19 mart 2020 17:11
870

Prezidentin bu addımı çoxşaxəli təsirə malikdir

“Əgər indiyə qədər koronavirus təhlükəsi ilə mübarizədə əsas ağırlıq dövlət tibb müəssisələrinin işçilərinin üzərinə düşürdüsə, Prezidentin dünən imzaladığı sərəncam virusa qarşı mübarizə prosesinə özəl tibb müəssisələrinin şəxsi heyətinin də səfərbərliyə alınmasına və cəlb olunmasına böyük təsir göstərəcək”.

Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor vurğulayıb ki, Prezident İlham Əliyevin atdığı addım çoxşaxəli təsirə malikdir: “Bu, həm də dövlətin həqiqətən sosial sahə işçilərinin vəziyyətinin fasiləsiz şəkildə qayğısına qaldığını göstərir. Eyni zamanda koronavirusa qarşı mübarizədə cəmiyyətin yeni-yeni potensial imkanlarının səfərbərliyə alınmasına yönəlmiş addım olaraq çox əhəmiyyətlidir. Ölkə başçısının tibb işçiləri ilə bağlı verdiyi qərar həm COVID-19 təhlükəsinə qarşı mübarizə işinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək, həm də cəmiyyətin bütün imkanlarının bu işə səfərbərliyə alınması kontekstində böyük təsirə malikdir”.