xəstəliyindən az zərərlə qurtulacaq. Siz şagirdləri, tələbələri xəstəlikdən qorudunuz, lakin heç kim təhsildən kənarda qalmadı. Sizin vətəndaşlara, xalqımıza nə qədər dəyər verdiyinizi hamı gördü. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız addımlar Sizin xalqa sevginizi bir daha nümayiş etdirdi. Cənab Prezident, Allah Sizi daim qorusun! Çox sağ olun.”

Ağdam rayonundan Əli Rzayev, Qəmər Səfərova və Rəfail Zeynalov: “Möhtərəm cənab Prezident! Son aylarda dünyanı bürüyən qorxulu koronavirus xəstəliyinə qarşı mübarizəniz, gecə-gündüz öz xalqınızı qorumağınız bizə yaxşı məlumdur. Bu zəhmətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu gərgin zəhmətin arxasında xalqın iqtidara olan inamı, sevgisi, etibarı dayanır. Cənab Prezident, bu çətin günlərdə biz xüsusi qayğı hiss edirik. Aldığımız yardımlar həm də mənəvi dəstək idi. Biz ağdamlılar həmişə Sizin yanınızdayıq. Sizin səmərəli fəaliyyətinizlə bizi qarşıda daha gözəl günlər və Qarabağa qayıdış gözləyir. Allahdan Sizə güc və sağlamlıq arzulayırıq.”

Bakı şəhərindən İlham Tağıyev: “Möhtərəm cənab Prezident! Mən bir neftçi kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir. Çünki bu mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb. Çox sevindirici haldır ki, Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr arasında ilk yerlərdə olması məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsindədir. Cənab Prezident, "Biz birlikdə güclüyük!" çağırışınızla xalqımızın malik olduğu ən ülvi dəyərləri səfərbər etdiniz. Həmçinin, ölkədə əhalinin bütün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam və etibarı ikiqat artırdı. Azərbaycanlılar Sizinlə və Mehriban xanımla qürur duyur, fəxr edir. Bizi, Azərbaycan xalqını bu cür diqqət və qayğı ilə əhatə etdiyiniz üçün ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm. Möhtərəm cənab Prezident, güclü dövlətçiliyimiz, yüksək rifahımız naminə Sizə və əzizlərinizə, xalqımıza möhkəm cansağlığı diləyirəm. Allah Sizi və Azərbaycan xalqını qorusun!”

Bakı şəhərinin Xətai rayonundan Firdovsi Həsənov, Gülşən Ağayeva, Səməd Cabbarov, Rahilə Mahmudova və Abil Əliyev: “Hörmətli cənab Prezident! Sizin koronavirusla bağlı qabaqlayıcı tədbirləriniz çoxsaylı insan tələfatının qarşısını aldı. Bu işinizə görə bu gün Azərbaycan bir çox ölkələrə örnək göstərilir. Siz insanların sağlamlığını iqtisadi fəallıqdan, maddi gəlirlərdən üstün tutdunuz. Biz çox xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz ölkədə yaşayırıq. Çox fərəhləndirici haldır ki, xalqın malına göz tikən, vəzifəsindən sui-istifadə edən rüşvətxor məmurlara qarşı mübarizəni də uğurla davam etdirirsiniz. Son günlərdə bir neçə vəzifəli şəxsin məsuliyyətə cəlb olunması cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Əziz Prezidentimiz, biz vətəndaşlar əminik ki, dünyaya Günəş kimi doğan Azərbaycanın qarşısını kəsməyə, şəfəqini azaltmağa çalışan qara buludlar tezliklə dağılacaq, ölkəmiz hər zaman açıq səmada parlamaqda davam edəcək. Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə yeni-yeni uğurlar, sağlam və uzun ömür arzulayırıq.”

Bərdə rayonunun Samux kəndindən Seymur Məmmədov: “Hörmətli cənab Prezident! Sizin tapşırığınıza əsasən respublikamızın bütün regionlarında müasir avtomobil yollarının, körpülərin, keçidlərin yüksək keyfiyyətlə tikilməsinin şahidi oluruq. Tapşırığınıza əsasən Bərdə rayonunun Samux kəndində də uzunluğu 4 kilometr olan yeni yol tikilib. Bu yolun tikintisi kənd sakinlərinin hədsiz sevincinə səbəb oldu. Görülən işlərə görə kəndimizin camaatı adından Sizə dərin minnətdarlığımızı bildiririk. Samux kəndinin sakinləri adından Sizə bitməz-tükənməz yollar qədər uzun ömür, cansağlığı və ailə səadəti arzulayırıq. Çox sağ olun, cənab Prezident.”

Ucar rayonundan Aysu Ramazanova və Saleh Qardaşov: “Möhtərəm cənab Prezident! Koronavirus pandemiyası dövründə bizə arxa-dayaq olduğunuza, hər birimizə xüsusi diqqət yetirdiyinizə, hər kəsin problemini həll etməyə çalışdığınıza görə Sizə minnətdarıq. Siz Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini, rifahını hər şeydən üstün tutur və buna nail olmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Biz də Sizə inanır, güvənir və Sizinlə fəxr edirik. Allah Sizi və xalqımızı qorusun!”

Füzuli rayonundan Hörmət Səfərov, Eynulla Cəfərov, Miralı Nəsirov, Hüseyn Əliyev, Əsəd Kazımov, Rahib Mehdizadə və Mədəd Məmmədov: “Hörmətli cənab Prezident! Sizin geniş dünyagörüşünüzə, sağlam düşüncənizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız xalqımızın sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu istiqamətdə atdığınız addımlar, gördüyünüz qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımız, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin, tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun!”

Masallı rayonunun Bədəlan kəndindən Firdovsi Cəbrayılov: “Möhtərəm cənab Prezident! Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlər görüldü. Sizin apardığınız uğurlu siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, sosial sahədə böyük nailiyyətlər əldə olunub. Bütün dünyanı cənginə alan koronovirus bəlasından xalqımızı qorumaq üçün vaxtında verdiyiniz qərarlar və tapşırıqlar bir Azərbaycan vətəndaşı kimi bizi çox sevindirdi. Çox sevindirici haldır ki, iqtisadi gücü ilə öyünən bir çox dövlətlər belə ölkəmizin bu pandemiyaya qarşı apardığı mübarizə üsulundan faydalanırlar. İnanıram ki, Sizin hərtərəfli düşünülmüş siyasətiniz nəticəsində ölkəmiz postpandemiya dövründə öz iqtisadi gücünü sürətlə bərpa edəcək. Son günlər kəndimizin sakinlərinin maddi rifahının təmin olunması üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımlar kənd camaatı tərəfindən böyük sevinclə qarşılandı. Buna görə kənd sakinləri adından Sizə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk. Cənab Prezident, hər zaman olduğu kimi, bu ağır günlərdə də xalqın yanında olaraq hər bir vətəndaşın sağlamlığı, təhlükəsizliyi və sosial rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, bizi qoruduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk. Vətənimizin daha xoşbəxt sabahı üçün həyata keçirdiyiniz tədbirləri görür, alqışlayır və Sizin ətrafınızda sıx birləşmişik. Sizə işlərinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun!”

Bakının şəhərinin Xəzər rayonunun Qala qəsəbəsindən Qorxmaz Ağayev: “Möhtərəm cənab Prezident! Koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Təbii ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir çətinlik hiss etmədi. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır. İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə aylıq 190 manat vəsaitin verilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır. Sizə bir daha minnətdarlığımı bildirir, yürütdüyünüz siyasətin uğurlarının daha bol olmasını arzu edirəm. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha güclü və qüdrətli olacaq.”