12 mart 2019 10:18
1043

Prezidentin bölgələrə hər səfəri yenilik və inkişafa xidmət edir

Dövlətin sosial siyasətinin davamlı olması və eyni zamanda, bütün ölkəni əhatə etməsi Prezident İlham Əliyevin 2019-cu ilin ötən dövründə imzaladığı sosialyönümlü Fərman və sərəncamlarda özünü daha açıq şəkildə göstərir. Ölkə başçısı açıq mətnlə bildirib ki, 2019-cu il Azərbaycan vətəndaşları üçün sosial rifah ili olacaqdır. Artıq bu istiqamətdə işlər davam etməkdədir.

Məhz əhalinin ən həssas təbəqəsi olan şəhid ailələrinə Prezidentin diqqət və qayğısı yeni ildə də özünü göstərib. Bu gün şəhid ailələrinə ayrılan sığorta haqlarının verilməsi prosesi sürətlə və şəffaf qaydalarla aparılır. Prezidentin digər Fərmanına əsasən, 2019-cu ildə şəhid ailələrinə verilən müavinətlər 242 manatdan 300 manatadək artırılıb. 2019-cu ildə şəhid ailələrinə 800 mənzilin verilməsi də planlaşdırılır. Həmçinin bu il məcburi köçkünlərə də dövlət dəstəyi geniş miqyasda davam edəcəkdir. Belə ki, cari ildə 7 minədək köçkün ailəsi yeni mənzillərlə təmin olunacaqlar.           

Cənab Prezidentin cari ildə ölkə vətəndaşlarına göstərdiyi digər önəmli dəstək isə problemli kreditlərin həllinə dair Fərmanı oldu. Təqribən 1, 2 miyard manatadək problemli kreditin həm bankların, həm də dövlətin hesabına həlli insanları çox ciddi sosial çətinlikdən qurtarmış oldu.

Həmçinin illərdir aldıqları mənzillərin qeydiyyata alınması və onların özəlləşdirilməsi prosesində ciddi problemlərin olması da vətəndaşları ciddi şəkildə narahat edən digər ciddi məsələ idi. Bununla bağlı da Azərbaycan dövləti insanlara öz dəstəyini əsirgəmədi. Məhz cənab Prezidentin fevralda imzaladığı “Bəzi çoxmənzilli binaların istifadəyə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı da təqribən 400-dək binanın, o cümlədən 50 minədək yeni mənzil sahibinin illərdir həllini gözləyən probleminin həllinə hesablanıb.

2019-cu ildə tələbələrin, müharibə veteranlarının, pensiyaçıların, əlillərin təqaüdlərinin bir xeyli artırılması və minimum əmək haqqının 130 manatdan 180  manatadək qaldırılması kimi önəmli addımlar ölkə əhalisinə maddi durumlarını daha da yüksəltməyə yeni imkanlar açdı.

Məhz bu ilin 2 ayı ərzində Azərbaycan dövlətinin irəli sürdüyü sosial paket əvvəlki illərə nisbətən daha geniş miqyası əhatə etdi. İnsanlar əmindirlər ki, Azərbaycan dövlətinin iqtsadi imkanları genişləndikcə Prezident İlham Əliyevin bu tip Fərman və sərəncamları davamlı olacaqdır. Çünki artıq bu, bir dövlət siyasətidir ki, vətəndaşlar hər  yeni ildə öz həyatlarındakı sosial yüksəlişi əhəmiyyətli şəkildə hiss etsinlər.

Cənab Prezidentin sosial siyasətinin digər diqqətçəkən məqamı isə xalqın içərisində olması, onların problemlərini, təklif və təşəbbüslərini şəxsən dinləməsi və reaksiya verməsidir. Yəni bu, bir xoş mənzərədir ki, ölkə başçısı bölgələrə mütəmadi səfərləri zamanı vətəndaşlara verdiyi sözləri əməli olaraq sonadək tam icra etdiyini, özünün iş normalarından birinə çevirdiyini nümayiş etdirir.

Məhz son bir neçə ayda vətəndaşlarla Beyləqanda, Şamaxıda, Sumqayıtda, Ağsuda açıq havada, tam səmimi bir mühitdə keçirdiyi görüşlər cənab Prezidentin xarizmatik bir lider olduğunu göstərir. Ölkəmizin başçısı rayonlara səfərlərində yerli sakinlərə sosial obyektlərin tikintisi ilə bağlı hansı vədləri vermişdisə onların istifadəyə verilməsi mərasimində iştirak etməklə nümayiş etdirir ki, verdiyi sözə sadiqdir, xalqın rifahı naminə daim fəaliyyətdədir.

Əvvəldə qeyd etdiyim kimi, dövlət başçısının yerlərdə vətəndaşlarla canlı təmasları müasir Azərbaycanın dövlət idarəçiliyi sistemində əhəmiyyətli hadisədir. Prezident İlham Əliyev hər dəfə rayonlara səfərlərində vətəndaşları canlı ünsiyyətə dəvət edir. Bildirir ki, əgər o vaxt mənim qarşımda bu sosial məsələləri qaldırmasaydınız bəlkə də bu sosial obyektlər tikilməyəcəkdi. Bununla da cənab Prezident vətəndaşları çəkinmədən öz problemlərini onunla bölüşməyə dəvət edir. Məhz ötən həftə mədəniyyət və incəsənət xadimləri ilə görüşəndə də onun səmimi bir ortam yaratması imkan verdi ki, bəzi mövcud problemlərə dövlət müdaxilə etsin. Nəticədə teatr aktyorlarının əmək haqları artırıldı, teatrların maddi-texniki bazasının zənginləşməsi üçün 2 milyon manatadək vəsait ayrıldı.

Ötən həftə Prezidentin Ağsuya və Şamaxıya səfərləri zamanı insanlarla görüşləri, onların məktublarını əlbəəl qəbul etməsi insanlarda xoş bir ovqat yaradır. Vətəndaşlar inanırlar ki, ölkə başçısı onların hər birinin problemini diqqətə saxlamaqla qısa müddətdə həllinə nail olacaqdır.

Həmçinin rayonlardakı görüşlərdə ağsaqqalların, ağbirçəklərin tövsiyələrini dinləməyə üstünlük verən cənab Prezident bir çox işlərdə onların xeyir-dualarını almağı da unutmur. Bütün bunlar isə Prezident-xalq birliyinin həm yenilməz güc mənbəyi olduğunu, həm də problemlərin həllinin əsas şərti olduğunu  təsdiq edir.

İndi hər kəs dövlət başçısının bölgələrə səfərlərinə regionların sosial-iqtisadi mənzərəsini real olaraq dəyişən hadisə kimi baxır. O da dəqiqdir ki, Prezident bölgələrə səfərlərində insanların hər bir təşəbbüsünə xüsusi önəm verir, xalqın qaldırdığı hər bir məsələni necə və nə vaxt icra edəcəyi barədə özü üçün fəaliyyət planı hazırlayır.

Elçin Zaman, “İki sahil”