KÖŞƏ

Zahid Rza

Prezidentimiz xəbərdarlığını etmişdi

02 oktyabr 2020 18:05
1698

Cənubi Qafqazda sülhə və təhlükəsizliyə başlıca təhdidə çevrilən təcavüzkar Ermənistan öz havadarlarının köməyi ilə işğal etdiyi Azərbaycan torpaqlarında kəndləri, qəsəbələri viran edərək azərbaycanlılara qarşı soyqırımı törədib. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi barədə razılığın əldə olunmasına baxmayaraq, erməni tərəfi davamlı olaraq atəşkəsi pozub. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş erməni tərəfinin təxribatlarından sonra Prezident İlham Əliyev işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinə sonuncu dəfə xəbərdarlıq etdi. Amma buna baxmayaraq, sentyabrın 27-də səhər saatlarında Ermənistan qoşunları Azərbaycan mövqelərinə irimiqyaslı hücuma keçdi, kənd və qəsəbələri, o cümlədən dinc sakinləri də atəşə tutdu. Azərbaycan Silahlı Qüvvələri bu təxribata cavab olaraq öz ərazisində əks-hücum əməliyyatına başladı.

Azərbaycanın işi haqq işidir. Silahlı Qüvvələrimiz öz torpaqlarında işğalçılara qarşı mübarizə aparır. Döyüş əməliyyatları sırf Azərbaycan ərazisində gedir.  Silahlı Qüvvələrimizin igidliyi, şücaəti sayəsində Ermənistan ordusu ağır itkilərə məruz qalıb. Bütün bunlarda Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Təcavüzkar Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu işğal edib. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib, etnik təmizləmə həyata keçirib, müharibə cinayətləri törədib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq, Ermənistan hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməmişdir. Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti aparır. Ermənistan işğal olunuş ərazilərdə Azərbaycanın izlərini yox etməyə çalışır, təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törədir, qəsdən Azərbaycanın mülki əhalisi və obyektlərini atəşə tutur. İşğalçı dövlət danışıqlarda maraqlı deyil və süni olaraq status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır. Cinayətkar Ermənistan rejimi Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparır, bu ərazilərdə intensiv şəkildə İraq, Suriya və Livandan müxtəlif hərbi qruplaşmalar yerləşdirilir. Ayrıa-ayrı ölkələrdən erməni icmaları münaqişə zonasında döyüşlərdə iştirak etməsi üçün silahlıları bu bölgəyə göndərir.

Prezident İlham Əliyev   bu yaxınlarda yerli telekanallara son müsahibəsi zamanı və BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videoformatdakı çıxışında bütün beynəlxalq təşkilatlara, Ermənistanın havadarlarına və Minsk qrupunun həmsədrlərinə xəbərdarlıq edərək işğalçı dövlətin bir daha Azərbaycana qarşı təxribata əl atacağı təqdirdə bu dəfə tamamilə fərqli cavabla qarşılaşacağını, Azərbaycanın daha adekvat cavab verəcəyi xəbərdarlığını etmişdi. İşğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımını törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələri məhv etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etməsi ilə yanaşı, həm də vurğulamışdı ki, əks halda Azərbaycanın torpaqlarını digər vasitələrlə, yəni müharibə ilə azad etmək hüququnu icra etməsindən başqa yolu qalmayacaq. İndi müzəffər Azərbaycan Ordusu rəşadətlə, şücaətlə məhz o yol ilə irəliləyir.